19.11.2026, 14:31 - Baxış sayı: 18

Afaq Əsədova: Qlobal transformasiyalar dövründə milli kimliyin qorunması xüsusi əhəmiyyət daşıyır


Hər il noyabrın üçüncü cümə axşamı qeyd olunan Dünya Fəlsəfə Günü müasir cəmiyyətdə fəlsəfi düşüncənin, milli kimliyin və mənəvi dəyərlərin rolunun bir daha dərk edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Qlobal transformasiyaların sürətləndiyi, texnoloji yeniliklərin, rəqəmsallaşmanın və geosiyasi dəyişikliklərin cəmiyyətlərin həyatına ciddi təsir göstərdiyi müasir dövrdə milli-mənəvi irsin qorunması aktual məsələlərdən birinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Dünya fəlsəfəsi şöbəsinin müdiri filologiya  üzrə fəlsəfə doktoru Afaq Əsədova bildirib. O qeyd edib ki, mənəvi dəyərlərin qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin ideoloji əsaslarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin milli kimliyin və mənəvi dəyərlərin qorunmasına yönəlmiş fəaliyyəti müstəsna rol oynayıb. Bu gün həmin siyasət Azərbaycan dövləti tərəfindən uğurla davam etdirilir. Milli kimliyin, ana dilinin, adət-ənənələrin, dini və əxlaqi dəyərlərin, ailə institutunun, mədəniyyət və incəsənətin qorunması xalqın mənəvi varlığının və tarixi yaddaşının yaşadılmasının mühüm şərtlərindəndir. Qlobal transformasiyalar yalnız siyasi və iqtisadi münasibətlərdə deyil, sosial, texnoloji və ekoloji sahələrdə də dərin dəyişikliklərlə müşayiət olunur. Dünya nizamında çoxqütblülüyə keçid meyilləri, yeni iqtisadi güc mərkəzlərinin meydana çıxması və beynəlxalq münasibətlər sisteminin yenidən formalaşması dövlətlərin inkişaf strategiyalarına təsir göstərir.

Alim diqqətə çatdırıb ki, texnoloji və rəqəmsal inqilab, süni intellektin və avtomatlaşdırmanın geniş tətbiqi əmək bazarını, insanların gündəlik həyat tərzini və ictimai münasibətləri sürətlə dəyişir. Bununla yanaşı, iqlim dəyişiklikləri, ekoloji böhranlar və yaşıl enerjiyə keçid kimi qlobal çağırışlar ölkələrin inkişaf prioritetlərini yenidən müəyyənləşdirir. Demoqrafik dəyişikliklər, urbanizasiya, əhalinin qocalması və münaqişələr nəticəsində artan miqrasiya axınları da cəmiyyətlərin sosial strukturuna təsirsiz ötüşmür. Qloballaşma və rəqəmsal media isə yerli mədəniyyətləri vahid qlobal informasiya və mədəniyyət məkanı ilə qarşı-qarşıya qoyaraq yeni dəyər sistemlərinin formalaşmasına zəmin yaradır. Belə bir şəraitdə əsas məsələ qlobal yeniliklərə və texnoloji tərəqqiyə açıq olmaqla yanaşı, tarixi köklərə, milli irsə və mənəvi dəyərlərə sadiqliyi qoruyub saxlamaqdır. Milli-mənəvi dəyərlər xalqın əsrlər boyu formalaşmış tarixi təcrübəsini, dünyagörüşünü və özünəməxsusluğunu özündə əks etdirir. Bu məsələlərə fəlsəfi yanaşma milli kimliyin mahiyyətini, cəmiyyətin inkişafında mənəvi dəyərlərin yerini və qlobal dəyişikliklər fonunda insanın mənəvi məsuliyyətini daha dərindən anlamağa imkan verir. Milli-mənəvi dəyərlərin qorunması geniş və çoxşaxəli mövzudur. Bu istiqamətdə ana dilinin, adət-ənənələrin, dini və əxlaqi prinsiplərin, ailə institutunun, mədəniyyətin və incəsənətin ayrı-ayrılıqda araşdırılması vacibdir.

Afaq Əsədova əlavə edib ki, qlobal transformasiyaların siyasi, iqtisadi, sosial, texnoloji və ekoloji aspektlərini, eləcə də onların Azərbaycan cəmiyyətinə təsirlərini bir mövzu çərçivəsində əhatə etmək mümkün deyil. Buna görə də həmin məsələlərin gələcək müzakirələrdə ayrı-ayrı istiqamətlər üzrə təhlilinə ehtiyac var. Alim Dünya Fəlsəfə Günü münasibətilə aparılan müzakirələrin əsas məqsədinin qlobal dəyişikliklər dövründə milli kimliyin və mənəvi dəyərlərin əhəmiyyətinə diqqət çəkmək olduğunu vurğulayıb.

Müxbir - Tünzalə Arazlı