27.10.2026, 12:42 - Baxış sayı: 4

“Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” və “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbələrinin birgə elmi-nəzəri seminarı keçirilib


26 oktyabr 2026-cı il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” və “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbələrinin birgə elmi-nəzəri seminarı keçirilmişdir.

Seminarda “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Günel Aslanlı “Heydər Əliyev irsində gənclər siyasəti: milli dövlətçilikdən qlobal düşüncəyə” mövzusunda məruzə ilə çıxış etdi.

Çıxışında t.ü.f.d. G.Aslanlı Heydər Əliyevin siyasi irsində gənclər siyasəti haqqında bəhs edərkən qeyd etdi ki, məsələyə yalnız Ulu öndər Heydər Əliyevin gənclərə göstərilən diqqət və qayğı prizmasından yanaşmaq kifayət etmir. Çünki Heydər Əliyevin gənclərlə bağlı siyasəti əslində daha geniş bir dövlətçilik konsepsiyasının tərkib hissəsi idi. Məhz buna görə də Heydər Əliyevin gənclər siyasətini yalnız sosial siyasət kimi deyil, həm də dövlətin gələcəyinin strateji layihələndirilməsi modeli və kadr siyasəti kimi qiymətləndirməyi daha doğru hesab edir.

Heydər Əliyevin gənclər siyasəti Azərbaycanın milli dövlətçilik təməllərini qorumaqla yanaşı, gənc nəslin müasir dünya inteqrasiyasına və qlobal təfəkkürə yiyələnməsinə yönəlmişdir. Gənclərin mükəmməl təhsil almasını, xarici ölkələrdə təcrübələnməsini, dünyada gedən prosesləri bilməsini, eyni zamanda vətənpərvər, milli dəyərlərə bağlı, xalqına və dövlətinə xidmət etməsini vacib hesab edirdi.

Bu gün Azərbaycan gəncliyi savadlı, təşəbbüskar, milli və qlobal düşüncəyə malik bir nəsil kimi ölkənin gələcəyini formalaşdırır. Bu proseslərdə məhz Heydər Əliyevin gənclər siyasətinin tarixi əhəmiyyəti ortaya çıxır.

Seminarın digər məruzəçisi “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin doktorantı, s.e.ü.f.d., dosent Şəbnəm Zeynalova “Müstəqil Azərbaycanın diplomatiya siyasəti” mövzusunda məruzə ilə çıxış etdi.

Çıxışında s.e.ü.f.d., dosent Ş.Zeynalova vurğuladı ki, müstəqil Azərbaycanın diplomatiya siyasəti milli maraqların qorunmasına, suverenliyə, regional və qlobal səviyyədə münasibətlərin qurulmasına əsaslanır. S.e.ü.f.d., dosent Ş.Zeynalova ümumilikdə diplomatiyanın əsas prinsip və istiqamətlərindən qeyd etdi və bildirdi ki, diplomatiya tarix boyu hər bir dövlət üçün xüsusi əhəmiyyətli fəaliyyət sahəsi olub. Azərbaycan dövlətçilik tarixi müəyyən mənada diplomatiya tarixi ilə sıx bağlıdır. Hazırki dövrdə meydana gələn bir neçə diplomatik fəaliyyət formaları mövcuddur. Azərbaycanda da “Xalq diplomatiyası” növündən istifadə edilir. Müasir şəraitdə “xalq diplomatiyası”ndan cəmiyyətlər arasında dialoqun təşkilində, mədəniyyətlərarası əməkdaşlığın tərəqqisində istifadə olunur.

Qlobal miqyasda isə “Şəbəkə diplomatiyası” anlayışı dövlətin bir neçə beynəlxalq təşkilatlarla birgə fəaliyyətini nəzərdə tutur. Azərbaycanın da eynizamanda bu diplomatik yanaşmadan istifadə etməsini həm regional, həm də qlobal səviyyəli beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının nəticəsi olaraq göstərmək olar.

T.e.d. Eynulla Mədətli və f.e.d., prof. Rəna Mirzəzadə məruzəçilərə mövzularla bağlı müsbət fikirlər bildirdilər və elmi işlərində uğurlar arzuladılar.

Seminar mövzusu ətrafında diskussiyalar olmuş, geniş müzakirələr aparılmışdır.

Seminarda “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” və “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbələrinin əməkdaşları: baş elmi işçilər, f.e.d. Z.Ağayeva, f.e.d., dos. L.Mövsümova, aparıcı elmi işçilər, t.ü.f.d. G.Aslanlı, s.e.ü.f.d., dos. Ş.Zeynalova, f.ü.f.d. T.Qasımova, f.ü.f.d., dos. Ə.İbrahimov, elmi işçilər N.Əlicanova, S.Quliyeva, T.Quliyev, baş laborant G.Cabarova və laborant M.Əliyeva, şöbələrin doktorantları iştirak etmişlər.