04.07.2026, 11:07 - Baxış sayı: 7

Azərbaycan Prezidentinin reytinqi: rəy sorğusunun nəticələrinin konseptual təhlili


                                                                                                                  I MƏQALƏ
Prezidentlik və liderlik

Müasir geosiyasi təlimlərdə və politoloji konsepsiyalarda dövlət başçısı kimi uğurlu fəaliyyətlə lider olaraq uğurlu olmağın nəzəri-konseptual izahı xüsusi yer tutur. Belə bir ümumi qənaət vardır ki, çağdaş dünyamızda müstəqil dövlətin başçısı olaraq qazanılan uğurlar lider kimi əldə edilən nailiyyətlərlə sıx bağlıdır və əksinə - uğurlu lider həm də uğurlu dövlət başçısı olan siyasətçidir.

Bu cür qarşılıqlı bağlılıq müasir dövrün xüsusiyyətlərindən qaynaqlanır. Keçən əsrin ikinci yarısından başlayaraq geosiyasi nəzəriyyələrdə məsələnin bu aspekti geniş araşdırılmaqdadır. Bizi maraqlandıran nəzəri məsələ kontekstində onların sırasında Amerika sosial-psixoloqu Edvin Hollanderin 1958-ci ildə elmi dövriyyəyə daxil etdiyi bir anlayış xüsusi yer tutmaqdadır. E.Hollander həmin dönəm üçün qeyri-adi sayılan “etibarlılıq krediti” anlayışını işlətmişdir.

Siyasi liderliyə tətbiqdə bu ifadə liderin ardıcıllarının ona olan etibarının dərəcəsini əks etdirir. Daha dəqiq anlamda liderin “etibarlılıq krediti” bir şəxsiyyət kimi liderliyə yüksəlişi zamanı qəbul edilmiş siyasi normalar çərçivəsində fəaliyyəti nəticəsində liderliyə yüksəlməsindən sonra yenilikçi olmaq, qeyri-standart addımlar atmaq və ona dəstək verən qrup üçün “qeyri-adi” görünən (ilk baxışdan alınan psixoloji təəssürat kimi) addımlar atmaq “hüququ”nun, “haqqı”nın “politoloji ölçüsüdür”!

Belə alınır ki, siyasi liderin “etibarlılıq krediti” fərd olaraq fəaliyyət müddətində toplanmış elə ehtiyat dəyərlərdir ki, liderlik müddətində ona yenilikçi olmaq, innovativ davranmaq və ilk baxışdan qeyri-müəyyən dərk edilə bilən “liderlik diapazonu” verir. Və həmin məqamdan liderlik üçün daha əhəmiyyətli mərhələ başlayır.

İctimai rəyin seçimi

“Liderlik diapazonu” özlüyündə məcazdır. O, liderin fərd kimi və sosial mühitə həlledici təsir edən lider-şəxsiyyət olaraq qeyri-adi, yenilikçi və orta seçici tərəfindən çətin qəbul edilən addımlar atmaqla “müsbət imic hüdudunda” qalıb-qalmadığını ifadə edir. Lider fərd kimi psixoloji olaraq güclü seçici dəstəyinə malikdirsə, bir müddət “etibarlılıq krediti”ndən “xərcləyə” bilər. Bunun əsas göstəricisi məhz ictimai rəydir. Həmin mərhələdə toplumun rəyi qarşısında iki seçim meydana gəlir.

Birincisi, liderin öncə normadan kənar hesab olunan və buna görə qeyri-müəyyən sayılan davranışı çox müsbət nəticələr verir.
İkincisi, liderin davranışları dövlət, ölkə və cəmiyyət üçün müsbət nəticələr vermir.

Birinci halda liderin etibarlılığı daha da artır, yəni “nüfuz krediti çoxalır”, ona yeni daha innovativ addımlar atmaq sahəsi yaradır.
İkinci halda isə lider etibarlılıq kreditini azaltmış olur ki, bu da onun ictimai rəydə nüfuzunun aşağı düşməsi kimi ifadə olunur.
Beləliklə, ümumi halda hər hansı liderin “idiosinkrazial krediti” (idiosinkrazial normadan kənaraçıxmanı ifadə edir) liderin fəaliyyətinin qrupun (geniş miqyasda - cəmiyyətin) gözləntilərinə (inanclarına, müsbət saydıqları faktorlara) uyğun gəlirsə, seçicinin etibarlılıq dərəcəsinin ictimai rəy qismində rəmzi ifadəsi keyfiyyətində çoxalır, artır. Bu prosesin rəqəmsal mənzərəsini rəyi ifadə edən ədədlərin faiz müqayisəsi əks etdirə bilir.

Əgər liderin fəaliyyəti qrupun (toplumun) gözləntilərinə uyğun kriteriyalar üzrə müsbət qiymətləndirilmirsə, onun “idiosinkrazial krediti” azalır. Bu proses davamlı olsa, liderliyin iflası qaçılmaz hal alır.

Bütün bunlar bir tərəfdən, liderliyin mürəkkəb fenomen olduğunu göstərirsə, digər tərəfdən ictimai rəy məsələsinin nə dərəcədə ciddi faktor olduğunu ifadə edir. İndi bu ümumi nəzəri-konseptual qənaətin işığında Azərbaycanda bu ilin may ayının son on günlüyündə keçirilən vacib sorğunun nəticələrinin müqayisəsinə keçək.

Etimad səviyyəsi – 87,7 faiz

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkil etdiyi sosioloji sorğuda rəyi soruşulan 1210 nəfərin 87,7 faizi Prezident və Liderə etimadını bildirmişdir. Vətəndaşların Prezidentə və Liderə yüksək etimad göstərməsinin siyasi, geosiyasi, sosial və ideoloji əhəmiyyətinin çox yüksək olduğunu vurğulamaq lazımdır. Çünki indiki mərhələdə hər bir dövlət başçısı – lider üçün vətəndaşın inamı və etibarı əsasında formalaşan siyasi, psixoloji etimadı çox ciddi anlama malikdir. Bu, o deməkdir ki, vətəndaş (seçici) dövlətin başçısını həm də cəmiyyətin lideri kimi tam qəbul edir və bütün siyasi, ictimai, iqtisadi, təhlükəsizlik, hərbi və digər sferalar üzrə fəaliyyətini dəstəkləyir. Buna dövlət başçılığı və liderliyin inklüzivliyi deyilir.

Vətəndaş (potensial və faktiki seçici) Prezident İlham Əliyevin həyata keçirdiyi proqramlara, bütövlükdə siyasi kursa yüksək etimadını 2026-cı ildə də göstərirsə, məsələyə başqa rakursda da baxmaq faydalıdır. Biz, İlham Əliyevin Prezident seçkisində qazandığı səslərlə indiki etimad səviyyəsi arasında elə bir fərq olmadığı faktını nəzərdə tuturuq. 2024-cü il seçkisində dövlət başçısı İlham Əliyev 92,12 faiz səs toplamışdı. Bu, o deməkdir ki, keçən müddət ərzində seçicinin etimadı demək olar ki, dəyişməmişdir. Müasir mərhələdə bu, olduqca yüksək göstəricidir. Cəmiyyət bütövlükdə Prezidentə və xalqın layiqli liderinə tam inanır!

Seçici səsi və cəmiyyətin qiymətləndirməsi

Digər tərəfdən, sorğuda “Prezident seçkiləri növbəti bazar günü keçirilsə, kimə səs verərdiniz” sualının qoyulması həm çox yerindədir, həm də nəticəsi əhəmiyyətlidir. Respondentlərin 91,5 faizi seçkilər indi keçirilsə, Prezident İlham Əliyevə səs verəcəklərini konkret ifadə etmişlər. Deməli, Azərbaycan Prezidentinin seçicilər qarşısında reytinqi heç dəyişməmişdir və yüksək olaraq qalır.

Bunlardan alınır ki, rəyi soruşulanların 10-dan 9-u Prezident İlham Əliyevə etimad göstərmişdir və seçici kimi İlham Əliyevin yenidən dövlət başçısı olmasına səs verməyə hazır olanların sayı daha çoxdur. Onu sorğunun aşağıdakı nəticəsindən görmək olar. Belə ki, respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirmişlər.

Bu göstəriciləri ümumiləşdirsək, nəzəri-konseptual baxımdan maraqlı qənaət əldə edə bilərik.

3 amilin sintezi

Hər şeydən öncə prezidentlik və liderlik üçün çox əhəmiyyəti olan cəmiyyətin fəaliyyətə olan müsbət münasibəti, etimadın yüksək olması və seçicinin səsi faktorları İlham Əliyevin sistem halında prezidentlik və liderlikdə nümunə olduğunu təsdiq edir. Müsbət münasibətin ifadəsi idarəetmə və aparıcılıq aspektlərində Prezident İlham Əliyevin vədlərə tam əməl etdiyini göstərir. Etimadın yüksək qalması vətəndaşların ölkə rəhbərinin və həm də xalqın liderinin dövlətçiliyə, milli maraqlara və strateji məqsədə tam uyğun olaraq fəaliyyət göstərdiyini, seçicinin səsini yenə də İlham Əliyevə verməyə hazır olması faktı isə bugünkü qarışıq dünyada cəmiyyətin öz Prezidenti və liderinin doğru siyasi kurs həyata keçirdiyinə böyük inamını ifadə edir.

Bunlar əsasında müasir politologiyada aktual sayılan bir xüsusiyyət üzərində dayanmaq olar.

Liderlik və sosial identiklik

Yuxarıda gətirilən rəqəmlərdən və vurğulanan nəzəri-konseptual məqamların müqayisəsindən aşağıdakı 4 nəticəni çıxara bilərik:
Birincisi, Prezident və layiqli lider İlham Əliyevə yüksək etimadın göstərilməsi, seçicinin yenə də ona səs verməyə hazır olması və bütövlükdə cəmiyyətin müsbət münasibətdə qalması təməlində Azərbaycanın real hərtərəfli inkişafda olması, güclü iqtisadiyyata, orduya malik olması və bütövlükdə özü-özünü təmin edən ölkəyə çevrilməsi gerçəkliyi dayanır.

İkincisi, İlham Əliyev bu nailiyyəti uzaqgörən və müdrik siyasət yeritməsi ilə əldə etmişdir. Dövlət başçısı və lider kimi Azərbaycan xalqının maraqlarını həmişə hər şeydən uca tutmuşdur. Beynəlxalq miqyasda milli maraqlarımızı, müstəqil dövlətçiliyimizi qətiyyətlə və prinsipiallıqla müdafiə etmişdir.

Üçüncüsü, İlham Əliyev Prezident və Lider kimi öz gücünü daim xalqdan almışdır. Dövlət başçısı kimi xalqa güvənmişdir. Ona görə də bütün fəaliyyəti boyu xalqın iradəsini ifadə etmişdir.

Dördüncüsü, Prezident İlham Əliyev dünya miqyasında qəbul edilən güclü siyasi lider nümunəsidir. Bu keyfiyyətdə Azərbaycan Prezidentini böyük və qətiyyətli lider xüsusiyyətlərinə malik mükəmməl şəxsiyyət kimi qəbul edirlər. Ona görə də İlham Əliyev dünyada böyük nüfuza sahibdir!

Vurğulanan nəticələrin əsasında Prezident İlham Əliyev nümunəsində liderlə cəmiyyət arasında münasibətlərin təhlilinə keçmək olar. Bu zaman başlıca kriteriya kimi sosial identikliyi götürürük.

Lider–cəmiyyət münasibətləri

Müasir müstəqil dövlətlərdə bu, özlüyündə mürəkkəb prosesdir. Ancaq lider və dövlət başçısı ilə onun ardıcılları və bütövlükdə cəmiyyətlə münasibətlərin dövlətçilik və milli maraqlar üzrə formalaşması baxımından çox əhəmiyyətlidir. Bu münasibətin konkret məzmun almasında ictimai rəy başlıca rollardan birini oynayır. Onun burada iki cəhətini ifadə edək.

Birincisi, ictimai rəyi öyrənməklə şüurun süni, qondarma, obyektivlikdən uzaq manipulyasiyasının qarşısını almaq strategiyasını müəyyənləşdirmək olar.

İkincisi, ictimai rəy dövlət başçısı və liderə hər konkret mərhələdə uğurlu fəaliyyət modelini (və ya nümunəsini) müəyyən etməyə imkan verir.

Məhz bu şərtlər daxilində sosial identiklikdən lider-cəmiyyət münasibətlərini aydınlaşdırmaqda istifadə etmək olar. Burada konkret olaraq iki istiqamətdə identiklik aktuallaşır.

Birinci istiqaməti hər bir tərəfdarın (və ya ümumi halda potensial seçicinin, vətəndaşın) özünün partiyaya və ya yeridilən siyasi kursu dəstəkləyən kəsimə psixoloji mənsubluğunun funksiyası kimi identikliyini müəyyən etməsi təşkil edir.

İkinci istiqaməti isə identikliyi qəbul etmiş tərəfdarın (potensial seçici) liderin statusunu özü üçün necə müəyyən etməsi ilə bağlıdır. Yəni fəaliyyətdə olan liderin vətəndaşın (o, tərəfdar olmaya da bilər) malik olduğu liderlik nümunəsinə hansı səviyyədə uyğun olub-olmaması ictimai rəy baxımından prinsipial elmi anlam daşıyır.

Bu iki istiqaməti sosial identikliyin siyasi aspektdə mühüm xüsusiyyətləri adlandırsaq, onda alınır ki, lider haqqında ictimai rəy məsələsi fundamental məna kəsb edir. Ona görə də lider-cəmiyyət münasibətlərinin ictimai rəy aspekti üçün qiymətləndirmə metodologiyası çox aktualdır. Həmin prizmada Azərbaycan Prezidenti haqqında indi mövcud olan ictimai rəy qiymətləndirməsi fonunda bizim mühüm hesab etdiyimiz başqa bir tezisin üzərində dayanmaq zərurəti vardır.

Həmin tezis belədir: İlham Əliyev liderliyini Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, qlobal səviyyədə öz sözünü deyən, prinsipial mövqeyə malik, müstəqil siyasət yürüdən ölkə statusu qazanması və yüksək beynəlxalq nüfuza malik olması reallığı kontekstində qiymətləndirmək çox vacibdir! Burada məsələnin faktoloji tərəfini aparılan sorğunun nəticələri təşkil edir.

Füzuli QURBANOV,

XQ-nin analitiki,

fəlsəfə elmləri doktoru

xalqqazeti.az