19.10.2026, 15:50 - Baxış sayı: 9

Azərbaycan elmi və mənəvi irsi Böyük Britaniyanda: Kembric Universitetində Nizami Gəncəvi irsinə həsr olunmuş beynəlxalq konfrans təşəbbüsü və Londonda elmi-mədəni tədbirlər


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Zöhrə Əliyevanın təşkilatçılığı və koordinasiyası ilə Azərbaycan alimlərinin Böyük Britaniyada keçirdikləri görüşlər və elmi-mədəni tədbirlər milli ədəbi-fəlsəfi irsin beynəlxalq akademik mühitdə tanıdılması və Azərbaycan elmi diplomatiyasının inkişafı baxımından əhəmiyyətli addım olub.

2026-cı il oktyabrın 12–13-də Böyük Britaniyada Azərbaycan xalqının zəngin elmi, ədəbi, maarifçilik və mənəvi-fəlsəfi irsinin beynəlxalq səviyyədə təqdim olunmasına yönəlmiş görüşlər və tədbirlər keçirilib. Səfər çərçivəsində Kembric Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinə həsr olunmuş beynəlxalq elmi konfransın təşkili təşəbbüsü irəli sürülüb, görkəmli Azərbaycan alimlərinin əsərləri universitet kitabxanasına hədiyyə edilib. Londonda isə Azərbaycan maarifçiliyinə, fəlsəfi irsinə və milli mədəniyyətinə həsr olunmuş tədbirlər təşkil olunub.

2026-cı il oktyabrın 12-də azərbaycanlı alimlər Kembric Mərkəzi Asiya Forumunun (Cambridge Central Asia Forum) direktoru, Kembric Universitetinin Kavendiş laboratoriyasının tədqiqat professoru və Jesus College-in fəxri elmi əməkdaşı (Bye-Fellow) professor Siddharth S. Saxena ilə görüşüblər.

Görüş zamanı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfransın Kembric Universitetində keçirilməsi ilə bağlı təşəbbüsü professor Siddharth S. Saxenaya təqdim edilib.

Təşəbbüsün əsas məqsədi Nizami Gəncəvinin Azərbaycan xalqının yetişdirdiyi böyük şair və mütəfəkkir kimi beynəlxalq akademik mühitdə layiqli şəkildə təmsil olunması, onun Gəncə ilə tarixi-mədəni bağlılığının, Azərbaycan ədəbiyyatı və fəlsəfi düşüncəsindəki müstəsna yerinin elmi əsaslarla araşdırılmasıdır. Konfransın, eyni zamanda, Nizami irsinin dünya ədəbiyyatı və fəlsəfi fikri kontekstində öyrənilməsinə, Azərbaycan nizamişünaslıq məktəbinin nailiyyətlərinin beynəlxalq elmi müzakirələrə cəlb olunmasına töhfə verməsi nəzərdə tutulur.

Professor Siddharth S. Saxena təşəbbüsə maraq göstərərək yaxın aylarda beynəlxalq elmi konfransın keçirilməsi imkanlarının müzakirə olunmasını təklif edib. Görüş Azərbaycan alimləri ilə Kembric Universitetinin akademik mühiti arasında elmi əlaqələrin genişləndirilməsi və Nizami Gəncəvi irsinin beynəlxalq səviyyədə tədqiqi istiqamətində yeni əməkdaşlıq perspektivləri açır.

Görüş çərçivəsində Azərbaycan nizamişünaslığının nailiyyətlərini əks etdirən üç fundamental elmi əsər Kembric Universitetinin kitabxanasına hədiyyə olunub:

  • Akademik İsa Həbibbəyli — The Great Azerbaijani Poet Nizami Ganjavi;
  • Akademik Gövhər Baxşəliyeva — Ethnic Identity of Nizami Ganjavi;
  • Akademik Teymur Kərimli — Nizami və Şekspir.

Bu nəşrlər Nizami Gəncəvinin yaradıcılığının, etnik-mədəni kimliyinin və dünya ədəbiyyatı ilə əlaqələrinin müxtəlif elmi istiqamətlərdən araşdırılmasını əks etdirir. Əsərlərin Kembric Universitetinin kitabxanasına hədiyyə edilməsi Azərbaycan alimlərinin tədqiqatlarının beynəlxalq elmi ictimaiyyət üçün əlçatanlığının artırılması və milli ədəbi-fəlsəfi irsimizin dünya akademik məkanında daha geniş öyrənilməsi baxımından əhəmiyyətlidir.

Oktyabrın 13-də Londonda Azərbaycan maarifçiliyinə, fəlsəfi irsinə və milli mədəniyyətinə həsr olunmuş tədbirlər davam etdirilib. Tədbirlər Yunus Əmrə İnstitutu və Kral İncəsənət Cəmiyyəti (Royal Society of Arts — RSA) ilə əlaqəli məkanlarda təşkil olunub.

Tədbirlərin açılışında Kral İncəsənət Cəmiyyətinin üzvü, siyasi analitik və jurnalist Neil Watson çıxış edərək Azərbaycan mədəniyyətinin və intellektual irsinin beynəlxalq auditoriyaya təqdim olunmasının əhəmiyyətini vurğulayıb.

Dosent Zöhrə Əliyeva çıxışında XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik hərəkatının inkişafından, milli tərəqqi ideyalarının formalaşmasından və görkəmli xeyriyyəçi, maarifçi Hacı Zeynalabdin Tağıyevin təhsil və mədəniyyətin inkişafındakı rolundan bəhs edib. O, Azərbaycan maarifçiliyinin milli özünüdərkin güclənməsi, təhsilin yayılması, ictimai tərəqqinin təşviqi və müasir düşüncənin formalaşması baxımından əhəmiyyətini diqqətə çatdırıb. Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyəti isə cəmiyyətin inkişafında təhsilə və insan kapitalına sərmayə qoyuluşunun tarixi nümunəsi kimi təqdim olunub.

Tədbirlər proqramı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən bərpa və rənglənmə işləri aparılmış “Arşın mal alan” filminin ingiliscə subtitrlərlə nümayişi də təşkil edilib. Azərbaycan kinematoqrafiyasının görkəmli nümunələrindən olan bu əsər milli musiqinin, səhnə sənətinin və mədəni irsin beynəlxalq auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bununla yanaşı, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Piri-sani Seyid Yəhya Bakuvi” kitabı Yunus Əmrə İnstitutunun və Kral İncəsənət Cəmiyyətinin kitabxanalarına hədiyyə edilib. Nəşrin təqdim olunması Azərbaycan mənəvi-fəlsəfi irsinin beynəlxalq oxucular üçün əlçatanlığının genişləndirilməsinə və ölkəmizin tarixi-mədəni irsinin tanıdılmasına xidmət edir.

Böyük Britaniyada keçirilən görüşlər və elmi-mədəni tədbirlər Azərbaycan elminin, ədəbiyyatının, fəlsəfi düşüncəsinin və mədəniyyətinin beynəlxalq akademik və ictimai mühitdə təqdim olunması baxımından əhəmiyyətli olub. Kembric Universitetində Nizami Gəncəvi irsinə həsr olunmuş beynəlxalq konfrans təşəbbüsünün irəli sürülməsi, fundamental elmi nəşrlərin universitet kitabxanasına hədiyyə edilməsi, eləcə də Londonda Azərbaycan maarifçiliyinin və mədəniyyətinin müxtəlif istiqamətlərinin təqdim olunması səfərin əsas nəticələrini təşkil edib.

Həyata keçirilən bu təşəbbüslər Azərbaycan elmi diplomatiyasının inkişafı, milli mədəni irsin beynəlxalq səviyyədə tanıdılması və elmi-mədəni dialoqun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.