“Hilmi Ziya Ülkən: Şərq və Qərb fəlsəfi dialoqu” monoqrafiyası Türkiyənin böyük alimi Hilmi Ziya Ülkənin anadan olmasının 125 illiyinə həsr edilmişdir
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Aytək Zakirqızı Məmmədovanın “Hilmi Ziya Ülkən: Şərq və Qərb fəlsəfi dialoqu” (Bakı, “Füyuzat”, 2026. 236 səh.) monoqrafiyası nəşr edilmişdir. Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, rəyçi fəlsəfə elmləri doktoru Dilarə Müslümzadədir.
“Hilmi Ziya Ülkən: Şərq və Qərb fəlsəfi dialoqu” monoqrafiyası Türkiyənin böyük alimi Hilmi Ziya Ülkənin anadan olmasının 125 illiyinə həsr edilmişdir.
Türkiyədə Hilmi Ziya Ülkənin yaradıcılığının müxtəlif aspektləri tədqiqat mövzusudur. Bundan əlavə, alimin əsərləri bir çox elmi və fəlsəfi problemlərin araşdırılmasında da dəyərli mənbə kimi mühüm əhəmiyyət daşıyır. Hilmi Ziya Ülkən irsinin təbliğində qızı Gülseren Ülkənin əvəzsiz xidməti vardır. Belə ki, Gülseren xanım 1977-ci ildən 2013-cü ilə qədər fəaliyyət göstərən “Ülken Yayınları” nəşriyyat evini təsis etmiş və atasının əsərlərini davamlı şəkildə çap etdirmişdir.
A.Z.Məmmədova Azərbaycanda Hilmi Ziya Ülkən irsini araşdıran yeganə tədqiqatçıdır. Bu münasibətlə onun iki monoqrafiyası – “Türk düşüncəsi və Türkçülük tarixi haqqında” (2014) və “Türkiyə fəlsəfi fikrinin zirvəsi – Hilmi Ziya Ülkən” (2016) və əllidən artıq elmi məqaləsi çapdan çıxmışdır. Müəllifin əsərlərinin əksəriyyəti Azərbaycanda nəşr olunsa da, Hilmi Ziya Ülkənin həyat yoluna və fəlsəfi irsinə həsr edilmiş məqalə və konfrans materialları Ankara, İstanbul, Almatı, Kazan, Moskva, Ryazan və Mogilyov kimi şəhərlərdə də işıq üzü görmüşdür.
Aytək Zakirqızı Məmmədovanın “Hilmi Ziya Ülkən: Şərq və Qərb fəlsəfi dialoqu” monoqrafiyasında “Hilmi Ziya Ülkənin şəxsiyyəti və yaradıcılıq irsi: elmi və insani dəyərlərin birliyi”, “Hilmi Ziya Ülkənin düşüncə sistemində Şərq və Qərb dəyərləri” bölmələri ilə yanaşı müəllifin 2006-cı ildən, yəni iyirmi il öncədən başlayaraq mütəfəkkirin fəlsəfi irsi haqqında çap olunmuş araşdırmasından bəzi məqalələri təqdim edilmişdir.

