30.10.2026, 14:31 - Baxış sayı: 15

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda rəqəmsal hesabat modelinin tətbiqi məsələləri müzakirə olunub


Oktyabrın 30-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda rəqəmsal hesabat modelinin tətbiqi, elmi fəaliyyətin rəqəmsal transformasiyası və elektron idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə institutun elektron göstəricilər sisteminin (İREM) fəaliyyəti, bulud texnologiyaları əsasında hesabatlılıq mexanizmlərinin təşkili, elmi tədqiqat nəticələrinin müvafiq elektron panellərdə yerləşdirilməsi, eləcə də impakt faktorlu elmi jurnallarda dərc olunmuş məqalələrin sistemə daxil edilməsi məsələləri diqqət mərkəzində olub.

Tədbiri giriş sözü ilə açan İnstitutun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov rəqəmsallaşma prosesinin elmi müəssisələrin fəaliyyətinin müasir tələblərə uyğun təşkili baxımından əhəmiyyətini vurğulayıb. O, rəqəmsal hesabat modelinin səmərəli tətbiqini təmin etmək məqsədilə elmi müəssisələrin fəaliyyət xüsusiyyətlərini nəzərə alan müvafiq təlimatın hazırlanmasının və institutlara təqdim edilməsinin vacibliyini qeyd edib.

Çıxışında rəqəmsal hesabat modelinə keçid, elmi fəaliyyətin bal sistemi əsasında qiymətləndirilməsi, elmi müəssisələrin vahid rəqəmsal transformasiya prosesinə inteqrasiyası və bu istiqamətdə fəaliyyətin sistemli şəkildə qurulması məsələlərinə toxunan Məhəmməd Cəbrayılov mövcud yeniliklər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O, həmçinin institut əməkdaşları ilə mövzu ətrafında fikir mübadiləsi apararaq səsləndirilən təklifləri dinləyib.

Daha sonra şöbənin baş mütəxəssisi Rizvan Abasov çıxış edərək rəqəmsal hesabat sisteminin tətbiqi mexanizmləri barədə məlumat verib. O, elmi fəaliyyət göstəricilərinin rəqəmsal platformalarda əks etdirilməsi, hesabatlılıq prosesinin daha çevik və sistemli təşkili, elmi nəticələrin elektron bazaya daxil edilməsi, habelə müasir idarəetmə yanaşmalarının tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir çərçivəsində rəqəmsal hesabat modelinin tətbiqi ilə bağlı praktiki məsələlər müzakirə olunub, elektron sistemlərdən istifadənin təkmilləşdirilməsi və elmi fəaliyyət göstəricilərinin dolğun əks etdirilməsi istiqamətində fikir və təkliflər səsləndirilib.