12.11.2026, 14:36 - Baxış sayı: 9

“Müasir Azərbaycan Konstitusiyası və konstitusiyalizm ideyası” mövzusunda Dəyirmi masa keçirilib


Noyabrın 12-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Konstitusiya Gününə həsr olunmuş “Müasir Azərbaycan Konstitusiyası və konstitusiyalizm ideyası” mövzusunda Dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 31-ci ildönümünün tamam olduğunu qeyd edib. O, müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının formalaşmasında Konstitusiyanın rolundan, konstitusiyalizm ideyasının nəzəri və praktiki əhəmiyyətindən bəhs edib. Bildirib ki, konstitusion dəyərlərin qorunması və ictimai münasibətlər sistemində tətbiqi dövlət suverenliyinin hüquqi təminatı, qanunun aliliyinin möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra “Fəlsəfi-hüquqi təlimlər və suverenlik” şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent İlham Əliyev çıxış edərək müstəqil Azərbaycanın Konstitusiyasının ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin hüquqi əsasını təşkil etdiyini vurğulayıb. O bildirib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən Konstitusiya həmin il noyabrın 27-də qüvvəyə minib. Əsas Qanun müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın ictimai-siyasi və hüquqi quruluşunu, dövlət idarəçiliyinin başlıca prinsiplərini və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirərək milli dövlətçilik tarixində mühüm mərhələ təşkil edib.

Müzakirələr zamanı İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli və f.ü.f.d., dosent Məhəmməd Cəbrayılov Konstitusiyanın tarixi əhəmiyyəti, onun siyasi və hüquqi məzmunu ilə bağlı səsləndirilən sualları cavablandırıb, mövzuya dair fikirlərini bölüşüblər.

Dəyirmi masada fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev, fəlsəfə üzrə fəlsəfə doktoru Əli İbrahimov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov da çıxış edərək Konstitusiyanın dövlətçilik, hüquqi düşüncə və ictimai inkişaf baxımından əhəmiyyətinə dair mülahizələrini diqqətə çatdırıblar.

Tədbirin sonunda “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi,f.ü.f.d.,dosent Əli İbrahimov “Konstitusiyam- hüququm  dayağım"  adlı   şeiri səsləndirib.