Şuşa Qlobal Media forumları: gündəm formalaşdıran mövzular
III MƏQALƏ
Ali dəyər: müstəqil dövlətçilik
XXI əsrdə ləyaqətli müstəqil dövlət üçün ən fəlakətli ssenari, bizcə, dövlətçiliyini itirməsidir. Bu, pafos deyildir. Bu əsrdə qövmlərin layiqli mövcudolmalarını müəyyən edən fundamental şərtlərdən alına biləcək qənaətdir. Qısaca həmin şərtlər üzərində dayanaq.
Bəşəriyyətin və ayrı-ayrı qövmlərin mövcud olmasının nəzəri-konseptual tədqiqi ilə məşğul olan alimlərin gəldikləri bir qənaət vardır: XXI əsrdə fərdi mövcudolma kollektiv varolma üzərində bərqərar olur! Yəni tarixin müxtəlif dönəmlərində “fərd, yaxud cəmiyyət daha önəmlidir?” sualının cavabı ikincinin xeyrinədir.
Bu, fəlsəfi səviyyədə ümumi qənaətdir, ona görə dərki çətin ola bilər. Daha konkret aspektdə qloballaşma prosesi kollektiv səviyyədə (siyasi və geosiyasi proyeksiyada dövlət və cəmiyyət) var ola bilmək fərdi mövcudluğu təminat altına alır.
Elə bir qövm yoxdur ki, çağdaş dönəmdə fərdləri dövlətin siyasi-hüquqi, iqtisadi, mənəvi-mədəni, cəmiyyətin də mənəvi-mədəni, əxlaqi, ideoloji dəstəyi olmadan layiqli yaşaya bilsinlər. Buna görədir ki, özünü güclü hesab edən dövlətlər bəyan edirlər ki, vətəndaşının hüququnu dünyanın hər bir guşəsində təmin etməyə müvəkkildir.
Buradan çox nəticələr çıxarılır. Bizi maraqlandıran problem kontekstində isə əsas nəticə ondan ibarətdir ki, vətəndaş cəmiyyət və dövlət qarşısında milli maraqlar məsələsində siyasi, hüquqi və mənəvi məsuliyyət daşıdığı kimi, dövlət və cəmiyyət də vətəndaşın mövcudlğunu təmin etməyə müvəkkildir. Bu qarşılıqlı müsbət asılılıq tələb edir ki, müstəqil dövlət və azad cəmiyyət öz varlığını təmin etsin, onu qorusun və imkanlarını yeni səviyyələrə yüksəltsin. Vətəndaş isə daim milli maraqları öndə tutsun, “Vətən”, “dövlət”, “müstəqillik”, “cəmiyyət”, “qövm” deyilən anlayışlar qarşısında məsuliyyətini dərk etsin.
Eyni zamanda, bu müsbət qarşılıqlı məsuliyyətin gerçəkləşməsi üçün dövlət müstəqil və xalq azad olmalıdır. Məsələnin qoyuluş tərzindən də aydın görünür ki, indiki mərhələdə istənilən cəmiyyət və dövlətin mövcudluğunda kommunikasiya, ünsiyyət mükəmməlliyi, ortaq məqsədi dərk etmək və uğrunda çalışmaq inamı aparıcı rollardan birini oynayır. Cəmiyyəti və dövləti var edən onları kollektiv olaraq birləşdirən çoxlu sayda faktorlardır.
Bu kommunikativ düzəni pozsan, toplum mövcudluq potensialını itirə bilər. Məhz bu səbəblərdən hazırda “hibrid müharibə”, “poshibrid informasiya müharibəsi”, “asimmetrik müharibə”, “kibersavaş”, “medikanal”, “mediaməkan” və digər terminlər daha çox işlədilir. Media bu kontekstdə cəmiyyət və dövlətin mövcudluğunun “onurğa sütunu”nu təmin edən parametrlər (sinergetik terminlərlə: idarəedici+nizamlayıcı xarakterli) sırasındadırlar.
Deməli, media elə bir fenomendir ki, XXI əsrin gerçəkliklərinin verdiyi üstünlükləri əks istiqamətdə də istifadə edə bilər. Yəni onun vasitəsi ilə bir cəmiyyəti qurmaq, birləşdirmək, inkişaf etdirməyə nail olmaqla yanaşı, toplumu dağıtmaq üçün də istifadə etmək prinsipcə mümkündür. Şuşa Media forumları bu prizmada strateji əhəmiyyətli tədbirlərdir. O cümlədən yalan informasiyaları ifşa etmək və dezinformasiyalarla qələbəyə hesablanmış mübarizə aparmaq müstəqil dövlətçilik və ləyaqətli cəmiyyət uğrunda verilən savaşın mühüm aspektidir!
Bütün bunların fonunda yalan və dezinformativ mahiyyətli informasiyalarla mübarizədə Şuşa Media Forumunun 2025-ci il gündəmi üçün media dayanıqlılığının rəqəmsallıq və süni intellekt kontekstində müzakirəsi mövzusunu seçməsi tamamilə yerindədir, əhəmiyyətlidir.
Media dayanıqlılığı
“Media dayanıqlılığı” xüsusi anlayışdır. O, medianın azadlığı, obyektivliyi, siyasi və texnoloji çağırışlar fonunda jurnalist etikası və peşəkarlığını saxlaması qabiliyyətini ifadə edir. Buradan alınır ki, media üçün texnoloji yeniliklərə çevik adaptasiya (məsələn, sosial şəbəkə alqoritmləri ilə işləmək bacarığı, kibertəhlükəsizlikdən müdafiə səviyyəsi və süni intellektin təsirlərini etika baxımdan neytrallaşdırmaq qabiliyyəti), auditoriyanın etibarı və s. kimi məsələlər daha da aktuallaşır.
Media dayanıqlılığı haqqında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri maraqlıdır. H.Hacıyev 4-cü Şuşa Qlobal Media Forumunun sessiyasında çıxışında demişdir: “Bugünkü dünyada media artıq sadəcə hadisələri işıqlandırmır - onlar milli dayanıqlılığın, dialoqun və beynəlxalq anlaşmanın dayağına çevriliblər... Bu gün informasiya ildırım sürəti ilə yayılır, ona inam isə müntəzəm olaraq geriləyir. Buna görə də mətbuatın fundamental dəyərlərini - həqiqət və faktların axtarışını qorumaq əsas vəzifəyə çevrilir”.
Bu proses özünəməxsus texnoloji çətinliklərlə müşayiət olunur. O cümlədən süni intellektin sürətli inkişafı və daha geniş tətbiqi ilə media mühiti arasında müəyyən ziddiyyətlər özünü göstərməyə başlamışdır. Həmin kontekstdə H.Hacıyev vurğulamışdır: “Əgər iki il əvvəl forumda süni intellekt futuristik bir şey kimi müzakirə olunurdusa, bu gün o, gündəlik həyatın bir hissəsinə çevrilib və jurnalistikanı dəyişdirib. Eyni zamanda, rəqəmsal platformaların və sosial medianın inkişafı təkcə ünsiyyəti genişləndirməyib, həm də dezinformasiya, manipulyasiya və cəmiyyətin qütbləşməsi risklərini artırıb və həqiqəti yalandan ayırmağı getdikcə çətinləşdirib”.
Deməli, media dayanıqlılığının gücləndirilməsi daha da aktuallaşmışdır.
Rəqəmsal keçid
Ümumi miqyasda rəqəmsal keçid rəqəmsal transformasiyanın analoqudur. Media kontekstində də mahiyyətcə elə bir semantik fərq yoxdur. Ancaq “rəqəmsal keçid”in “media keçid” kontekstində transformasiyadan incə bir funksional fərqi vardır. “Keçid” vəziyyətin elə dəyişməsidir ki, obyektin başlanğıc mahiyyəti saxlanılır.
Mediaya tətbiqdə bu, informativ analogiyaların rəqəmlərlə ifadə olunması fonunda “medialılığın”, “jurnalistliyin” başlanğıc keyfiyyətlərinin saxlanması deməkdir. Yəni media rəqəmlərlə “işləsə” də, özünün ənənəvi və prinsipial xüsusiyyətlərindən uzaqlaşmamalıdır. Burada, əlbəttə, informasiyanın obyektivliyi, jurnalist etikası, medianın bütövlükdə cəmiyyətin birliyi və həmrəyliyinə istiqamətlənməsi, dezinformasiya və yalandan uzaq durması kimi məsələlər ön sıradadır.
Transformasiya isə elə dərin və keyfiyyət dəyişikliyini ifadə edir ki, ümumiyyətlə, forma və məzmun dəyişir. Bunun fonunda öncəki səviyyə yenidən dərk edilir və tamamilə yeni keyfiyyətə keçir.
Mediada “keçid”in olması obyektivliyi dövlət və cəmiyyətə qarşı neqativ fəaliyyətə yol verilməməsi baxımından önəmlidir. Hərçənd dərin qatlarda keçidlə transformasiyanı bir-birindən ayırmaq olmur. Bu səbəbdən, biz terminoloji müqayisəni dərinləşdirməyin mənası olmadığını düşünürük. Eyni zamanda, medianın cəmiyyət və dövlət üçün pozitiv rol oynaması anlamında keçidin baş verməsi məsələsinin Media Forumunda müzakirəsini çox önəmli hesab edirik.
Beləliklə, rəqəmsal keçid jurnalistin öz işinə yanaşmasının ənənəvi prinsip və qaydalarını neqativ istiqamətdə dəyişməməlidir. İnformasiya sərbəstliyi və sərhədsiz “söz azadlığı” məsələsi fonunda sosial, siyasi, toplumsal dəyərlər aşılanmamalıdır, milli maraqlar arxa plana atılmamalıdır. Bu, hər bir cəmiyyət üçün eyni dərəcədə keçərli olmalıdır. Yəni biz yalnız Azərbaycanı nəzərdə tutmuruq – ümumiyyətlə, mediakanal elə mediaməkan yaratmalıdır ki, bəşəriyyətin davamlı tərəqqisinə uyğun cəmiyyət formalaşsın. Bu məqamda iki faktorun ayrıca vurğulanmasına ehtiyac görürük.
Birincisi, rəqəmsal keçid zamanı faktların süni intellektin yardımı ilə təhlili.
İkincisi, müxtəlif media kanalların (predikat) vahid mediakanalda (mübtəda kimi) birləşməsi sayəsində “konstruktiv mediaməkanın” (sosial, siyasi, ideoloji, mənəvi, mədəni, əxlaqi birliyin informasiya təmini) formalaşması.
Təhlil
Müşahidələr nəyi göstərir? Son illər informasiya sərbəstliyinin artması fonunda çoxlu sayda “təhlilçi” özünü “obyektiv ekspert” kimi təqdim etməyə çalışır. Bu “obraz ilğımı” kölgəsində guya fərqli (lakin “obyektiv”) fikir bəyan edir. Ancaq diqqət edəndə əsl hiylə və qərəzin məhz bu “obyektiv”, “fərqli”, “faktlara dayanan” təqdimatda olduğu görünür. Guya sual “neytral”, “ədalət naminə”, “əlahəzrət fakt əsasında” qoyulur və ona cavab da, təbii ki, “obyektiv” və ya “tərəfsizdir”.
Ümumiyyətlə, bu dünyada tərəfsiz deyilən bir mənəvi fəaliyyət növü mövcud deyildir. XX əsrdə filosoflar deyirdilər ki, “deyilən hər söz kimsə tərəfindən deyilir” (Merlo-Ponti). Universal “tərəfsizlik” boş semantik sahə və ya mövqe ilğımıdır. Xüsusilə mediada “tərəfsiz informasiya” tərəfdarları ən qatı tərəfçidirlər – onlar özləri üçün müəyyən etdikləri “tərəfsizlik meyarları”ndan bir addım belə kənara çıxmaq istəmirlər.
Məsələn, II Qarabağ müharibəsində əsasən Qərbdən gələn “tərəfsiz jurnalistlər” sətiraltında (məsələn, insan haqları sözünün semantik çətiri altında) anti–Azərbaycan və antiazərbaycanlı mövqedən fəaliyyət göstərirdilər. Bu qatı tərəfkeşliklərini “liberal söz azadlığı” nümunəsi kimi Qarabağ məsələsini bilməyən milyonlarla insana sırıdılar.
Daha konkret fakt göstərə bilərik. Azərbaycan əsgərinin öz torpaqlarını azad etməsi üçün keçirdiyi hərbi əməliyyatları “terror aktı” kimi təqdim edən fransız mediasının bu məsələdə adı nədir? Və ya Rusiyadan xüsusi göndərilmiş və arxasında bir erməninin dayandığı xüsusi media qrup çaşdırıcı, qərəzli informasiyaları ilə insanlarda yanlış təsəvvürlər formalaşdırırdı. Həmin layihə “WarGonzo” adlanırdı və müəllifi Semyon Peqov idi. S.Peqov isə erməni mediamaqnat Aram Qabrelyanın əmrlərini yerinə yetirirdi.
Başqa bir maraqlı nümunə də var. İspaniyanın EFE informasiya agentliyinə çalışan Pablo Qonsalez (sonra məlum olub ki, əsl adı Pavel Rubtsovdur və Rusiya kəşfiyyatına işləyirmiş) 2021-ci il yanvarn 28-də “Lenta.ru”ya verdiyi müsahibədə prinsipcə, Qarabağ məsələsinə Ermənistan mövqeyindən yanaşsa da, müəyyən həqiqətləri etiraf etmişdir. Məsələn, Azərbaycan əsgərlərinin dinc sakinlərə atəş açmadığını söyləmişdir. Ümumi olaraq Qarabağdakı savaş haqqında yanlış və tərəfli informasiyalar ötürüldüyünü demişdir. Məsələn: “Əgər cəmiyyət (Ermənistan cəmiyyətini nəzərdə tutur – F.Q.) cəbhədəki real vəziyyətin, müharibədə əslində, nələrin baş verdiyinin fərqində olsaydı, bəlkə də ermənilər liderlərini fərqli davranmağa məcbur edərdilər”. Bundan dərhal sonra məsələnin media kontekstinə keçir. Deyir ki, “jurnalistikanın gücü budur, amma senzura olduğu üçün bunların heç biri baş vermədi. Baş verənlərə inanmaq üçün sadəcə bir istəksizlik var idi”.
Nəhayət, müsahibənin bir maraqlı fraqmenti: “Ermənistandan “qonaqlar” tez-tez bölgəyə gəlirdilər; onları Xankəndidə görmək olurdu. Onlar bir növ “gəzinti maşını” idilər: hamısı bahalı maşınlarda (bəzən hətta Rusiya nömrə nişanları ilə) dolaşırdılar. Onlar gəlib dayandılar, ətraf yerlərə maşın sürdülər və sonra Ermənistana qayıtdılar”.
Hətta Rusiya kəşfiyyatının adamı belə Qarabağda savaşın ermənilər və havadarları tərəfindən obyektiv işıqlandırılmadığını etiraf edirsə, təsəvvür edək ki, tam real vəziyyət informasiya sahəsində çox qərəzli olmuşdur. Deməli, özlərini “obyektiv” və “tərəfsiz” təqdim edənlər əslində, hansısa xüsusi dairələrə qulluq edirlər.
Eyni zamanda, məhz bu kimi halların geniş yayıldığı bir dönəmdə mediakanalın və mediaməkanın “təmiz” olması strateji əhəmiyyət kəsb edir. Həmin anlamda “medianın dayanıqlılığı” anlayışı çox aktual görünür. Bu prizmada təhlilin obyektivliyi və “konstruktiv mediaməkanın formalaşması” məsələləri IV Şuşa Qlobal Media Forumunun mövzusu baxımından xüsusi məna kəsb edir. Forumun mövzusu “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” idi.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

