20.10.2026, 11:49 - Baxış sayı: 11

Yeni mərhələdə “Güclü Azərbaycan” obrazı: çağdaş siyasi yanaşma


III SİLSİLƏ

Təkbaşına qalib dövlətdən Türk ailəsinin aparıcı gücünə transformasiya

I MƏQALƏ

Təkbaşına qalib dövlət

“Təkbaşına Qalib dövlət” anlamı Azərbaycanın müstəqil güc kimi identikliyinin əsas parametridir. Prezident İlham Əliyev nitqində məntiqi olaraq “təkbaşına” anlayışını “Qalib dövlət” anlamı ilə vəhdətdə təqdim etmişdir.

“Təkbaşına” olmaq tənhalıq, təcrid olunmuş və s. kimi anlamları kontekstində işlədilmir. Onun termin kimi Azərbaycana proyeksiya edilməsində başlıca semantik qayəsi əsas olaraq öz daxili potensialı hesabına tam müstəqil siyasət yeritmək xəttinin dövlətçilik üçün fundamental əhəmiyyət daşıması ilə sıx bağlıdır. Dövlətçiliyə bu cür konseptual yanaşmanın dərin və tədqiqə ciddi ehtiyacı olan aspektləri mövcuddur. Bizcə, məhz bu kimi məsələləri obyektiv tədqiq etməyi ölkə rəhbəri bizim qarşımızda əsas vəzifələrdən biri kimi qoymuşdur.

Həmin bağlılıqda “təkbaşına” anlayışının siyasi və geosiyasi anlamını dövlət başçısının qurultayda ifadə etdiyi aşağıdakı tezisi fonunda dərk etmək lazımdır. Prezident İlham Əliyev demişdir: “Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları. Yəni yığcam formada bunu təsvir etmək üçün dediyim amillər, məncə, kifayətdir”.

Azərbaycan liderinin ana xətt statusunda təqdim etdiyi bu anlayışların semantik hüdudları dəqiq müəyyən edilmişdir. Onlar “müstəqillik”, “dövlətçilik”, “iqtisadi müstəqillik”, “güclü hərbi potensial” və “öz imkanlarımızdan maksimum istifadə etmə imkanları” kimi anlayışların yaratdıqları ortaq semantik sahənin konseptual xüsusiyyətləri ilə praktiki tətbiqi aspektin vəhdətindən qaynaqlanır.

Müstəqil dövlətçilik baxımından çox mühüm məna daşıyan 5 əsas anlayışın “təkbaşına” anlamında yığcam ifadə olunması çox maraqlı təsəvvür mənzərəsi yaradır. Burada iki anlam müstəvisini ayrıca vurğulamaq istərdik.

Birincisi, “təkbaşına” Azərbaycan rəhbərliyinin dövlət legitimliyini yalnız daxili resurslara əsaslanaraq təmin etmək xəttinə üstünlük verməsini ifadə edir. Ayrıca, burada “dövlət legitimliyi” anlayışı müasir geosiyasi və siyasi təlimlərdə istifadə olunan geniş anlam olaraq işlədilir. Onun “hakimiyyət legitimliyi” anlamı ilə dərin məna bağlantısı mövcuddur.

İkincisi, “təkbaşına” termini Azərbaycan dövlətçiliyində “xalq suverenliyi” anlayışının “dövlət suverenliyi” anlamının fundamentində durduğunu bir daha təsdiqləyir. Çünki Azərbaycan Konstitusiyasında dövlət suverenliyinin xalq suverenliyindən qaynaqlandığı konkret ifadə edilmişdir.

İndi “təkbaşına” anlayışı prizmasında yuxarıda vurğuladığımız hər iki anlama dövlət başçısının qurultaydakı dərin məzmunlu nitqi fonunda baxaq.

Dövlət legitimliyi

Son illər bu anlayışla bağlı Qərbdə konkret tədqiqatlar intensivləşmişdir. İndi “dövlət legitimliyi” anlayışı alimlər və elmi-tədqiqat institutları tərəfindən aktiv və müxtəlif aspektlərdən araşdırılır. Onların sırasında D.Bethamı, B.Gilli, G.Stillmanı, N.P.Adamsı, M.S.Anderseni və başqalarını göstərə bilərik. Qısaca, onların bir qisminin əsas tezislərini vurğulayaq.

Mütəxəssislərin təsniflərinə görə, B.Gilli ölkələr üzrə dövlət legitimliyinin mənası və ölçülməsi ilə bağlı empirik tədqiqatları ilə məşğuldur. Onun əsərlərində legitimliyin “idarə etmək hüququ” təhlil edilir. Ən çox tanınan əsəri “Dövlət legitimliyi: 52 ölkə üçün yenilənmiş məlumat bazası”dır. Hesab edilir ki, B.Gillin araşdırmaları müqayisəli siyasi tədqiqatlar üçün yenilənmiş məlumat sistemidir.

P.G.Stillman - legitimliyin sosial və siyasi ölçülərinə diqqət yetirir. Müasir tədqiqatlar həmçinin dövlət legitimliyinin, xüsusən də çoxsaylı, ziddiyyətli legitimlik mənbələrinin birgə mövcud olduğu kövrək və ya bölünmüş cəmiyyətlərdə necə müəyyən edildiyini, əsaslandırıldığını və qorunub saxlanıldığını araşdırır.

Oksford və digər akademik institutlar legitimliyin təmin edildiyi maddi və diskursiv çərçivələr də daxil olmaqla, legitimliyə yönəlmiş xüsusi buraxılışlar və tədqiqatlar dərc edirlər. Bu alimlər və tədqiqat təşəbbüsləri legitimliyi məcburiyyətdən daha çox razılıqla idarəetmənin əsası kimi vurğulayır və müasir dövlətlərdə legitimliyin mürəkkəb, çoxölçülü təbiətini təhlil edirlər.

D.Bethemin “Hakimiyyətin legitimləşdirilməsi” əsəri məşhurdur. O, M.Veberin yanaşmasından fərqli olaraq legitimliyi “çoxölçülü və obyektiv meyarlara söykənən bir struktur” kimi təsnif edir. Bu yanaşmaya görə, dövlət hakimiyyətinin legitim sayılması üçün eyni vaxtda üç kriteriya mövcuddur. Onlar aşağıdakılardır:

– Hüquqi uyğunluq (hakimiyyətə sahib olmaq və idarəetmək dəqiq müəyyən edilmiş qanunlar və qaydalar əsasında olmalıdır);

– Normativlik (Mövcud hüquqi qaydalar idarə edənlərin və idarə olunanların ortaq mənəvi dəyərlərinə, inanclarına uyğun olmalıdır. Bu mənada, onlar cəmiyyətin ehtiyaclarına cavab verməlidir. Bundan başqa, idarəetmə forması ədalətli olmalı və cəmiyyətin ümumi maraq prinsipləri ilə əsaslandırılmalıdır);

– Açıqlıq – vətəndaşlar hakimiyyətin onlara rəhbərlik etmək hüququnu öz davranışları ilə təsdiqləməlidirlər (inklüzivlik). Nümunə kimi vətəndaşların seçkilərdə iştirakı, səs verməni və başqa faktorları göstərə bilərik.

Nəhayət, bizim baxdığımız mövzu aspektində M.S.Andersenin “Dövlət quruculuğunda legitimlik: Beynəlxalq münasibətlər ədəbiyyatına dair icmal” məqaləsi maraqlıdır. Burada dövlət quruculuğu kontekstində legitimliyin hərtərəfli icmalı verilmişdir. Konkret olaraq, konstitusion idarəetmə çərçivəsində dövlət legitimliyi ilə ictimai etimad arasındakı əlaqə təhlil edilir.

Belə alınır ki, müasir mərhələdə dövlət legitimliyi 2 bir-biri ilə əlaqəli legitimlik faktoruna bağlıdır.

Birincisi, ölkənin daxili sosial, siyasi, tarixi, hüquqi, iqtisadi, mənəvi-mədəni xüsusiyyətləri fonunda vətəndaşın hakimiyyətin legitimliyini inklüziv qəbul etməsidir. Yəni cəmiyyət hakimiyyətin legitimliyini ümumiyyətlə, vətəndaşı olduğu dövlətin legitimliyini inklüziv səviyyədə qəbul etməlidir (onu davranışlarında birbaşa ifadə etməlidir).

Həmişə görünmüşdür və son hadisələr də təsdiqlədi ki, Azərbaycan vətəndaşları çox yüksək səviyyədə hakimiyyətin legitimliyini tam qəbul edirlər və bu yoldan zərrə qədər də dönmək niyyətində deyillər. Azərbaycan xalqı öz dövlətinin maraqlarını istənilən siruasiyada qorumağa hazırdır!

İkincisi, dövlət beynəlxalq miqyasda elə identiklik nümayiş etdirməlidir ki, beynəlxalq aləm tərəfindən tam qəbul olunsun.

İkinci aspektin bir xüsusiyyətini xatırlamağa dəyər. Bir sıra tədqiqatçılar dövlətlərin identikliyinin növləri sırasında aqressiv kollektivçi dövlət identikliyi və konstruktiv kollektiv dövlət identikliyini ayırırlar. Birinci növ identiklikdə dövlət özünün xarici siyasətini tərəfdaş dövlətlər qrupu vasitəsilə başqaları üzərində hökmdarlıq etmək, ona himayədar olmaq kimi məqsədlərə görə formalaşdırır. Məsələn, ABŞ və ya Rusiyanı bu statusda göstərirlər.

Konstruktiv kollektivçi dövlət identikliyi isə xarici siyasətin bütün imkanlarından istifadə edərək sülhsevər, əməkdaşlığa xidmət edən, paylaşmaya açıq və ixtilafları diplomatik yolla həll etməyə istiqamətlənmiş fəaliyyətlə xarakterizə olunur.

Yuxarıda ifadə edilən müddəalardan məntiqi olaraq dövlət və hakimiyyət legitimliyinin mühüm bir xüsusiyyətinin “suverenlik” anlayışı ilə sıx bağlı olması alınır. Həmin kontekstdə Azərbaycan üçün xarakterik olan özəlliyin üzərində dayanmaq lazımdır.

Xalq suverenliyindən dövlət suverenliyinə

Ümumi götürəndə Azərbaycanda hakimiyyət və dövlət legitimliyi xalq suverenliyindən qaynaqlanır. O mənada ki, Azərbaycan xalqının suverenliyinin hakimiyyətin və dövlətin fəaliyyətinin bütün aspektlərində real təmin olunması başlıca prinsip və ya şərtdir. Bu anlamda hakimiyyət və dövlətin legitimliyində xalqın suverenliyinə zərər verə biləcək heç bir element olmamalıdır. Onda belə alınır ki, dövlətin suverenliyi onun daxili legitimliyi ilə xalqın suverenliyinin təmininin qarşılıqlı münasibətləri ilə sıx bağlıdır.

Şübhəsiz, bu cür qəbul edilən legitimlik və suverenlik prizmasında ölkə rəhbərliyinin fəaliyyətində daim milli maraqları üstün tutması və həmişə xalqa arxalanması mühüm şərt kimi görünür.

Bu, hər şeydən öncə, Azərbaycanın müstəqil dövlətçiliyində və tam suverenliyin təminində xalq suverenliyinin fundamental rol oynadığını təsdiq edir. Nümunə kimi, Prezident İlham Əliyevin dövlət başçısı seçiləndən sonra Andiçmə mərasimlərində daim vurğuladığı bir məqamı göstərə bilərik.

2018-ci il Prezident seçkisindən sonra Andiçmə mərasimində İlham Əliyevin söylədiyi nitqdən: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm...Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir”.

2024-cü il Prezident seçkisindən sonra Andiçmə mərasimində İlham Əliyevin söylədiyi nitqdən: “İlk növbədə, prezident seçkilərində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Nəhayət, YAP-ın VIII Qurultayında Prezident İlham Əliyev bəyan etmişdir: “Biz bu çətinlikləri təkbaşına arxada qoyduq və bu gün ayaqda möhkəm dayanmışıq. Azərbaycan xalqının iradəsi, Ulu Öndərə olan inamı, onun siyasi xətti bax, bütün bu uğurlu addımlara səbəb oldu”.

Fikirlərinə davam edərək dövlət başçısı vurğulamışdır: “Bütün bu dövr ərzində, eyni zamanda, dövlətçiliyin əsasları qoyuldu. Azərbaycanın ümumi inkişaf strategiyası müəyyən olundu ki, bu gün də bu strategiya bizə yol göstərir. Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır... Bu siyasət 2003-cü ildən bu yana davam etdirilirdi, bu gün də davam etdirilir və bundan sonra da davam etdiriləcək”.

Azərbaycan Prezidentinin ölkəyə indiyə qədər rəhbərlik etdiyi müddətdə daim gözlədiyi başlıca prinsiplər arasında, şübhə etmirik ki, yuxarıda vurğulanan faktorlar xüsusi yer tutur. Onların təhlili göstərir ki, birincisi, ulu öndər Heydər Əliyev elə bir müstəqil dövlət quruculuğu strategiyası hazırlamışdır ki, Azərbaycanın müstəqil və tam suveren dövlət kimi dinamik və dönməz inkişafı təmin edilir, ikincisi, Prezident İlham Əliyev XXI əsrin çağırışları və başlıca geosiyasi şərtləri daxilində həmin xətti böyük uğurla inkişaf etdirir.

İndi bunların fonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında ifadə etdiyi “təkbaşına” anlayışına daha konkret bucaq altında, lakin konseptual səviyyədə baxa bilərik. Biz məsələyə Azərbaycan liderinin strateji inkişafın ana xəttinin başlıca müəyyənedici faktorları olaraq müəyyən etdiyi 5 parametr sırasına daxil olan “müstəqillik” və “dövlətçilik” anlayışları kontekstində yanaşmanı nəzərdə tuturuq.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru