05.11.2026, 16:38 - Baxış sayı: 12

“Qələbənin fəlsəfəsi və suveren Azərbaycan” mövzusunda Dəyirmi Masa keçirilib



Prezident İlham Əliyevin dediyi kimi: “Bu Qələbə bizim tariximizdə əbədi yaşayacaq. 

Azərbaycan xalqı bu qələbəni öz birliyi, öz əzmi, öz liderinə olan inamı ilə qazandı.”

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Qələbənin fəlsəfəsi və suveren Azərbaycan” mövzusunda Dəyirmi Masa keçirilib

Tədbiri giriş sözü ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının müasir tarixindəki siyasi, tarixi və mənəvi-fəlsəfi əhəmiyyətini diqqətə çatdırıb. O, Vətən müharibəsində qazanılmış Qələbənin yalnız hərbi-siyasi nailiyyət deyil, həm də milli iradənin, tarixi özünüdərkin, dövlətçilik şüurunun və cəmiyyətin birliyinin təcəssümü olduğunu vurğulayıb. Qeyd edib ki, Zəfərin fəlsəfi mahiyyəti onun yaratdığı yeni ictimai-siyasi reallıqlarla yanaşı, milli yaddaşın möhkəmlənməsində, dövlətçilik düşüncəsinin inkişafında və gələcək nəsillərin vətənpərvərlik ruhunda formalaşmasında da özünü göstərir. Bu baxımdan milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın davamlılığının təmin edilməsi və gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Professor, həmçinin azərbaycançılıq ideologiyasının müasir dövrün çağırışları kontekstində elmi-fəlsəfi təhlilinin aparılmasının, onun konseptual əsaslarının ictimai şüurda daha dolğun ifadə olunmasının vacibliyini qeyd edib.

İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Azərbaycançılığın ideoloji təhlükəsizlikdə rolu” mövzusunda çıxış edərək suverenlik və müstəqillik anlayışlarının qarşılıqlı əlaqəsinə, Azərbaycan suverenliyinin mahiyyətinə və inkişaf dinamikasına toxunub. O, milli ideologiyanın formalaşması, təbliği və ictimai şüurda möhkəmləndirilməsi məsələlərini ideoloji təhlükəsizliyin mühüm komponentləri kimi dəyərləndirib. Eyni zamanda müasir informasiya məkanında meydana çıxan çağırışlar fonunda kibertəhlükəsizliyin dövlət suverenliyinin qorunmasında artan rolunu diqqətə çatdırıb.

Dəyirmi Masanın təşkilatçısı, Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova “I və II Qarabağ müharibələri və Qələbədən sonrakı dövrdə Azərbaycanın informasiya təhlükəsizliyi: müqayisəli təhlil və strateji çağırışlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müharibə dövründə və postmünaqişə mərhələsində informasiya təhlükəsizliyinin xüsusiyyətləri, informasiya mübarizəsinin strateji əhəmiyyəti və milli maraqların qorunması baxımından meydana çıxan çağırışlar müqayisəli yanaşma əsasında nəzərdən keçirilib.

Həmin şöbənin elmi işçisi Nigar Mustafayeva “Azərbaycan Respublikasının dövlət siyasətində kibertəhlükəsizlik: strateji prioritetlər və müasir çağırışlar”, şöbənin əməkdaşı Lamiyyə Bağırzadə isə “Azərbaycanın dövlətçilik dəyərlərinin beynəlxalq rəqəmsal mühitdə təbliği istiqamətləri” mövzularında çıxış ediblər. Məruzələrdə rəqəmsal mühitdə dövlət maraqlarının və informasiya resurslarının qorunması, kibertəhlükəsizlik siyasətinin strateji istiqamətləri, eləcə də Azərbaycanın dövlətçilik dəyərlərinin, Azərbaycanın Zəfər tarixinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məsələsinə də xüsusi diqqət yetirib. Şəhidlərin əziz xatirəsinin uca tutulması, qazilərin və müharibə iştirakçılarının qəhrəmanlığının cəmiyyətə çatdırılması, bu istiqamətdə aparılan maarifləndirmə və təbliğat fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulanıb. Professor II Qarabağ – Vətən müharibəsi veteranı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayevin Zəfər tarixinin təbliği və tarixi yaddaşın qorunması istiqamətindəki fəaliyyətini təqdirəlayiq hesab edib. Həmçinin Qarabağ müharibəsinin iştirakçılarını f.ü.f.d., dosent Fikrət Nəbiyevi, elmi işçi Telman Quliyevi və institutun əməkdaşlarını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.