Yaddan çıxmayan Qarabağ - Könül Bünyadzadə yazır
Yaddan çıxmayan Qarabağ - Könül Bünyadzadə yazır
İşğaldan azad olunan torpaqlara ziyarəti neçə müddət idi planlayırdım, nəhayət, bu il yay tətilində qismət oldu. Kiçik səyahətimdən yaranan təəssüratlar neçə illərin düşüncələrini, xatirələrini də oyatdı, hamısı çulğalaşıb kiçik bir məqalə halına düşdü.
İşğaldan öncə
Uşaqlıqda otağımızın bir divarına boya boy dünya xəritəsini, digərinə isə Azərbaycan xəritəsini asmışdıq. Bu xəritələr üzərində okeanların sahillərini kəşf edir, Jül Vernin qəhrəmanlarının marşrutunu izləyirdik, Azərbaycanın ən kiçik kəndlərini də tapmaqdan zövq alır, oyunlar uydururduq. Azərbaycan xəritəsində xüsusi bir maraqla iki məkan üzərində tez-tez dayanırdıq: Naxçıvan Muxtar Respublikası və Dağlıq Qarabağ Muxtar Vilayəti. Həvəslə hər ikisinin rayonlarının adlarını, əhalisinin sayını, başqa rayonlardan nə ilə fərqləndiyini müzakirə edirdik. O vaxtlar mənim həkim olan dayım və əmim də Qarabağda işlədiyinə görə, oralar daha da doğmalaşmışdı. Mən ikinci sinifdə oxuyanda, 1982-ci ildə Anar Rzayevin "Üzeyir ömrü" filmi nümayiş olunanda sanki vizual bir ensiklopediya təqdim olundu: Qarabağın tarixi şəxsiyyətləri, təbiəti, musiqisi evimizin düz içinə gəlib çıxmışdı.
Bəlkə də xəritəni, mədəniyyəti belə yaxşı bildiyimə görə, 5-ci sinif coğrafiya kitabında olan bir fotoşəklin altında "Stepanakert, Dağlıq Qarabağ, Ermənistan SSR" sözlərini oxuyanda qalxıb müəllimə xəbər verdim ki, burada səhv yazılıb. Müəllim saymazyana, gülə-gülə dedi ki, "bu, onların köhnə arzusudur, fikir verməyin, ora Ermənistan deyil". Biz o vaxtlar kitabları məktəbin kitabxanasından alıb, ilin sonunda da ora təhvil verirdik. Bizim coğrafiya kitabımız da dünən çap olunmamışdı, artıq köhnəlmişdi, deməli, bir neçə il idi ki, şagirdlər bu məlumatı belə ciddi səhvlə öyrənirdilər: "Stepanakert, Dağlıq Qarabağ, Ermənistan SSR". Mən bir uşaq tərsliyi ilə "Bunu düzəltmək lazımdır, bu, necə Ermənistan ola bilər, onların sərhədindən çox uzaqdadır axı", - deyə israrla yerimdə oturmaq istəmirdim. Nəhayət, müəllim mənə əsəbiləşdi, yerimdə oturtdu: "Onların belə hiyləsi çoxdur, it hürər karvan keçər", deyib dərsinə davam etdi. Olanları evdə danışanda anam heç təəccüblənmədi, dedi hələ mən məktəbdə oxuyanda, Göyçənin Qanılı kəndində, bizim rus dili müəllimimiz Qarabağdan gəlmiş erməni idi. Ondan soruşanda ki, Qarabağ haradır, deyirdi, ora da Ermənistanın bir rayonudur, amma Azərbaycanın içindədir. Atam da tarixdən nümunələr gətirdi, ermənilərin bir vaxtlar Qərbi Azərbaycanda azərbaycanlıları necə vəhşicəsinə öldürdüklərindən danışdı. Mənim gücüm isə gecə xəlvətcə o səhifədə Erm. SSRİ qaralayıb Azərb. SSR yazmağa çatdı. Bəli, müəllimin dediyi həmin it hürdü də, bir neçə il sonra karvanı yolundan etdi də, hətta o karvanın insanlarını qapdı da, çünki arxalı köpək idi.
Böyüyəndən sonra bildim ki, sən demə, Qarabağ ermənilərin şirin xəyalı, 1813-cü il Gülüstan müqaviləsindən üzü bəri qəti planlar sırasında birinci yer tutan, məqsədli fəaliyyətin aparıcı xətti olan bir məkan imiş. Mən nə Gülüstan, nə də Türkmənçay müqavilələrinin əslini bilirdim, çünki Azərbaycan tarixi müəllimim erməni idi və bu əhəmiyyətli hadisələr bizə uzaq, birbaşa aidiyyəti olmayan Napoleonun yürüşləri, Avropada baş verən inqilablar kimi tədris olunurdu.
İşğal dövrü
Sonrakı hadisələr, çap səhvi deyib gizli planlarının uşaqlara təlqin edilməsi, rayonların, məkanların adlarının erməniləşdirilməsi və bununla Qarabağ mədəniyyətinin qətliamı, aparıcı kürsülərdən azərbaycanlıları uzaqlaşdırmaqları təsdiq edir ki, işğal 1988-ci ildə Topxana meşələrinin qırılması ilə başlamayıbmış. O ağacların qırılması uzun illər ərzində gedən hadisələrin üzə çıxan kiçik bir səsi imiş. Bəlkə də ermənilər daha sakit fəaliyyət göstərsəydilər, əvvəlki hiyləgər siyasətlərini davam etdirsəydilər, Azərbaycan Qərbdə, Şimalda əsrlər boyu əlindən verdiyi, hədiyyə etdiyi digər torpaqları kimi, Qarabağı da arada-bərədə itirərdi. Elə hazırlıqsız olduğumuzu nəzərə alaraq ermənilər Gəncənin, Yevlaxın, hətta Bakının işğalından əmin-arxayın şəkildə danışırdılar. Yəqin ki, Haqq dözmədi bu qədər ədalətsizliyə və olanlar olmağa başladı.
Beləcə, torpaqlarımız qarış-qarış yox, qulac-qulac, ağac-ağac, mənzil-mənzil işğal olundu. Şəhidlərimizin sayı artdı, artdıqca adiləşdi, adiləşdikcə hörmətdən düşdü. Narahat ruhları kimsə nə gördü, nə eşitdi. Dinc əhalinin qırılanı qırıldı, qalanları yerindən yurdundan qovuldu, oğullar itkin düşdü, evinin xanımı, xınalı quzusu olan övladlar əl açıb xarici şirkətlərdən qaçqın payı almağa alışdı - adi vətəndaş yox, qaçqın statusu ilə yaşamağa məhkum olundu. Qarabağ sözündən insanlarda qıcıq, əsəb yarandı. Xalq alçaldıldı, baş qaldırmağa nə gücü qaldı, nə arxası. Çinar qürurlu xalqı qurd kimi içindən ümidsizlik yedi. Ta ki, millətin özünə arxa-dayaq bildiyi Ulu Öndəri hakimiyyətə gələnə kimi.
Çökmüş, parçalanmış, öz kimliyini unutmuş xalqı dirçəltmək, oyatmaq, özünə inam yaratmaq üçün düz 30 il lazım gəldi. Xain qüvvələr bu əməyi puç eləmək üçün əlindən gələni edirdi, bəlkə də ona görə müddət bu qədər uzandı, çünki xalqın özəyi sağlam idi, sadəcə, onun baxışlarını xaricdən - Avropa Şurasından, ATƏT-in Minsk qrupundan, sərhədin o tayından yığışdırıb, elə öz içinə, özünə yönəltmək lazım idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev də məhz bunu etdi.
Müharibə dövrü
27 sentyabrda Azərbaycanın cavab atəşi başlayanda "ənənəvi atəşkəsin pozulması halı" kimi qəbul etdik. İlk alınan kəndlərdən sonra, ümidlər daş altındakı çiçək kimi boy atdı. Çünki Ülvi Bünyadzadə demiş, o çiçəyin "kökü dururdu, canı ölsə də". Müharibənin hər gününü bütün ruhumuzla izləyirdik, hər qələbə xəbəri susuz çöllərə düşən su kimi udulurdu, udulduqca həyat, ümid cücərirdi. Daha sonra qələbə xəbərlərini birbaşa Ali Baş Komandanın özü elan etməyə başladı - şanlı ordunun Komandanının hər kəsin gözü qarşısında olması xalqa xüsusi güc, qüvvət verdi. Şəhidlərimizin olduğunu hər birimiz bilirdik, canlı şahidi olurduq. Onları bütün ruhumuzla ağlamaqla, ürək ağrısı ilə yola saldıqca, bir daha əmin olurduq ki, qanla suvarılan bu yol artıq son qələbəyə qədər davam edəcək, əliboş qayıtmaq mümkün deyil, cinayət, nakam ruhlara xəyanət olar.
Bu hadisələrdən cəmi bir neçə ay əvvəl, general Polad Həşimov namərd gülləsi ilə qətl ediləndə, dünyanın dibinə çökmüşdük - bir ordunun generalı güllələnirsə, hansı qələbədən danışmaq olar?! Ancaq olarmış, həm də möhtəşəmindən. Bir güllənin səsi ilə bütün baxışlar yönəldi Qarabağa. Hamı birdən-birə birləşdi, çiyin-çiyinə durdu, qətiyyətlə yuxarı qalxmış Dəmir Yumruğun yerə enəcəyi anı gözləyib, öz gücünü onun gücünə qatmağa çalışırdı. Hər kəs heyrətlə, qürurla, həyəcanla nəfəsini içinə çəkib ordumuzun sürətlə irəliləməsini izləyirdi. Eyni kadra 10 dəfə, 100 dəfə baxmaqla sanki növbəti xəbərə qədər qələbə zəncirinin qırılmamasına çalışırdı. Dillərdə ancaq qələbə sözü dolaşırdı. Bir də gizli bir qürur varıydı içimizdə: "Bütün bu silahı, bu gücü, bu strategiyanı bizim Prezident nə vaxt topladı? Necə hazırladı? Bu 30 il boşuna keçməyibmiş! Nəhayət, gücümüzü göstərmək üçün meydan açıldı. Həqiqətən, xalqın Lideri düzgün zamanı, düzgün taktikanı, düzgün müharibə aparmaq üsulunu seçməyi bacardı!"
Nəhayət, o gün gəldi və Ali Baş Komandan ekranlardan hər kəsə səsləndi: "Ata vəsiyyətini yerinə yetirdim! Şuşa bizimdir!" Bütün gecə gözlərimizi yummadan düşmənin təslim aktını imzalama prosesini izlədik, içimizdəki sevincimiz evimizə sığmadı, heç bir qadağaya baxmadan, hamı axışdı küçələrə, göz yaşı gülüşə qarışdı, yad adamlar doğmalaşıb qucaqlaşdı. Azərbaycan xalqı öz Lideri ilə birləşib öz şərəfini, ləyaqətini qorudu, narahat ruhları sakitləşdirdi, ağlayan torpağının göz yaşını sildi. Qələbə günü heç vaxt Qarabağı görməyən Anam da ağladı. Sevincək Bayrağımızı evimizin yuxarı başından, düz tavandan asdım. Hər zaman oğlu üçün göz yaşı tökən Ana indi bircə kəlmə dedi: "Ülvi qayıtdı!" Bəli, xalqından incik düşən nakam ruhlar da xalqı ilə barışıb bərabər sevinirdi o gün.
Müharibədən sonra
Müharibə günlərində bütün dünya Qarabağı izləyirdi. Müharibə bitdi, ölkə başçısı o diqqəti yayınmağa qoymağı, sadəcə, obyektin təqdimatı dəyişdi. Jurnalistlər, diplomatik korpusların nümayəndələri, QHT-lər, alimlər, yaradıcı şəxslər Qarabağa axışdı. Kiməsə 30 il ərzində bu torpaqlarda törədilən vandalizm, vəhşilik göstərilirdi, kimsə o torpaqlarda gedən tarixi döyüşlərin nəfəsini, hələ çəkilməmiş barıt qoxusunu hiss etmək istəyirdi. Bütün bu ziyarətçilərin arasında iki tip insanların ziyarəti mənim bütün ruhumu yerindən oynadırdı: bu torpaqlardan ağlaya-ağlaya, ayağı yalın qaçan şəxslərin qürurla qayırması və ruhu əbədiyyən bu dağlarda məskunlaşan balasının son izini axtaran şəhid anaları, ataları.
İstər-istəməz hər kəsdə bir sual ani də olsa, ağlının ucundan ötürdü: "Buralar nə qədər təhlükəsizdir? Birdən yenə..." Tam o vaxtlarda cənab Prezident öz xanımı ilə işğaldan azad olunan, yeni-yeni quruculuq işləri başlayan torpaqlara səyahətlər etməyə, tədbirlər təşkil etməyə başladı. Bu, bir çağırış, təhlükəsizlik, güvənlik rəmzi idi. Könül rahatlığı, sakit təbəssüm, ara-sıra şirin zarafatlarla müşayiət edilən bu səfərlər, tədbirlər sanki Qarabağı ikinci dəfə qaytarırdı azərbaycanlılara. İnsanlar əmin olurdu ki, həqiqətən oralar bizimdir, artıq çayında əlimi yuyub, bulağından su içə bilərəm.
30 il ərzində qurulan siyasət, formalaşan ordu saat kimi dəqiq işləyib Qarabağı çox sürətlə, cəmi 44 günə aldı, yerdə qalan düşmənlərin qalıqları da ildırım sürəti ilə təmizləndi. Amma təəssüf ki, viran qoyulmuş obalar, ağacı qırılıb, yerinə mina əkilən çöllər, torpaqlar eyni sürətlə qurula bilmir. Əslində, sürət də var, keyfiyyət də, sadəcə, quruculuq daha böyük əmək, tədbir, səbir tələb edir. Bir vaxtlar xarabalığı xatırladan şəhərlərdə azan deyilir, muncuq kimi işıqlar yanır, uşaqlar məktəbə gedir, yeni küçələr, parklar salınır, dağların içindən, başından, ətəyindən yollar salınır. Qarabağa həyat qayıdır.
Nəhayət, mən də o torpaqları görmək, artıq barıt, qan qoxusu yox, kəkotu, yovşan ətri gələn dağları görmək istədim. Dayaq yerimi Laçın seçib oradan hər yerə gedəcəkdim. Oralarda təbiət bir cür heyran qoydu məni, gedən quruculuq işləri isə bir başqa cür. Buraların dağına, dərəsinə çökmüş tarixi görməyə, oxumağa çalışırdım. Laçın yolunda jurnalist Salatın Əsgərovanın son nəfəsini duydum, İsa Bulağının ətrafında düzülən fincanların üstündə şəhid oğulların adları ilə yanaşı, onların unudulmasından qorxan anaların ümidini oxudum, Şuşa küçələrində öz sakitliyində xumarlanan şəhərin dincliyini izləyib sıldırım qayalara çevrilən igid oğullara baş əydim, Yuxarı Gövhər Ağada iki rükət ziyarət namazımı qıldım, Füzulinin qara külü çıxmış evlərinin fonunda ağ duvaqlı təzə gəlinə oxşayan yeni binalarına tamaşa elədim, Xankəndidə möhtəşəm Qələbə tağına doğru pillə-pillə zəfər yolu keçdim.
Bunları yaşaya-yaşaya iki məqam diqqətimi yaman çəkdi, içimi sızlatdı. Birincisi, ünsiyyətdə olduğum yaşlı bir sakin sanki bütün olanlara fərqli bir pəncərə açdı mənim üçün. Həmsöhbətim evinin eyvanından sağı solu işarə edə-edə danışırdı: "Bax, orda Rəna xalanın eviydi, o tərəfdə Həsən dayıgil yaşayırdı. Sürəyya xala qəşəng çörəklər, şirniyyatlar bişirirdi, elə yuxarı hasarın üstündən də bizə verirdi. İndi o evlərin heç izi-tozu yoxdu, kürünüb elə bil". Sonra keçdi qaçqınlığın ağrılı, acılı günlərinə. Ondan 5 dəqiqə sonra, elə həmin qadının nəvəsi, Universitetin Turizm fakültəsinə qəbulunu gözləyən gənc xanım qız həvəslə bir gün burada necə işlər görəcəyi, xarici ölkələrdə eşitdiklərini buralarda da tətbiq edəcəyi barədə planlarını sadalayıb tökürdü. Bir şeyi anladım. Yaşlı şəxslərimiz üçün buralarda çox ağırdı, çünki qırıq, yaralı xatirələr, yarımçıq arzular, gördükləri dəhşətlər onlarla bərabər yaşlanıb. Buralara gənclər gəlməli, yeni xatirələr qurulub, yeni arzular doğulmalıdır.
Məni silkələyən ikinci məsələ isə artıq qurulmuş, istifadəyə verilmiş məkanlara olan münasibət oldu. İş elə gətirmişdi ki, mənim Qarabağa səfərim İsveçrədən sonraya düşdü, yəni öz doğma dağlarımızın Alp dağları ilə müqayisəsi öz-özünə yarandı. Təbii ki, öz yurdumuz üstün gəldi. Amma və lakin... Əskik gələn insanların qayğısı, məsuliyyəti, öz ətrafına münasibəti oldu. Mən heç cür təsəvvür edə bilməzdim ki, canla-qanla alınan əraziləri belə asanlıqla çirkləndirməyə, qutu olduğu halda zibili ətrafa atmağa, işıq lampalarını vurub sındırmağa qıya bilərlər. Bizə bələdçilik edən yerli gənc qız "Hamısını edən Bakıdan gələn turistlərdir", dedi və həmin an xətrimə dəyəcəyini düşünüb, "Hamısı elə deyil, xətrinizə dəymək istəmirdim", deyib üzrxahlıq elədi. Mən incimədim, amma düşündüm: bir vaxtlar, "Bakını rayondan gələnlər, qaçqınlar çirkləndirir" deyənlərə əcəb cavabdır.
Biz 30 il ərzində bu torpaqları viran qoyan düşməni söyürük və qurucu olmağımızla fəxr edirik. Bəs sementi qurumadan onu dağıdan, əziyyətlə salınan parkı insafsızca dağıtmağa, şəhidin nəfəsi gəzən o dağlarda varvarlıq edənə nə ad qoyaq?! Xatırlayıram, cərimə ödəyə-ödəyə sürücülərimiz təhlükəsizlik kəməri taxmağa, əhalimiz işıqforda keçməyə, yol qaydalarına az-çox riayət etməyə alışdı. Elə insanlar var ki, sevgidən, eləsi də var ki, qorxudan anlayır. Şəhidlərin qanı ilə alınan bu torpaqlarda sevənlərlə yanaşı, qorxudulmağa layiq şəxslər də gəzirmiş, işləyirmiş. Belə şəxsləri məhz laqeydliyinə, məsuliyyətsizliyinə, öz kefini hər şeydən üstün tutub ətrafı çirkləndirdiyinə görə, cərimə eləmək lazımdır. Həm də artıqlaması ilə!
Bu siyahıya daha bir narahatlığımı əlavə edim, lap coğrafiya kitabında rastlaşdığım hərf səhvi kimi. Xankəndidə gəzəndə əsas yoldan kənara çıxmalı oldum və məhəllələrin arasına gedib çıxdım. Qayıtmaq üçün telefonumda xəritəni açmalı oldum və dəhşətə gəldim: xəritədə küçələr erməni əlifbası ilə, ermənicə yazılmışdı. Niyə?! Hansı haqla?! Bakıya qayıdanda bir-iki rəsmi şəxsdən soruşdum, düzələcək dedilər. Əlbəttə düzələcək, başqa yolu yoxdu, sadəcə, vaxtında ediləndə daha gözəl olur.
Qarabağ Azərbaycanın öz tarixi, mədəniyyəti, təbiəti ilə fərqlənən 14 bölgəsindən biridir. Ancaq onu digərlərindən daha bir keyfiyyət fərqləndirir, daha çox diqqət tələb edir: ən yeni tariximizin ən şanlı səhifəsi orada yazılıb, hamının gözü qarşısında. Bir vaxtlar xanəndələrimizin oxuduğu: "Dünya cənnətə dönsə, yaddan çıxmaz Qarabağ" misrasının biz ildə il canlanmış tarixini yaşadıq. Topxanada ilk qırılan ağacla, son atılan gülləyə qədər o dağların neçə oğullar üçün cənnətə çevrildiyinin və heç cür unudulmayacağının canlı şahidi olduq.

