12.11.2026, 13:59 - Baxış sayı: 3

Özbəkistanın Kokand şəhərində “Müasir İpək yolu üzərində Türk dövlətlərinin siyasi və iqtisadi inteqrasiya prosesləri: çağırışlar və perspektivlər” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib


Özbəkistanın Kokand şəhərində “Müasir İpək yolu üzərində Türk dövlətlərinin siyasi və iqtisadi inteqrasiya prosesləri: çağırışlar və perspektivlər” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib. Konfransın rəsmi açılışında Özbəkistan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə Kokand Universitetinin direktoru, doktor Zaxidov Qafurjon Erkinoviç çıxış edib. Daha sonra Fərqanə vilayətinin hakimi Bozarov Xayrullo Xayitbayeviç, Kokand şəhərinin hakimi Usmonov Marufjon Azamoviç, Türkiyə Respublikasının Aziziye rayonunun rəhbəri Mehmet, Palandöken rayonunun rəhbəri Muhammet Sunar və Aziziye rayonunun rəhbəri Emrullah Akpunar təbrik nitqləri ilə çıxış ediblər.

Konfrans çərçivəsində plenar iclas – panel sessiyası keçirilib. Sessiyanın mövzusu “Müasir İpək yolu – Türk dövlətləri arasında ictimai əməkdaşlığın strateji istiqamətləri” olub. Sessiyaya doktor Xursanaliyev Fərhod oğlu moderatorluq edib.

Konfrans AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun təşəbbüsü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin iştirakı və dəstəyi ilə həyata keçirilən beynəlxalq elmi əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunub. Layihənin ilk konfransı ötən ilin noyabrında Bakıda, ikinci tədbir isə Türkiyənin Ərzurum şəhərində Atatürk Universiteti və Özbəkistanın Kokand Universitetinin elmi əməkdaşlarının iştirakı ilə keçirilib.

Azərbaycanı tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli, ümumi işlər üzrə direktor müavini Qabil Camalov, Türk xalqlarının ictimai fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərli, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri təmsil ediblər.

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və digər türk dövlətlərindən olan alimlərin iştirak etdiyi konfransda Türk dünyasının siyasi və iqtisadi inteqrasiyası, regional əməkdaşlığın inkişafı və yeni beynəlxalq münasibətlər sistemində türk dövlətlərinin mövqeyi müzakirə olunub.

Eynulla Mədətlinin “Azərbaycanın İpək Yolu boyunca infrastruktur siyasəti və Mərkəzi Asiya ölkələri ilə nəqliyyət əlaqələri”, Qabil Camalovun “Türk dövlətlərinin davamlı inkişaf prioritetləri”, Faiq Ələkbərlinin “Yeni dünya nizamında Türk Dövlətləri Təşkilatı və türkçülüyün fəlsəfi-dünyəvi mahiyyəti” mövzusunda məruzələri maraqla dinlənilmişdir.

Konfrans türk dövlətləri arasında elmi əməkdaşlığın genişləndirilməsi, ortaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və inteqrasiya proseslərinin elmi müstəvidə araşdırılması baxımından əhəmiyyət daşıyıb.