Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Şərq mədəniyyətinə fəlsəfi baxış” mövzusunda dəyirmi masa keçirilib
Sentyabrın 29-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda görkəmli sənətşünas alim, xalq rəssamı Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Şərq mədəniyyətinə fəlsəfi baxış” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Prezident İlham Əliyevin 30 aprel 2026-cı il tarixli “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının görkəmli xalçaşünas alimin zəngin irsinə dövlət səviyyəsində göstərilən yüksək diqqətin təzahürü olduğunu bildirib. O, Sərəncamın Lətif Kərimovun irsinin yenidən və hərtərəfli tədqiq olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra professor İlham Məmmədzadə tanınmış xalçaşünas alim, xalçaçı-rəssam və tədqiqatçı Lətif Kərimovun Azərbaycan xalça sənətinin inkişafı, onun elmi əsaslarının yaradılması və dünya miqyasında təbliği istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb.
Professor qeyd edib ki, “Şərq mədəniyyətinə fəlsəfi baxış” mövzusu sənət əsərlərinin yalnız estetik dəyərini deyil, həm də onların arxasında dayanan dünyagörüşünü, mənəvi dəyərləri, tarixi yaddaşı və mədəni kimliyi anlamaq baxımından aktualdır. Bu baxımdan Lətif Kərimovun irsinin fəlsəfi aspektdən öyrənilməsi milli mədəniyyətin nəzəri dərkinə və onun gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Tədbirdə Şərq mədəniyyətinin fəlsəfi əsasları, milli-mənəvi dəyərlərin qorunması və Lətif Kərimovun Azərbaycan xalçaçılıq sənətinin inkişafına verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, şöbə müdiri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Adil Əsədov, İnstitutun doktorantı Cəmilə Həşimova, sosiologiya üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə, aparıcı elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mətanət Şəkixanova mövzu ətrafında fikirlərini bölüşüblər.








