“İnformasiya bolluğu cəmiyyətdə sosial yorğunluq yaradır” – Hüseyn İbrahimov
"Hazırda ümumilikdə dünyada belə bir tendensiya müşahidə olunur ki, həqiqətən informasiya bolluğu elə bir situasiya yaradıb ki, bu yalnız lokal səviyyədə deyil, həm də beynəlxalq səviyyədə insanların müxtəlif sosial şəbəkələr vasitəsilə gündəlik həyatlarında aldığı informasiyalar fərdi şüurda yeni bir proses formalaşdırır. Bu prosesdə sanki ictimai şüurla fərdi şüur birbaşa qarşı-qarşıya dayanır. Belə bir dövrdə müşahidə olunan əsas məqamlardan biri ondan ibarətdir ki, çox zaman ictimai şüurun özü sadələşir və bəsitləşir. Bu isə bir sıra proseslərin gedişinə təsir göstərir və həqiqətin üzə çıxmasına müəyyən mənada mane olur. Məsələn, dünyada ədalət, humanizm, sülh kimi anlayışların zəifləməsi, onların yerini daha aqressiv yanaşmaların alması və bu aqressiv yanaşmaların humanizm və ədalət üzərində üstünlük qazanması kimi proseslər müşahidə olunur. Bütün bunlar qlobal miqyasda ictimai fikrin və ümumilikdə ictimai şüurun müəyyən deqradasiyası kimi qiymətləndirilə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Qeyd edək ki, son illər həm qlobal, həm də yerli səviyyədə insanların gündəlik informasiya axını, sosial şəbəkə təzyiqi və sürətlənən həyat ritmi ilə daha çox üz-üzə qaldığı müşahidə olunur. Xüsusilə rəqəmsal platformaların dominantlığı, xəbərlərin fasiləsiz yenilənməsi və ictimai hadisələrə davamlı reaksiya vermək “məcburiyyəti” bir çox insanda emosional və psixoloji yorğunluq yaradır. Bu vəziyyət artıq təkcə fərdi problem kimi deyil, sosial fenomen kimi də dəyərləndirilir və “sosial yorğunluq” anlayışı gündəmə gəlir. İnsanlar getdikcə daha az reaksiya verir, daha çox uzaqlaşır və informasiya bolluğu içində seçici deyil, passiv davranmağa başlayır. Bəzi sosioloqlar bunu cəmiyyətin emosional “donma” vəziyyəti kimi izah edirlər.
Sosioloq qeyd edib ki, eyni zamanda bu tendensiya cəmiyyətlərin daxilində, həm lokal, həm də qlobal səviyyədə müxtəlif problemlər yaradır.
"İnformasiya bolluğunun əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, fərdin sosiallaşması və cəmiyyətdə gedən proseslərə adekvat reaksiyası bir çox hallarda çətinləşir. Halbuki əvvəlki dövrlərdə informasiya axını daha məhdud olduğuna görə sosiallaşma daha nizamlı şəkildə baş verirdi. Müasir dövrdə isə informasiya axınının həddindən artıq çoxluğu, müxtəlif mənbələrdən ziddiyyətli məlumatların alınması, sosial şəbəkələrdən intensiv istifadə və informasiya yorğunluğu insanların sosiallaşmasına mənfi təsir göstərir. Bu da bəzən fərdin cəmiyyətdə passivləşməsinə və sosial adaptasiyanın zəifləməsinə səbəb olur. 20-ci əsrin ortalarından informasiya cəmiyyəti anlayışının aktuallaşması, 70–80-ci illərdə informasiya sürətinin artması, 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində isə informasiya bolluğunun sosiallaşmanı sürətləndirdiyi müşahidə olunurdu. Lakin hazırda bu bolluğun yaratdığı informasiya yorğunluğu cəmiyyətlər üçün ciddi problemə çevrilir. Bundan əlavə, müxtəlif mənbələrdən gələn informasiyalar bəzən fərdi və milli şüura mənfi təsir göstərə bilir. Ailə institutu, təhsil sistemi, dini və sosial institutlar bu təsirlərdən müəyyən dərəcədə zərər görə bilir. Nəticədə fərdin sosiallaşması ziddiyyətli xarakter alır. Bu baxımdan əsas problemlərdən biri informasiyanın həddindən artıq çoxluğudur. Lazımsız xəbərlər, sosial şəbəkələrdə davamlı informasiya axını və fərdin eyni anda bir çox platformadan istifadə etməsi informasiya yorğunluğu yaradır. Bu isə mövcud biliklərin mənimsənilməsinə və yadda saxlanmasına da mənfi təsir göstərir. Nəticə etibarilə, cəmiyyətlərdə fərdi şüurda tormozlanma və qarışıqlıq halları müşahidə oluna bilər. Belə şəraitdə insanlar çıxış yolu kimi süni intellekt texnologiyalarına da müraciət edirlər. Xüsusilə gənclər və yeniyetmələr arasında informasiya bolluğu fonunda biliklərin sistemləşdirilməsi çətinləşir, bu isə təhsil prosesinə də təsir edir. Bəzən şagird və tələbələr əldə etdikləri informasiyanı uzunmüddətli yadda saxlamada çətinlik çəkirlər. Bu problemlərin həlli üçün müxtəlif addımlar atılır. Ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində mühüm tədbirlər görülür, xüsusilə azyaşlıların informasiya bolluğundan qorunması istiqamətində qanunvericilik səviyyəsində işlər aparılır. Eyni zamanda dövlət qurumlarında müvafiq mexanizmlər formalaşdırılır, təhsil müəssisələrində isə süni intellektdən istifadə və rəqəmsal savadlılıqla bağlı maarifləndirmə tədbirləri həyata keçirilir. Bu prosesdə məktəblərin üzərinə daha böyük yük düşür, çünki ailə institutu çox zaman bu maarifləndirməni tam şəkildə təmin edə bilmir. Buna görə də gənclərin informasiya mühitində düzgün yönləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda informasiya bolluğu deviant davranışların artmasına da təsir göstərə bilər. Lazımsız və ziddiyyətli informasiyalar sosial institutlarda davranış pozuntularını gücləndirə bilər və nəticədə bu hallar ictimai şüura da təsir göstərə bilər. Bu baxımdan informasiya bolluğu yalnız sosiallaşmanı deyil, həm də onun deformasiyasını — yəni reqressiv tendensiyaları sürətləndirə bilər. Nəticədə cəmiyyətlərdə sosial inkişafla yanaşı müəyyən geriləmə halları da müşahidə oluna bilər. Bu istiqamətdə media, elm və təhsil müəssisələrinin birgə tədqiqatlara və təhlillərə daha çox ehtiyacı var. Cəmiyyətin milli həmrəylik və milli maraqlar çərçivəsində informasiya mühitini düzgün idarə etməsi son dərəcə vacibdir. Bu, gələcək inkişafın əsas istiqamətlərindən birini təşkil edir".

