05.10.2026, 14:50 - Baxış sayı: 1

 Deyilməyən sözlər


Müqəddəs mətnlərin dediyinə görə, Ulu Yaradan hər şeyi səsdən, rəqəmdən və hərfdən yaradır. Bəzən bunlar təkbaşına, bəzən də köməkləşib hansısa bir ilahi hikməti çatdırırlar, Onun varlığını təsdiq edir, Onu tanıdırlar. Təbiətin qanunu, rənglərin, səslərin ahəngi, sonsuz kainatın harmoniyası məhz bu üçünün içinə sığdırılır. Bəlkə də, Onu məhz bu üç vasitə ilə tanıya bilirik desək, daha doğru olar. Çünki onları görən, eşidən, anlayan, mahiyyəti üzərində düşünən tək varlıq Yer üzündə Allahın xəlifəsi, Onun əmanətinin tək sahibi olan İnsandır. O da öyrəndiklərindən dərs alıb ideyalarını içində dolub daşan yaradıcı enerjisinə yükləyib bu üç vasitə ilə öz varlığını tanıdır, təsdiq edir, sevdirir. Hər nə qədər yaratdıqları Ulu Yaradanın verdiyi imkanlar, üsullarla olsa da, öz kimliyi də bu prosesə qarışır, hər kəsin gördüklərini öz sözləri ilə anlayır və anlatmağa çalışır. Beləcə, sözlərin sahibi ortaya çıxır, onları digərlərindən fərqləndirir, hətta mənası, səslənişi eyni olsa da. Bir qranit heykəltəraş və bənnanın dilində fərqli məna qazandığı kimi. Əvəzində, sözlər də insanları tanıdır, daşıdığı hikmətlə onları seçir. “Evrika” Arximedi, “Ənə-l-Həqq” Həllacı seçdiyi kimi. İnsanı rəzil də edən, nazir də edən onun sözləri olur.

Yaradılışın üsullarını və nəticələrini düşündükcə, məlum olur ki, hər üçünün yolu sözdən keçir. İdeya doğulur, şüurlarda səslənir, ancaq elə ki, sözlərə çevrilir, onda maneələr də ortaya çıxmağa başlayır. Könüllərdə qalıb sızlayan, dilin ucuna qədər gəlib peşman-peşman geri qayıdan, doğulmadan elə ürəklərdə ölüb qalan sözlərdir. Səslər, rəqəmlər rahatlıqla sərhədləri aşıb, hər millətin öz dilində sözə çevrildiyi halda, hərflər şərhə, tərcüməyə möhtac qalır. Bəli, səslərin də, rəqəmlərin də, hərflərin özlərinin, hətta rənglərin də sözə ehtiyacı var, o söz ucadan deyilməsə, səslənməsə belə. Ancaq maraqlıdır ki, tərəzinin gözünə qoyanda, məlum olur ki, deyilməyən sözlər deyilənlərdən daha çoxdur. Hətta mənaları, dəyəri də onlardan qat-qat artıqdır.

Hər insanın kimliyi bir tək sözə sığa bilir, yetər ki, o sözü tapa biləsən. Buna görə də, Füzuli deyir:

Olmayan qəvvasi-bəhri-mərifət arif degil.
Kim, sədəf tərkibi-təndir, lölöi-şəhvar söz.

Şair bir insanın varlığını təyin edən dəyəri – sözü sədəfdəki lələ, inciyə bənzədir. Bu həqiqətdir ki, insan dediyi, dəyər verdiyi sözlə tanınır, amma insanın kimliyi həm də onun demədiyi, bəzən bilərəkdən, bəzən qəsdən, bəzən də məcburiyyət qarşısında demədiyi sözlə ölçülür. Dediyin söz cəmiyyət, ətraf üçündür, demədiyin – özünə və səni eşidən Yaradanına ünvanlıdır. Bax, sən o demədiyin sözdə gizlisən. Deməli, insan dediyi sözdən daha böyük, daha dərin bir varlıqdır. Amma yenə də sözdür. Şeyx Nizami deyir:

Söz – eşqin lüğətindən öz canımızdır bizim,

Biz sözük, bu bədənsə, eyvanımızdır, bizim!

İnsanın ömrü onun mahiyyətini ehtiva edən həmin o tək sözün mənasının açılmasıdır. Kiminsə sadəcə mövcud olmaqla kifayətlənməyini, bir başqasının isə bir millətin səsinə, rəmzinə çevrilməyini məhz həmin sözün mənası təyin edir. Bəzən o söz eşidilmədən, dəyəri bilinmədən bu dünyadan köç edir. Belə insanlar deyilməmiş söz kimidirlər. Sonralar kimsə o sözü onun yerinə deyir, hətta kimlərsə onun yerinə haray çəkir. Sual yaranır: Van Qoqun, Frans Kafkanın, Qalileyin, hətta Motsartın və daha kimlərin sözü yalnız ölümlərindən sonra tanınan əsərləri qədərdirmi, yoxsa daha çoxu demədiklərində, deyə bilmədiklərində qaldı? Qaldı! Müəllifin öz ruhunun nuru ilə çatdırılmayan sözlər sonradan başqası tərəfindən yandırılan şamlara bənzəyir.

Bəzən sözlər hərflərə sığmır, bir sözün yükünü daşımağa bir cümlənin, hətta hekayənin gücü çatmır. Hər sözün öz enerjisi var və üzə çıxana qədər çırpınır, ürəyi deşir, ağlı çaşdırır. Söz dönür olur bir köz, bir qığılcım, özünə yer axtarır, ocağa çevrilə bilməyəndə isə korun-korun tüstülənir. O sözlər gözlərin yaşı ilə, hayqırtıyla, baxışla, musiqiylə, daşla, rənglə eşidilmək istəyir. Kimin gücü nəyə çatırsa. Yetər ki, sahibini kül edən enerjisi üzə çıxsın.

Hər nə qədər “deyilən söz yadigar” olsa da, bəzən onun əsl dəyəri deyilməyən tərəfində qalır. Sanki insan danışır, amma nədənsə danışdıqca sinəsində deyilməyən sözlərin sayı, yükü daha da artır. Onu anlayacaq dinləyicinin, dəyərini biləcək həmsöhbətin tapılmaması sözdə bir qorxu yaradır və yavaş-yavaş fobiyaya çevrilir. Beləcə insan hər kəsdən uzaqlaşıb səssiz danışmağı öyrənir, sözünü demək üçün sözdən başqa vasitə axtarır. Görəsən, insanın vəhşiliyindən dəhşətə gələn alman filosofu Nitsşe susduğu 11 il ərzində hansı sözləri deməkdə aciz olub?! Heykəltəraş Kamilla Klodeli 30 il psixoloji dispanserə qapayan demədiyi sözlər idisə, niyə danışmırdı?! Məşhur yazıçı Selincer hansı sözləri deməmək üçün 45 il insanlardan uzaq qaçdı?! Bəlkə bu şəxslər dedikləri sözün ürəklərindəki sözü heç cür çatdıra bilməyəcəklərinə əmin olduqlarına görə, danışmaqdan imtina etmişdilər?! Qəribədir, ən çox deməyə sözü çox olan, həqiqəti olduğu kimi anlayanlar danışmaqdan imtina edirlər. Həllac deyirdi, odun nə olduğunu anlayan pərvanə onu təsvir etmək qüdrətində olmur. Elə buna görə də, edam ayağında o, Allah dua edib deyirdi ki, “İlahi, mənim bildiklərimi bu insanlar bilsə, məni edam etməzlər.” Halbuki, odu uzaqdan görüb, istisini belə almayanlar şamın şöləsinə dürlü-dürlü şeirlər həsr edirlər.

“Söz yarasının qılınc yarasından betər olduğunu” bilən şəxsin demədiyi sözlər qınından çıxartmadığı xəncərə bənzəyir. Yunus Əmrə demiş,

Söz ola kəsə savaşı, söz ola kəsdirə başı
Söz ola ağulu aşı, bal ilə yağ edə bir söz.

Deyilmək üçün yaranan sözü deməmək daha böyük ustalıq tələb edir. Onu yüz simvola büküb, min bir metafora altında gizlədib o sözün qaynar maqma qədər təhlükəsini zərrə-zərrə paylayır, örtür pərdələyir. Beləcə təmsillər, nağıllar, əfsanələr yaranır. Kiminsə nə vaxtsa o deyilməyən sözü anlayacağı ümidi ilə. Söz sahibinin ciyəri pöşələnir, ancaq onu olduğu kimi dilinə gətirmir. Musa Yaqub demiş,

Dilimin ucunda köz olan sözü,
Desəm öldürərlər, deməsəm ölləm.

Əslində, susmaq yox, deyilməyən sözdür qızıla bərabər olan. Bəzən, bir tək sözü deməmək daha böyük cəsarət istəyir, nəinki bütöv bir məruzəni oxumaq. Amma deyilməyən sözlərlə danışan şəxslərin də öz söhbəti var. Onların səssizliyini dinləmək, demədiklərini eşitmək, gizlətdiklərini görmək də bir hünərdir. Yox, söhbət susan şəxsi dindirən psixoloqlardan, demədiklərindən dəli olanları müalicə edən psixoterapevtdən deyil, ruhu dinləməyi bacaran, könül gözü açıq olan, özü də sözsüz danışmağı bacarandan gedir.

Sözün hökmünü anlayanlar bilirlər ki, “ağızdan quş olub uçandan” sonra öz sözünün nökərinə çevriləcək, ona görə də, sözlərini ürəklərində qul edib saxlayırlar. Əslində hər söz deyilmək üçün də deyil axı. Bəzən azadlığı, istədiyini danışmaqla ölçürlər, halbuki abır-həya, barışıq, mərhəmət, azadlıq o deyilməyən sözlə qorunur. Oskar Uayld deyir, “deyilməyən sözlər həyata ecazkarlıq qatır, ancaq elə ki, öz sözlər sirrə çevrilir, etibarın qatilinə çevrilirlər.” Deməli, sözlər deyilmədikcə, ürəkdə daşlaşır. Bunu anlayan, demədiyi sözləri əslində deyir, sadəcə, fərqli dildə. Bir sözü deməmək üçün neçə söz deyir. O tək sözü gizlətmək, eyni zamanda, enerjisini azaltmaq üçün neçə sözü qurban verir.

Maraqlıdır, bəzən deyilməyən sözlər gizliliyə o qədər alışır ki, deyiləndə, gözləri qamaşır, məqsədini itirir, dövrün dəbinə uyğunlaşmaq üçün özünü unudur. Ona görə də, deyilməyən sözlər haqqında bu qədər söz desək də, demədiklərimiz yenə qaldı. Özləri qalmaq istədi.

Könül Bünyadzadə

“İşıq-Qadın” jurnalı, 5 (127) 2026