Rusiyalı filosoflarla Fəlsəfə İnstitutunda görüş keçirilib
Qonaqları salamlayaraq xoşgəldin deyən Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə həmkarlarını Fəlsəfə İnstitutunda görməkdən məmnunluğunu ifadə etdi. Azərbaycan və Rusiya elmi əlaqələrinə toxunan alim, hər iki ölkənin alimlərinin birgə əməkdaşlığından söhbət açaraq, bu sahədə Azərbaycan və Rusiya filosoflarının fəaliyyətindən, təşkil etdikləri beynəlxalq elmi konfranslardan və görülən digər işlərdən geniş bəhs etdi. Əməkdaşlıqlarının bundan sonra da davam edəcəyini deyən İlham Məmmədzadə, hər iki ölkənin alimlərinin elm sahəsinə böyük töhvələr verdiyini qeyd etdi.
Çıxış edən rusiyalı alimlər və Fəlsəfə İnstitutunun əməkdaşları fəlsəfə üzrə elmlər doktoru, professor Əli Abbasov, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasov, fəlsəfə üzrə fəlsəfə doktoru Rövşən Hacıyev, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov və b. “Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda keçirilən konfransın əhəmiyyətindən danışaraq mövzu ətrafında qarşılıqlı müzakirə aparıblar.
Tədbir zamanı rusiyalı alimlər bir daha mövzunun əhəmiyyətini qeyd edərək, konfransa dəvət olunduqlarına görə, təşkilatçılara minnətdarlıqlarını bildirdilər.
Sonda Fəlsəfə İnstitutunun əməkdaşlarının elmi nəşrləri qonaqlara hədiyyə olundu.

