ABŞ, İsrail və İran qarşıdurması və Cənubi Qafqazda yaranan yeni vəziyyət və çağırışlar” mövzusunda elmi seminar keçirilib
21 sentyabr 2026-cı il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” və “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbələrinin birgə elmi-nəzəri seminarı keçirilmişdir. Məruzəçi Eynulla Mədətli bildirmişdir ki, birgə seminar təşəbbüsü professor Rəna Mirzəzadəyə məxsusdur və təcrübə göstərir ki, bu daha faydalıdır.
Seminarda “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsinin müdiri, t.e.d. Eynulla Mədətli “ABŞ, İsrail və İran qarşıdurması və Cənubi Qafqazda yaranan yeni vəziyyət və çağırışlar” mövzusunda ətraflı məruzə ilə çıxış etdi.
Məruzənin giriş hissəsində t.e.d. E.Mədətli qeyd etdi ki, ölkəmizdə sentyabr ayının 20-si Dövlət Suverenliyi Günü kimi qeyd edilir və vurğuladı ki, Azərbaycanın dövlət suverenliyinin bərpası və qorunması böyük tarixi əhəmiyyət daşıyır. Ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunub saxlanılması daima etibarlı şəkildə təmin edilməlidir və bu sahədə Prezident İlham Əliyevin məqsədyönlü və milli maraqlara söykənən uzaqgörən siyasəti yüksək təqdirəlayiqdir.
Seminar mövzusuna dair t.e.d. E.Mədətli bildirdi ki, ABŞ, İsrail və İran qarşıdurmasının uzunmüddətli davam etməsi nəticəsində Yaxın Şərqlə yanaşı, Cənubi Qafqaz üçün də yeni təhlükəsizlik riskləri yaranmışdı. Regionda artan geosiyasi gərginlik enerji marşrutları, sərhəd təhlükəsizliyi və iqtisadi sabitlik baxımından Azərbaycan üçün əlavə çağırışlar formalaşdırır və AzərbaycanRespublikasının xarici siyasəti bu istiqamətə xüsusi önəm verir.
Seminarda “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” və “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbələrinin əməkdaşları şöbə müdiri, f.e.d., prof. R.Mirzəzadə, baş elmi işçilər, f.e.d. Z.Ağayeva, f.e.d., dos. L.Mövsümova, aparıcı elmi işçilər, f.ü.f.d. T.Qasımova, f.ü.f.d., dos. Ə.İbrahimov, s.e.ü.f.d., dos. Ş.Bağırov, s.e.ü.f.d. E.Əsədov, elmi işçilər N.Əlicanova, S.Quliyeva, kiçik elmi işçi C.Hüseynli Kazımova, laborant M.Əliyeva, şöbənin doktorantları iştirak etmişlər.
Seminar mövzusu ətrafında diskussiyalar olmuş, geniş müzakirələr aparılmışdır.



