11.11.2026, 16:01 - Baxış sayı: 0

“Türk dünyasının fəlsəfi irsi və müasir elm-təhsil düşüncəsi: ənənə, innovasiya və gələcək” mövzusunda beynəlxalq elmi konfrans keçirilib


Noyabrın 11-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun, Türk Dünyası Təhsil və İnkişaf Mərkəzinin və ABŞ-ın Deyton şəhərində yerləşən “Türk Eli” Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Türk dünyasının fəlsəfi irsi və müasir elm-təhsil düşüncəsi: ənənə, innovasiya və gələcək” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə tədbirin aktuallığına toxunaraq bildirib ki, türk dünyasının fəlsəfi irsinin müasir elmi düşüncə kontekstində araşdırılması tarixi-mədəni yaddaşın qorunması və gələcək intellektual inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, ənənə keçmişlə mənəvi və intellektual bağlılığı qoruyur, innovasiya yeni inkişaf imkanları yaradır, elmi düşüncə isə bu iki istiqaməti əlaqələndirərək gələcəyə yönəlmiş bilik və təfəkkür modelinin formalaşmasına xidmət edir.

Konfransın moderatoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli sözü “Türk Eli” Cəmiyyətinin rəhbəri Sarvar İspahiyə verib. Sarvar İspahi çıxışında türk dövlətləri və xalqları arasında həmrəyliyin möhkəmləndirilməsi, tarixi-mədəni əlaqələrin inkişafı, ortaq dil və mənəvi dəyərlərin qorunması məsələlərindən bəhs edərək türk dünyasının gələcək əməkdaşlıq perspektivləri ilə bağlı fikirlərini bölüşüb, ABŞ-dakı Türk icması haqqında məlumat verib.

Daha sonra Türk Dünyası Təhsil və İnkişaf Mərkəzinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnurə Babaşova çıxış edərək türk dünyasında təhsil və elmi əməkdaşlığın inkişafı, ortaq intellektual mühitin formalaşdırılması istiqamətində fikirlərini diqqətə çatdırıb.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “Türk dili və ədəbi-fəlsəfi düşüncəsində Əmir Əlişir Nəvai poeziyasının yeri” mövzusunda məruzə ilə çıxış edib. O, Əlişir Nəvainin zəngin yaradıcılığından, türk dilinin və ədəbiyyatının inkişafındakı xidmətlərindən, eləcə də mütəfəkkirin ədəbi-fəlsəfi irsinin türk xalqlarının mənəvi-intellektual düşüncəsindəki yerindən bəhs edib.

Konfransın elmi proqramı çərçivəsində türk dünyasının fəlsəfi irsi, ictimai fikir tarixi, maarifçilik ənənələri və müasir təhsilin aktual problemlərinə həsr olunmuş məruzələr dinlənilib.

Ümumi işlər üzrə direktor müavini Qabil Camalov, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Əliyeva “Nəsirəddin Tusinin elmi-fəlsəfi irsi və müasir təfəkkürün inkişafı”, Bakı Dövlət Universitetinin dosenti, doktor Yaqut Əliyeva “Milli-mənəvi dəyərlər və qlobal təhsil: türk düşüncə sisteminin müasir transformasiyası”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, doktor Məlahət Babayeva “Əl-Fərabi və müasir təhsildə kamil insan konsepsiyası” mövzularında məruzələrlə çıxış ediblər.

Özbəkistan Milli Pedaqoji Universitetinin tədqiqatçısı Səbinə Rəhimova “Türk dünyasının fəlsəfi irsində müəllim və müdriklik anlayışı”, metodist, konsultant və tədqiqatçı Aysel Arastunqızı “Milli-mənəvi dəyərlər və qlobal təhsil: türk düşüncə sisteminin müasir perspektivləri”, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktoru Böyükağa Mikayıllı isə “Yusif Balasaqunlunun “Qutadqu Bilik” əsərində dövlət, cəmiyyət və təhsil fəlsəfəsi”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin elmi işçisi Yasəman Qaraqoyunlu (Mahmudova) “Türk fəlsəfəsinin özəllikləri”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəlsəfə üzrə fəlsəfə doktoru, baş müəllimi Mahrux Dövlətzadə “Milli-mənəvi dəyərlər və qlobal təhsil: türk düşüncə sisteminin müasir perspektivləri”, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Kərimova “Əhməd Yəsəvinin irsində mənəvi tərbiyə və müasir təhsilin humanist əsasları”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəlsəfə üzrə fəlsəfə doktoru, dosenti Fəxrəddin Yusifov isə “Tədris prosesində müəllimin bələdçilik mövqeyinin təmin olunması” mövzularında çıxışlar ediblər.

Konfransın moderatoru, dosent Faiq Ələkbərli yekun çıxışında türk dünyasının fəlsəfi irsinin müasir elm və təhsil düşüncəsi ilə əlaqəsinin araşdırılmasının, milli-mənəvi dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsinin, maarifçilik ənənələrinin davam etdirilməsinin və türk xalqları arasında elmi-mədəni əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.