19.10.2026, 15:22 - Baxış sayı: 32

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda rəqəmsal hesabat modelinin tətbiqi məsələləri müzakirə olunub


Oktyabrın 19-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda rəqəmsal hesabat modelinin tətbiqi və elmi fəaliyyətin rəqəmsal transformasiyası məsələlərinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclasında respublikanın yeni rəqəmsal inkişaf strategiyasından irəli gələn vəzifələrin, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyətin səmərəli təşkili və elmi müəssisə və təşkilatlarda yeni rəqəmsal idarəetmə modelinin tətbiqi məsələlərinin müzakirə olunduğunu diqqətə çatdırıb.

Professor İlham Məmmədzadə Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi prioritetlərə uyğun olaraq, Akademiyanın idarəetmə sistemində rəqəmsal transformasiya proseslərinə inteqrasiyanın əhəmiyyətini vurğulayıb. O, elmi müəssisələrdə rəqəmsal hesabat modelinin ilk dəfə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tətbiq olunduğunu xatırladaraq, pilot layihənin növbəti mərhələsinin icrası üçün Fəlsəfə və Sosiologiya İnstitutunun seçildiyini bildirib. Bu modelin tətbiqinin elmi fəaliyyətin qiymətləndirilməsi, hesabatlılığın təkmilləşdirilməsi və idarəetmə proseslərinin səmərəliliyinin artırılması baxımından əhəmiyyətini qeyd edib.

Tədbirdə çıxış edən  İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov rəqəmsallaşma istiqamətində vaxtında atılmış addımları yüksək qiymətləndirib. O, rəqəmsal hesabat modelinin tətbiqinin səmərəli təşkili məqsədilə elmi müəssisələrin fəaliyyət xüsusiyyətlərini nəzərə alan müvafiq təlimatın hazırlanaraq institutlara təqdim olunmasının vacibliyini vurğulayıb.

Sonda AMEA-nın Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin baş mütəxəssisi Aida Tağıyeva rəqəmsal hesabat modelinə keçid, elmi fəaliyyətin ballar əsasında qiymətləndirilməsi, elmi müəssisələrin rəqəmsal transformasiya proseslərinə inteqrasiyası və bu istiqamətdə elmi fəaliyyətin sistemli təşkili məsələləri barədə ətraflı məlumat verib. O, həmçinin institut əməkdaşları ilə müvafiq məsələlər ətrafında fikir mübadiləsi aparıb, rəqəmsal hesabat sisteminin tətbiqi ilə bağlı müzakirələrdə iştirak edib.

Tədbir elmi fəaliyyətin rəqəmsal əsaslarla təşkili, hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi və müasir idarəetmə yanaşmalarının tətbiqi istiqamətində fikir mübadiləsi ilə yadda qalıb.