Fateh lider və suverenlik: milli ideyanın eko geosiyasi fəlsəfəsi (Prezident İlham Əliyevin YAP VIII qurultayında məruzəsinə nəzərən)
44 günlük Vətən müharibəsində qazanılan Qələbə, ölkədə suverenliyin bərpası yalnız baş vermiş hadisələri deyil, həm də onların arxasınca nələrin baş verəcəyini anlamağı, başqa sözlə, suveren Azərbaycan, dövlətçilik fəlsəfəsi dərkinin necə dəyişəcəyi, milli ideyanın yeni mahiyyəti, yaxın gələcəkdə hansı məqsədlərə çatacağı barədə fikirləşməyi nəzərdə tutur. Hegel məntiqi ilə desək «Tarixdə xalqların və dövlətlərin taleyi və məqsədləri ümumdünya ruhunun inkişafında özünü göstərir» (Bax: G.Hegel. The philosophy of History. Dover Publications. 1956. p.19). Güman edirik ki, milli ideya və suverenlik bir-biri ilə qarşılıqlı asılılıq və əlaqədə mövcud olan vəzifə və problemlərdir.
Nəzərə yetirək ki, milli ideyanın mahiyyəti konkret mərhələdə cəmiyyətin hərtərəfli təhlükəsizliyi və inkişafını təmin edəcək mümkün müstəqillik dərəcəsinə nail olmaqdan ibarətdir. Bu baxımdam YAP-ın 2026-cı il 2 oktyabr VIII qurultayında prezident İlham Əliyev vurğuladı ki: «Yeni, müasir ideoloji işlər aparılmalıdır» (Bax:president.az/articles|view|73619). Nəzərə yetirək ki, Vətən müharibəsindən və qələbədən sonra yeni geosiyasi reallıqlar zəminində baş tutan YAP-ın VIII qurultayı Azərbaycan dövlətinin institusional, ideoloji, yüksək texnologiyalara adaptasiya, geosiyasi prioritetlərin transformasiyasını əks etdirdi. Bu zəmində strateji və siyasi fəlsəfi baxımdan Dövlət başçısının məruzəsinin mərkəzi parametrləlrini suveren dövlətçilik konsepsiyası və müstəqilliyin əbədiliyi, güclü dövlət, suveren toxunulmazlıq, ideoloji təhlükəsizlik komponentləri təşkil etdi.
Beynəlxalq düzən və bazarın qeyri-sabitliyi şəraitində, belə məlum olur ki, , buna nail olmaq və qarşıdakı məsələləri həll etmək üçün qüvvələri birləşdirmək lazımdır. Əlbəttə, bu həm də Fateh Liderin ölkə qarşısında hansı vəzifələri qoyduğu barədə fikirləşmək, gələcək illər üçün onun məqsədləri, strategiyaları və oriyentirlərini, həmçinin ekogeosiyasi və enerji vəzifələrini, siyasi mədəniyyət, təhsil, iqtisadiyyat və elm sahələrinin ehtiva etdiyi bütün fenomenləri anlamaqla, proqnozlaşdırmağa çalışmaq üçün səbəbdir.
Prinsipcə, Qələbədən sonrakı fəaliyyətdə, qəbul edilmiş idarəçilik qərarlarında artıq özünü göstərib və hətta gerçəkləşdirməyə başlayıbdır. Onlardan ən başlıcalarını qeyd edək: Fikrimizcə, bu, Cənubi Qafqazda sülhün bərqərar olunması və kommunikasiyaların açılması, “bir üstəgəl bir” formulasından “1+5” formatına keçilməsi, Türk Dövlətləri Təşkilatında fəal iştirak etmə yolunu nəzərdə tutur. Bu blok həm də ona görə dəyərlidir ki, bu gün milli ideyamızın əsasında kommunikasiyalarin açılması, Qərb-Şərq, Cənub-Şimal, sülh və inkişaf məsələləri də müəyyənləşir. Bunu, həmçinin Qarabağın tam bərpası, beynəlxalq əlaqələr və əməkdaşlığn genişləndirilməsi, hava limanları və yolların inşası, “yaşıl” enerjinin yaradılması və təkcə Qarabağ bölgəsinin deyil, digər regionların da infrastrukturunun inkişafını da Azərbaycan milli ideyasının geosiyasəti adlandırmaq olar. Prezident İlham Əliyev qeyd edir ki: «...enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik amilinə çevrilir. Çünki enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi deməkdir» (Bax:president.az/articles|view|73619).
Böyük Qayıdış, Azərbaycanın dayanıqlı inkişafı, dinclik və ictimai-siyasi sabitlik Cənubi Qafqazın tərəqqisinin əsas şərtidir, ölkəmiz bütün bölgənin tərəqqisinin hərəkətverici qüvvəsidir. Diqqətəlayiq haldır ki, bunların hamısı bir-biri ilə qarşılıqlı asılılıqda müəyyənləşən məqsədlər, enerji strategiyaları və eko-geosiyasi orientirlərdir. Daha bir vacib məqam regional siyasətdə dialoq və bu kontekstdə ölkədə siyasi təsisatların və cəmiyyətin vəhdəti fəlsəfəsidir. Mahiyyət etibarilə, bu işlər milli ideyanın yeni mərhələsi Prezident İlham Əliyevin fəaliyyətinin yeni dövrü adlandırmaq olar. Əlbəttə, ölkədən kənarda belə vəhdətə qarşı çıxan çoxlu qüvvələr vardır, Cənubi Qafqazda sülhün bərqərar olması onlar üçün əlverişli deyil. Bu Cənubi Qayqazın tənəzzülü, bölünməsi ilə, türk və İslam dünyasını zəiflətmək və parçalamaq cəhdlərində özünü büruzə verir. Öz maraqlarını bölgədə yeritmək üçün bu qüvvələr, bir qayda olaraq, Ermənistandan istifadə edirlər. Burada diqqəti buna cəlb etmək vacibdir ki, Ermənistan bir-birini istisna edən iki inteqrativ cərəyanın – KTMT və Aİ-nin orbitinə daxildir. Lakin Vətən müharibəsində Qələbə nəticəsində Prezident İlham Əliyev söylədiyi kimi: «Azərbaycan ciddi və geosiyasi dəyişikliklərə yol açdı» (YAP-ın VIII qurultayında çıxış).
İlk öncə qeyd edək ki, ölkənin inkişafı və xalqın firavan yaşaması, həyat şəraitinin daha da yaxşı, dövlətin isə daha da güclü olması, iqtisadi cəhətdən dayanıqlı inkişafı üçün ölkə daxilində və xarici siyasət kursunda vəhdət təşkil etməli və vətəndaşların dövlətçilik şüuru buna adekvat olması gərəkdir. Dövlət Rəhbərinin milli ideya və suveren inkişaf fəlsəfəsinin mahiyyətinin dərk edilməsinə imkan verən vasitə də budur. Hər bir Azərbaycan vətəndaşı bilir ki, bizim qələbələrimizin sirri ölkənin Ali Baş Komandanı fenomeni, onun qarşıya müəyyən vəzifə və problem qoymaqla, onları həll etmək bacarığındadır.
Məhz bu səbəbdən filosoflar, ali ləyaqət və özünəhörmət dəyərləri fəlsəfəsinə malik rasional, müdrik cəmiyyətdən bəhs edir, bizim milli ideyamız isə belə bir cəmiyyətə doğru irəliləməyi nəzərdə tutur. Əlbəttə, beynəlxalq düzənin dəyişməsi, bəzi qüvvələrin, dövlətlərin hərəkətləri, keçmiş nizamın ziddiyyətləri çox vaxt məqsədlərimizə çatmağa mane olur. Fəqət bütün bunlara rəğmən Fateh Dövlət Başçısının rəhbərliyi ilə biz aradan qaldırılması qeyri-real görünən bir çox çətinliklərin öhdəsindən gəldik və yeni məqsədlərə çatmağa hazırıq. Prezident İlham Əliyev göstərdiyi kimi: «Azərbaycanı artıq “orta güc” dövləti sırasına daxil edirlər... Biz iqtisadi müstəqilliyi tam təmin etmişik. Bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük” (Bax: president.az /articles| view| 73619).
Məqsəd və dəyərlər biliklərin əldə edilməsində, elmi və texnoloji inqilabda, Süni İntellektin tətbiqində, lakin həm də yeni texnoloji-siyasi mədəniyyətdə keçmişə, hazırki dövrə hörmətdə ehtiva olunur. Tərəqqi etmək üçün qətiyyətcə qüvvətli, zamana uyğun strategiyası, milli və ümumbəşəri dəyərləri, məqsədləri və siyasi-mədəni etikasına əmin olan, bunlara nail olmaq qayda və üsulunu bilən, yəni onları əsl gerçəkliyə çevirməyi bacaran liderlərin olması zərurətdir. Biz əvvəllər də yazmışıq və indi də təkrar edirik ki, «Prezident İlham Əliyev strategiya və taktikası ona xas olan modern kurslu, siyasi, mədəni və iqtisadi sinergiyada, ideoloji məqsəd və dəyərlərin, fəaliyyət və təcrübənin vəhdətindən ibarətdir» (Bax: İlham Məmmədzadə, Arif Buniyatov “Milliliyin, Milli özünüdərkin “qeyri-səlis məntiq kontekstində epistemoloji xüsusiyyətləri” Bakı, 2023, s.173-184”. İlham Məmmədzadə “Azərbaycanın liderlik strategiyasının fəlsəfi dəyərləndirilməsi” kitabında “Milli liderlik strategiyası: siyasət və etikanın aktual problemləri” Bakı, 2026, s.6-15).
Bu böyük məqsədlər fəlsəfəsi həm də yeni dayanıqlı inkişaf məqsədləri, yeni ideya ilə geosiyasət arasında dərin əlaqələrin əsaslı surətdə tədqiqini, təkmilləşdirilməsini tələb edir. Bu zaman ideologiya bizim bir cəmiyyət və vətəndaş kimi, təbii ki, maraqlar fəlsəfəmizə müvafiq surətdə, lakin dövlətin məqsədləri ilə vəhdətdə, nə etməli olduğumuzu aydın surətdə anladır. Milli inkişafımızın mənası, mahiyyəti nədir, nədən ibarətdir... Bu, ciddi suallar və ciddi cavablar tələb edən siyasət fəlsəfəsidir. Aydındır ki, o, çoxmərhələlidir, Dövlət Başçısının ideya və məqsədlərinin sinergiyası ilə bahəm, bizim də fəaliyyətimizdə məqsəd və maraqlara uyğun vəzifələrlə əlaqədardır. Bizim də hər birimiz ölkənin yeni mərhələdə davamlı inkişafına öz töhfəmizi verməliyik. Prezident İlham Əliyev milli ideyanın ədalətliliyinin əhəmiyyətini, mahiyyətinin önəmliliyini bilir, bu, əsasən, onun qəbul etdiyi qərarlardan əyan olur, amma o, həm də Azərbaycanın Vətən müharibəsində Qələbəsi və post müharibə dövrü uğurlarının xalqımız, gələcəyimiz, yeri gəlmişkən, yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın, türk dövlətlərinin və s. sabahı naminə gerçəkləşdirilməsi zərurətini də YAP-ın VIII qurultayındakı məruzəsində vurğulayır.
Diqqətə yetirək ki, bu kurs, bu nəhəng məsələlər prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk illərində nəzərdə tutulmuş, onun cizgiləri müasirləşdirilmə, multikulturalizm siyasətində özünü büruzə verirdi. Keçmiş qloballaşma şəraitində müasirləşmə müvafiq Azərbaycanın gələcəyi ilə qırılmaz əlaqədə müəyyənləşdirilirdi. Bunu etmək üçün, yəqin ki, artıq o dövrdə vahid fövqəldövlətin hökmranlığının son həddi olduğunu, Aİ-nin Qərbin mütərəqqi və maarifçilik idealları ilə əlaqəsini itirəcəyini anlamaq, bilmək və deməli, bütün bunların bizim üçün nə ilə başa çatacağı, buna necə hazırlaşmaq lazım olduğu, yeni dünyaya uyğunlaşmada nə etmək zəruriliyi barədə düşünmək gərək idi. Görünür ki, qarşıya çıxan məhz bu sual və çağırışlar müvafiq suverenlik fəlsəfəsi, dialoq, sosial iqtisadiyyat və «yaşıl» enerjiyə uyğun yeni islahat xəttinin ərsəyə gəlməsinə səbəb olub.
Prezident İlham Əliyev fenomeni, onun milli inkişaf modelinin məqsədləri və strategiyasının seçilməsindəki rolu barəsində xeyli fikir söyləmək, kitablar, monoqrafiyalar yazmaq olar. Lakin biz onun Vətən müharibəsi Qələbəsində rolu, məqsəd və dəyərləri, gələcək inkişaf kursu ilə ayrılmaz vəhdət təşkil edən daha bir fenomen Liderin olduğunu qeyd etmək istərdik – bu, Ümummilli lider rəhbər Heydər Əliyevdir. Bu haqda Prezident İlham Əliyev vurğulayır ki: «Azərbaycanın ümumi inkişaf strategiyası müəyyən olundu ki, bu gün də bu strategiya bizə yol göstərir. Ulu öndərin siyasi xətti dəyişməz olaraq qalır» (YAP VIII qurultayında məruzə).
Beləliklə, bizim Lider ölkə Prezidentimiz bu kursu davam etdirərək respublikanı prinsip etibarilə fərqli bir yeni səviyyəyə yüksəldib, orta “güc” dövləti yaratmışdır. Artıq onun siyasət, idarəçilik, iqtisadiyyat və mədəniyyətdə varislik, konstitusiyaçılıq, suverenlik və yeni enerji strategiyası, bərpa olunan və bərpa olunmayan enerjinin tarazlığı, professional elita, siyasi dialoq və müasir siyasi liderlik təcrübəsi, həmçinin milli ideologiya ilə birləşmiş siyasət xətti,müasir vətəndaş şüuruna malik bir cəmiyyətin təşəkküllüdür. İndi biz dərk edirik ki, idarəetmədə müdrik ənənə və innovasiyanın sintezi nə deməkdir və bugünkü müvəffəqiyyətlərdən ölkənin sabahkı uğurları necə ərsəyə gətirilir.
Əsassız deyil ki, Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli son kitablarından birində Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı missiyası və əhəmiyyətini vurğulamağı zəruri hesab edir (Bax: “Heydər Əliyevin şəxsiyyətinin miqyası və missiyası” Bakı, 2025). Akademik İsa Həbibbəylinin fikrincə, Ulu Öndər Heydər Əliyev respublika, cəmiyyət və elmin başlıca inkişaf strategiyasının əsas dəyərləri və konseptlərini müəyyənləşdrmiş və ölkənin uğur qazanmaq istəyən lideri və idarəedici sinfinin əməl etməli olduğu tələbləri, ideyaları həm konseptuallaşdırmışdır, həm də reallaşdırmışdır.
Digər bir nəzər diqqət isə Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibələr, Forumlarda diskussiyalar və araşdırmalarla bağlı konkret olaraq nələri vurğuladığını da xatırlayaq. Şübhəsiz, respublikanın yiyələnməyə və nail olmağa çalışacağı gələcək dəyər və məqsədlərin müzakirəsi və dəqiqləşdirilməsində bu məsələdə öz enerji strategiyanı geosiyasi imkanlarla bağlamaq və sonra imkanlarını yenidən dərk etmək üçün alim və iqtisadçılar və idarəedən elitalar da iştirak etməlidir. Əlbəttə, bu zaman ictimaiyyatşünasların hər şeydən əvvəl, siyasətçilər və həm də filosofların, sosioloqların üzərinə böyük məsuliyyət düşür. Düşünürük ki, tətbiqi ictimai elmə, tətbiqi elm, konkret desək, alimlər ilə, iqtisadçı və siyasətçilərlə qarşıIıqlı münasibətə ciddi diqqət yetirmək lazımdır. Yenə də Dövlət başçısının fikirlərinə istinad edək: «...ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, «hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək» vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır» (Bax: YAP-ın VIII qurultayı).
Azərbaycanın enerji siyasətində diqqəti cəlb edən məsələlərdən biri bərpaolunan və ənənəvi enerji mənbələrinin qarşı-qarşıya qoyulmamasıdır. Əksinə, onların müəyyən tarixi mərhələdə bir-birini tamamlayan imkanlar kimi nəzərdən keçirilməsi daha real yanaşmadır. Ənənəvi enerji resursları Azərbaycanın iqtisadi və geosiyasi inkişafında mühüm rol oynayıb. İndi isə həmin potensialın yaratdığı imkanlarla “yaşıl” enerjinin yeni perspektivlərini əlaqələndirmək qarşıda duran əsas məsələlərdən birinə çevrilir. Bu prosesə fəlsəfi baxımdan yanaşdıqda burada müəyyən dialektik məntiq görmək mümkündür. Yeni köhnəni tamamilə inkar etməklə deyil, onun imkanlarını yeni şəraitdə yenidən mənalandırmaqla meydana çıxır. Enerji keçidi də bu baxımdan sadəcə bir enerji mənbəyinin digəri ilə əvəzlənməsi deyil. Burada məsələ enerji təhlükəsizliyinin qorunması, iqtisadi inkişafın davamlılığının təmini və yeni texnologiyaların yaratdığı imkanların sistemli şəkildə tətbiqindən gedir.
“Orta gücə” malik dövlətlər üçün geosiyasi imkanların əhəmiyyəti də məhz burada özünü göstərir. Buradaca Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında göstərdiyi kimi «Azərbaycanı artıq «orta güc» dövləti sırasına aid edirlər» fikridə önəmlidir. Belə dövlətlərin potensialı yalnız ərazi və resurslarla müəyyənləşmir. İqtisadi imkanların, enerji potensialının, diplomatik münasibətlərin, nəqliyyat-kommunikasiya əlaqələrinin və elmi-intellektual resursların vahid strategiya daxilində uzlaşdırılması, dövlətin regional proseslərdə iştirak imkanlarını genişləndirə bilər. Azərbaycanın enerji siyasətinə bu kontekstdən yanaşdıqda, onun yalnız enerji bazarındakı mövqeyi deyil, daha geniş regional proseslərdəki rolu da diqqət çəkir. Prezident İlham Əliyev YAP-ın VIII qurultayı məruzəsində göstərir ki: «Yeni geosiyasi və iqtisadi reallıq ondan ibarətdir ki, bu gün bir çox ölkələr enerji resursların əvvəlki kimi əldə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, dünya miqyasında bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir» (YAP VIII qurultayı). Məhz buna görə Azərbaycanın enerji strategiyasının fəlsəfi, ideoloji və sosioloji aspektlərinin araşdırılması təsadüfi məsələ deyildir.
Bu işdə müəyyən təcrübə toplanıb və müvafiq olaraq, imkanlar yaranıb. Artıq görülmüş tədbirlər də, Azərbaycan Prezidentinin qərarları da alimlərimizi buna istiqamətləndirir. Söhbət, məsələn, həm bütün dünya, həm də respublikamız üçün xüsusi əhəmiyyətə malik COP-29-un Bakıda keçirilməsi üzrə təşəbbüsdən gedir. 25-26 sentyabr 2026-cı il Bakıda keçirilən II Beynəlxalq İnvestisiya Forumunda özünün neft və qaz hasilatı sahəsində uğurları ilə məşhur olan Azərbaycan “təmiz” enerjiyə keçilməsinin labüd olduğunu bəyan edir və bunun gerçəkləşdirilməsinin modeli və mexanizmini irəli sürür. Onların mahiyyəti ekologiyanın sağlamlaşdırılması sahəsində miqyaslı məqsədlərə çatmaq üçün həmrəyliyin zəruri olduğu ilə şərtləndirilir. Dünyada ətraf mühitin çirkləndirilərək ağırlaşdırılması, iqlim dəyişikliyi, içməli su qıtlığı və s. ilə bağlı ciddi təhdid və risklər mövcuddur. Əslində, söhbət müasir dünyanı təhdid edən böyük ekoloji fəlakətdən gedir. Azərbaycan bu vəziyyətdən çıxış yolunu tapmaq üçün yeni texnologiyalar və süni intellektdən istifadə etməyi zəruri sayır. Söhbət həm hər bir konkret dövlətdə, həm də bütövlükdə dünyada səylərin onda birləşdiyi ekoloji həmrəylik siyasətinin gerçəklədirilməsinin prinsip və modellərin işlənib hazırlanmasından gedir. “Yaşıl” enerjidən istifadəyə keçiddə həmrəylik yalnız o zaman mümkündür ki, müəyyən əməkdaşlıq prinsipləri həm ölkə və ya ölkələr daxilində, eləcə də dünya birliyi tərəfindən qəbul edilmiş olsun. Aydındır ki, dünya münaqişələrə, müharibələrə qərq olub, yeni və daha ədalətli dünya düzəni axtarışları gedir. Göründüyü kimi, bu axtarış ekoloji tərkib hissəsini, ekoloji siyasəti, ekologiya fəlsəfəsi, sosiologiyası və etikasını, ən əsası isə ekoloji şüur və əxlaq tərbiyəsini ehtiva etməlidir. Müasir şəraitdə qəbul edilən hər bir qərar və seçilən kurs cəmiyyətin onlara uyğun şüurunun tərbiyə olunmasını tələb edir. Qeyd etmək lazımdır ki, müasirlik bütün bu sualları və problemləri geosiyasi aspektlə birmənalı bağlı edir. Yalnız geosiyasət vacib deyil, həm də geoiqtisadiyyat və eko-iqtisadiyyat və bunların qovuşağında eko-geosiyasət yanaşması da yaranır.
Qeyd etmək lazımdır ki, bu problemlər qlobal, həm də siyasi, iqtisadi, fəlsəfi, əxlaqi məna daşıyandır və həlli üçün dövlətlərin həmrəyliyi, fəallığı ilə yanaşı hər bir ölkənin vətəndaşlarının ətraf mühitin mühafizəsi, təbiətə qayğı göstərilməsi üzrə birliyinin olması vacibdir. Buradakı təhdidlər çox ciddidir. Bu mənada Azərbaycan təkcə respublikamıza deyil, başqa ölkələrin də ekologiyasına vurulan ziyanı məhdudlaşdırmaq üçün müəyyən işlər görür. Məsələn, Ermənistan bizə qarşı təcavüzü və torpaqlarımızı işğal etdiyiı illərdə Azərbaycanın su sisteminə çox böyük ziyan vurmuş, Kür və Araz çaylarını xeyli çirkləndirmişdir. Vətən müharibəsində Qələbə bizə ölkədə həmin təhlükələri aradan qaldırmaq üçün lazımi iş aparmağa imkan verdi. Məsələn, Suqovuşan su anbarının bərpası ilə bağlı görülən işləri xatırlatmaq olar. Aydındır ki, sülhün bərqərar olduğu bir şəraitdə bütün Cənubi Qafqaz ölkələri və Xəzər dənizi arealı dövlətləri bölgəyə, İpək Yolu ölkələrinə ekoloji təhdidlər barədə birgə fkirləşə biləcəklər, bizim hamımızı Aral dənizinin taleyi narahat etməyə bilməz və s. Əlbəttə, Ermənistanın təcavüzü nəticəsində ölkəmizə hədsiz ziyan dəyib və buna görə də Azərbaycanın Qələbə çalaraq Qarabağı işğaldan azad edərək geri qaytarması onun ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin zəruri mərhələsi kimi çıxış edir. Bütün dünya Azərbaycanın cəkdiyi zərər, Qarabağın təbiətinin, mədəniyyət abidələrinin məhv edildiyi və bir çox başqa hadisə və faktlar barədə məlumatlandırılmalıdır. Həmçinin Qarabağın minalardan təmizlənməsi, qaçqınların dogma yurdlarına qayıtması, hazırda yeni, “təmiz” texnologiyalardan istifadə etməklə “ağıllı” şəhər və kəndlərin salınması, yeni ekoloji mədəniyyətin bərqərar edilməsi planları barədə də xəbərdar olunmalıdır. Eyni zamanda, dünya həmçinin bütün Cənubi Qafqazın ekologiyasının yenilənməsi planlarından, Cənubi Qafqazın yeni regional geosiyasətinin prinsiplərinin bərqərar olması üçün atılan addımlardan da agah olmalıdır. Axı bu problemə etinasızlıq göstərilməsi ona gətirib çıxarır ki, bir dövlət başqa bir qonşu dövlətin ətraf mühitini, havasını və suyunu çirkləndirməkdə davam edir, keyfiyyətsiz nüvə texnologiyalarından faydalanır, dünyanın bəzi yerlərində, demək olar ki, yaşamaq, sağ qalmaq üçün az qala ekoloji müharibələr, su mənbələri uğrunda mübarizə və s. gedir. Yəqin ki, Fransanın Afrikaya, onun özünün xarici ərazilərinə nə qədər böyük ekoloji ziyan vurduğunu xatırlatmaq da yerinə düşərdi.
Bəzi məsələlərdə vəziyyət o dərəcədə ağırdır ki, ətraf mühitin mühafizəsi ciddi siyasi və iqtisadi islahatlar, səmərəlilik və enerjiyə qənaət, hətta, qeyd edildiyi kimi, vətəndaşların şüurunun dəyişdirilməsi üzrə səy göstərilməsini tələb edir. Düşünürük ki, bizə bu sahədə həm birgə elmi fəaliyyət və insanların dəyər aləmində mənəvi islahatlar aparılmağı da lazımdır. Bundan başqa, gələcəyin siyasətçiləri və vətəndaşlarının şüurunun dəyişdirilməsi yollarını anlamaq, onların yalnız həmvətənlilərinin, öz ölkəsinin deyil, həm də bölgənin taleyi üçün məsuliyyətini yüksəltmək, həmrəylik və əməkdaşlığın, yeni ekoloji mədəniyyətin tələblərinin mahiyyətini dərk etmək gərəkdir. Ekoloji mədəniyyət təkcə təbiətə deyil, həm də bölgəyə, bir-birinə qayğı ilə yanaşmasının zəruri olduğuna əsaslanır. Ekoloji mədəniyyət cəmiyyətin siyasi mədəniyyətinin mühüm hissəsini təşkil etməyə başlayır.
Əlbəttə, bu sahədə konseptual dəyişikliklər elmin inkişafı, süni intellektin imkanlarından, fənlərarası metodologiyadan istifadənin labüd olduğu nəzərə alınmaqla aparılmalıdır, zira ekologiyanın mühafizəsi yalnız biologiya, kimya və fizikanın deyil, həm də sosiologiya, süni intellekt fəlsəfəsi və tətbiqi etika ilə bioetikanın səylərinin birləşdirilməsini də tələb edir. Şübhəsiz, şüur, ictimai şüur həm siyasi fəaliyyət və mədəniyyət, həm də ekoloji tədqiqatların və nailiyyətlərin təcrübədə tətbiqi üçün zəminin yaradıldığı bir mühit kimi çıxış edir. Prezident İlham Əliyev məntiqi ilə desək: «İdeoloji işimiz... elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun» (YAP-ın VIII qurultayı).
Məhz bu səbəblərdən indiki gerçəkliyimizdə azərbaycançılıq ideologiyası kimi təsbit olunan əqidə, milli ideyanın mahiyyəti və onda dəyər-ekoloji problematikanın hansı yeri tutmalı olduğu ilə bağlı düşüncələr xüsusi maraq doğurur. Qeyd etmək gərəkdir ki, Prezident İlham Əliyevin milli ideya, ideoloji təhlükəsizlik problemlərinə, yeni məqsəd və dəyərlər axtarışına xüsusi diqqət yetirməsi də səbəbsiz deyil. Bizcə, Dövlət Başçısının bu sahəyə diqqəti məhz vurğuladığı kimi: “...dünyada gedən proseslər, müharibələrin çoxalması və geniş vüsət almasıdır. Bizim ətrafımızda məkan alovlanıb, qaynayır” (Bax: YAP VIII qurultayı).
Bu baxımdan da AMEA-da ekologiyanın mühafizəsi üzrə görülən işlər, yeni mərhələdə milli ideyanın məqsəd və dəyərləri, onun ictimai şüurun ekoloji tərkib hissəsi arasındakı qarşılıqlı münasibətlər sferasında aparılan axtarışlara da nəzər yetirək. İlk növbədə, AMEA-da uzun illər ərzində biologiya və etika, biologiya və tibb, hüquq və əxlaqın tətbiqi qovuşuğunun öyrənilməsini nəzərdə tutan bioetika problemlərinin tədqiq edildiyini qeyd etmək istərdik. Bununla bərabər, uzun müddətdir ki, ekoloji şüur fəlsəfəsi və sosiologiyası, demoqrafiyanın sosial problemləri və s. sahələrdə işlər görülür. Aydındır ki, bütün bu tədbirləri görmək üçün yeni metodologiya və texnologiyalar tətbiq etmək, qlobal elmlə əlaqələri genişləndirmək, güclü Sİ-in imkanlarından faydalanmaq gərəkdir. Bununla belə Fəlsəfə və Sosiologiya İnstitutu Sankt-Peterburq alimləri ilə birgə “Noosfera ideyası və müasir Azərbaycan” layihəsi hazırlamış, bir neçə konfrans keçirmiş, həmin mövzularda problemlər üzrə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş və Ümummilli Liderin cəmiyyətdə ekoloji şüurun, təbiətə qayğıkeş münasibətin tərbiyə olunması işində rolunun xüsusi olaraq vurğulandığı jurnal nəşr etdirmişdir (Bax: Materialı Mejdunarodnoy nauçno-praktiçeskoy konferenüii “Neosfernaə Planeta: istoki i osnovaniə poosfernoy inteqraüii parodov mira v XXI veke” S.P. – Baku, 2025). Dövlət başçısı qeyd etdiyi kimi «ictimai müzakirələr» aparılması vacibdir və davam etdirilməlidir. Həmin tədqiqatın maraqlı cəhətlərindən biri ekoloji fəlsəfənin, Vernadskinin ideyaları və cəmiyyətimizin təbiətə münasibətimizin tarixi və əxlaqi standartlarının həkk olunduğu yaddaşını (xatirini) təşkil edən fenomenlər arasında (N.Tusi) əlaqənin olmasıdır.
Burada alim, filosof və sosioloqların fikrincə, ən başlıcası bərpa olunan enerjiyə keçid düşünülmüş ekoloji siyasət, idarəetmə, alimlərin tədqiqatları, yaddaş və vətəndaşların həmin dəyər və məqsədlərə münasibəti arasında həmahəngliyi tapa bilməkdir. Mahiyyət etibarilə, əgər biz “ekoloji dünya” şəraitində yaşamaq, “yaşıl” enerjidən faydalanmaq istəyiriksə, vətəndaşlar ətraf mühitə, insanlara və onları əhatə edən aləmə məsuliyyətlə yanaşmalıdırlar. Eyni zamanda, siyasətçilər öz ölkələrinin məxsusiyyətləri, mentallığı və yeni qənaətetmə texnologiyalarından faydalanma imkanlarını nəzərə alaraq, iqtisadi islahatların və təsərrüfat işlərinin aparılmasına keçməyə kömək etməlidirlər. Lakin, görünür, ekoloji problemlər birgə əməkdaşlığı və problemlərin başqa kollektivlər, ölkələr, bölgələr və s. ilə birlikdə həll edilməsini nəzərdə tutur. Onu da vurğulayaq ki, ətraf mühitin ekologiyasına qayğı ilə yanaşma həm də insanlar arasında əxalaqi münasibətlərin, etikada deyildiyi kimi, ruhun və insanın ekologiyasının, həmçinin keçmişdə bir çox alim və siyasətçilərin guya yalnız Avropa dövlətləri və millətlərinə mənsub olan ideya saydıqları suverenliyin müasirliyinin də bərqərar olmasını nəzərdə tutur. Məsələn, bu haqda rus və Qərb filosofları A.V. Dyakov, A.M. Sokolov “Dövlət suverenliyi fəlsəfi refleksiya məkanında” məqaləsində (“Fəlsəfə məsələləri”, 2018, No 11 - «Qosudarstvennıy suverenitet v prostranstve filosofskoy refleksii» // «Voprosı filosofii» 2018, № 11) yazırlar. Amma biz bununla razı deyilik, özü də qəti surətdə. Şübhəsiz ki, bu xüsusda iki istiqamətdə düşünmək və mühakimə yürütmək lazımdır: nə üçün onlar belə sayırlar, onların maraqları nədən ibarətdir, bunun onlara nə faydası var, həmçinin suverenlik necə təsbit edilməlidir fəlsəfəsini ehtiva etmir.
Fikrimizi YAP-ın VIII qurultayında YAP sədri prezident İlham Əliyevin sözləri ilə yekunlaşdıraq: “Təbii ki, illər keçdikcə taktiki və strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarınızdan maksimum istifadə etmə imkanları”.
İ.R.Məmmədzadə
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor

