Prezident İlham Əliyev: Divarlar yox, körpülər quraq
Bu günlərdə başa çatan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha Azərbaycan Respublikasının həm regionda, həm də ümumən dünyada barışın, əməkdaşlığın və etibarlı tərəfdaşlığın sınanmış ölkəsi olduğunu təsdiqlədi. Prezident İlham Əliyevin dərin maraqla qarşılanan, səmimi ruhu və görünməmiş dərəcədə açıqlığı ilə maraq doğuran nitqində yaşadığımız günlərin bir çox açı həqiqətlərini dilə gətirməsi, haqlı olaraq bölgəmizdə və dünyada baş verən qarşıdurmaların kökündə beynəlxalq davranış qaydalarına məhəl qoymayan ambisiyaların, təcavüzkarlığın, üstünlük iddialarının dayandığını vurğulaması diqqətləri çəkdi. Ölkəmizin şimalında və cənubunda davam edən müharibələr və kəskin qarşıdurmalar, əslində yalnız böyük bir regiona deyil, bütövlükdə dünyanın iqtisadiyyatına, insanların sosial-mədəni həyatına, dövlətlərin və xalqların illər boyu qərarlaşmış münasibətlərinə bərpa olunması asan olmayan zərər vurulması ilə nəticələndi və bu ağrılı proses təəssüf ki, hələ də davam edir. İnsanların dinc həyatı pozulduğu kimi, münaqişə zonalarında və onlara yaxın ərazilərdə nəqliyyat – kommunikasiya əlaqələri pozulmuş, hətta təyyarələrin də təhlükəsiz uçuşları mümkünsüz olmuşdur. Belə bir şəraitdə Azərbaycan özünün bütün nəqliyyat bağlantıları ilə, yanacaq qıtlığı ilə üzləşən ölkələrə neft-qaz təchizatı ilə yardım göstərməkdədir. Bu gün Azərbaycan səmasında yüzlərlə təyyarə müxtəlif istiqmətlərə təhlükəsiz uçur, qatarlar Şərqdən-Qərbə, Qərbdən Şərqə yükləri daşıyır, ölkəmiz həm şimalında, həm də cənubunda müharibəyə məruz qalmış qonşularına humanitar yardımını davamlı olaraq göndərməklə sülhə və əməkdaşlığa sədaqətini bir daha ifadə edir.
Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyasının əsas vəzifələrindən biri regionda və ölkəmizdə qarşılıqlı faydalı işbirliyi ilə sülh və əməkdaşlığa xidmət edən ardıcıl tədbirlərin həyata keçirilməsidir. Region ölkələrinin əksəriyyəti müxtəlif əməkdaşlıq platformalarında üzvlüyə malik olsalar da, bir sıra hallarda onların aralarında yaranan anlaşılmazlıqlar qarşıdurma səviyyəsinə də çata bilir. Bu İslam Əməkdaşlığı Təşkilatının (İƏT), İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT-ECO) və digər beynəlxalq və regional qurumların üzvləri arasında da müşahidə olunur. Buna görə də, bu gün dünyada, xüsusilə qonşu ölkələr arasında anlaşma və etimad, bir-birinin dövlət maraqlarını nəzərə almaq, bərabərhüquqlu münasibətlər zəminində əməkdaşlıq etmək həyati tələbat olmuşdur. Bu, etimad və güvən, həm də, böyük güclərin əsassız ambisiyalarını dəf etmək üçün zəruridir. Yaranmış şəraitdə beynəlxalq hüququn gücsüzlüyü də göz qabağındadır, bu isə bəzi dövlətləri başqalarının daxili işlərinə müdaxilə etməyə həvəsləndirir.
2008-ci ildən artıq dünyada nüfuz qazanmış Bakı Prosesi, 2011-ci ildən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə, bunlarla yanaşı ardıcıl olaraq keçirilən beynəlxalq etimad, həmrəylik, multikulturalizm, təhlükəsizlik, enerji, nəqliyyat və s. forumları və konfransları ilə, beynəlxalq səviyyəli idman tədbirləri ilə Azərbaycan Respublikası həm region, həm də dünyanın müxtəlif ölkələri arasında əməkdaşlıq bağlarının möhkəmlənməsinə öz töhfəsini verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, hətta torpaqlarımızı Ermənistanın 30 illik işğalından azad edən kimi ölkəmiz məğlub tərəfə sülh təklif etdi və artıq bu yolda əhəmiyyətli addımlar atılmışdır. Hətta, son sülh cənədi hələ qəbul edilməsə də, Azərbaycan xalqına illərlə əzab çəkdirmiş, lakin qonşu olan bu dövlətlə əməkdaşlıq siyasətinə üstünlük verildi. Yəni, Prezidentin Forumda vurğuladığı kimi, “divarlar çəkmək yox, körpülər salmaq” siyasətinə sadiqlik bir daha nümayiş etdirildi.
Bundan əvvəlki Mədəniyyətlərarası Dialoq Forumları kimi, Azərbaycan bir daha ölkəmizdə tarixən çoxmədəniyyətliliyin, dinlər və mədəniyyətlər arasında ahəngdarlığın, ölkənin vətəndaşları olan bütün etnik mənsubların bir ailə kimi yaşamağının, müstəqilliyin 35 ilində bütün bu dəyərlərin daha da möhkəmlənib bütün xalqın həyat tərzinə çevrildiyinin göstəricisi oldu. Dövlətin gücünün mənbəyi olan bu birlik də suveren və inkişaf edərək artıq dünya siyasətində söz sahibi olan Azərbaycan Respublikasına beynəlxalq səviyyədə güvən və etibar münasibəti yaratmışdır. Azərbaycanın təşəbbüsü, vasitəçiliyi və dəstəyi ilə bir sıra dövlətlərarası anlaşılmazlıqların aradan qaldırılması üçün görüşlər keçirilmiş, müzakirələr aparılmışdır. Ötən illər ərzində ölkəmiz, hətta bir-birinə güvənməyən iki ölkənin, yaxud blokun etibar edib bir araya gəldiyi məkan olduğunu təcrübədə sübut etmişdir. Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişləri və himayəsi ilə həyata keçirilən və mədəniyyət körpülərinin salınmasına xidmət edən fəaliyyətlər, həm də siyasi etimad və təhlükəsizlik körpülərinin salınmasına aparan yol kimi dəyərlidir və illər əvvəl başladılan bu ümubəşəri proses bütün insanlığın mənafeyinə xidmət edir.
Eynulla Mədətli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

