Şölət Zeynalov: “Vahid məktəbli geyimi şagirdlərin özünəinamını artırır”
Məktəblərdə nizam-intizamın qorunması və şagirdlər arasında sosial bərabərliyin təmin edilməsi təhsil mühitinin formalaşmasında mühüm rol oynayır. Vahid məktəbli geyim formasının tətbiqi təkcə xarici görünüşlə bağlı deyil, həm də şagirdlərdə məsuliyyət hissinin və məktəb mədəniyyətinin formalaşması ilə bağlıdır.
Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı İnkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosentŞölət Zeynalov Bizimyol.info xəbər portalına bildirib ki, vahid yanaşmanın formalaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi bilavasitə şagirdlər üçündür: “Ölkənin ümumitəhsil məktəblərində orta təhsil müəssisələrində vahid geyim formasına keçidlə əlaqədar Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı müzakirə olunur.
Bəzi insanlar bu qərara müəyyən anlamda etiraz edirlər, bəziləri isə anlaqlı qəbul edirlər. Bu məsələ ətrafında fikir bildirmək vacibdir. Çünki Dövlət təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi bilavasitə şagirdlər üçündür”.
Şölət Zeynalov deyir: “Məsələ ondan ibarətdir ki, məktəblərdə nizam-intizamın və digər təşkilati məsələlərin gücləndirilməsi ölkədə həyata keçirilən təhsil siyasətinin vacib istiqamətlərindən biridir. Vahid geyim formasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin, məktəb kimliyinin formalaşmasına və sosial bərabərliyin qorunmasına təsir göstərir. Bu qaydaların tətbiqi şagirdlər arasında bərabərliyin təmin edilməsi və məktəbdə vahid qaydaların formalaşdırılması baxımından vacibdir.
Burada söhbət təkcə geyimdən və xarici görünüşdən deyil, həm də daxili dünyagörüşünün formalaşmasından gedir. Bu, gələcəkdə kommunikativliyin, vahid ünsiyyət strategiyasının formalaşmasına təsir göstərən amillərdən biridir. Şagirdlər arasında fərq prinsiplərinə yol verilməməlidir. Çünki ölkənin həyata keçirdiyi təhsil siyasəti dünyəvilik prinsiplərinə əsaslanır. Azərbaycan sekulyar dövlətdir və din dövlətdən ayrıdır. Bütün bunları bilirik. Eyni zamanda dini dəyərlərə hörmət olunur. Şagirdlər məktəbli formasından əlavə, məktəbin müəyyən etdiyi geyim qaydalarına uyğun olmayan simvollardan və əlavə predmetlərdən istifadə etməməlidirlər”.
Şölət Zeynalovanın sözlərinə görə, hər kəs istədiyi geyimdə məktəbə gələ bilməz: “Vahid məktəbli geyim sisteminə keçid şagirdlərin sosial adaptasiyasına və inkişafına, bilik və bacarıqlar əldə etməsinə daha əlverişli şərait yaradır. Hər kəs məktəbə istədiyi formada gələ bilməz. Bu sahədə Nazirlər Kabinetinin müvafiq qərarı var. Eyni zamanda ölkədə təxminən 6-7 növ məktəbli forması tətbiq olunur və hər bir məktəb ümumi razılaşma əsasında bu formalardan birini seçə bilər.
Valideynlərlə işləmək vacibdir. Dialoq və kommunikativlik konteksində valideynlərlə məktəb nümayəndələri əlaqə saxlamalıdır. Eyni zamanda ictimaiyyət nümayəndələri, ictimai-siyasi proseslərdə aktiv olan və tanınmış şəxslər bu məsələlərdə öz fikirlərini bildirməlidirlər. Çünki dünyəvilik dövlətin əsas siyasətinin başlıca hədəfidir”.
Alim vurğulayır ki, vahid geyim forması ayrı-seçkilik deməyə riskinin azaldılmasına xidmət edir: “Bu, təhsil fəlsəfəsinin başlıca istiqamətlərindən biridir və təhsilin fəlsəfəsinin gücləndirilməsini nəzərdə tutur. Şagirdlər arasında sosial adaptasiyanın güclənməsinə də müsbət təsir göstərir”.
O deyir ki, geyim mədəniyyəti şagirdlər arasında sosial mühitin formalaşmasında vacib rol oynayır: “Geyim özü də bir mədəniyyətdir. Dövlət bu məsələ üzərində uzun müddətdir düşünür və bu qərar bir gün ərzində qəbul edilmiş qərar deyil. Çünki geyim mədəniyyəti şagirdlər arasında qarşılıqlı münasibətlərin və sosial mühitin formalaşmasında vacib rol oynayır. Vahid məktəbli geyim formasına bütün şagirdlərin əməl etməsi zəruridir. Bu, ilk növbədə, onların özləri üçün vacibdir”.
Şölət Zeynalov əlavə edib: “Vahid məktəbli geyimi şagirdlərin özünəinamını artırır və onların kimliyinin formalaşmasına təsir göstərir. Bu şagirdlərin özlərini məktəb kollektivinin bir hissəsi kimi hiss etmələrinə də kömək edir. Eyni zamanda vahid geyim məktəblilərdə məsuliyyət hissinin və məktəbə bağlılığın güclənməsinə şərait yaradır. Ona görə də vahid məktəbli formasının əhəmiyyətini onlara düzgün izah etmək lazımdır”.
Günel Həsənova, Bizimyol.info

