Azərbaycan nümayəndə heyəti Pekində Tayhu Dünya Mədəniyyət Forumunda iştirak edib
Azərbaycanı bu beynəlxalq forumda Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
İclasın açılış mərasimində çıxış edən Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) sədr müavini Van Çen Çin Xalq Respublikasının Sədri Si Cinpinin forum iştirakçılarına müraciətini oxuyub. O, forumun müxtəlif mədəniyyətlərin mübadiləsi vasitəsilə birgə gələcəyin qurulmasına dair müzakirələrin aparılması üçün yaxşı platforma olduğunu deyib.
Baş nazirin müavini Əli Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tayhu Dünya Mədəniyyət Forumunun 5-ci illik iclasının iştirakçılarına müraciətini oxuyub.
Azərbaycan-Çin münasibətlərinin böyük tarixi olduğunu diqqətə çatdıran Əli Əhmədov deyib ki, ölkəmiz Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına əhəmiyyət verir. Möhkəm təməllər üzərində qurulan, dostluq və qarşılıqlı etimada əsaslanan Azərbaycan-Çin əlaqələrini hazırda dinamik inkişaf edən çoxtərəfli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirmək olar.
Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün əməkdaşlığımızın daha da dərinləşməsi üçün yeni imkanlar yaratdığını diqqətə çatdıran Baş nazirin müavini əlavə edib ki, Azərbaycan bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biri olmaqla yanaşı, onun icrasına töhfə verməyə hazırdır.
Qeyd olunub ki, tarixən müxtəlif xalqların və fərqli dinlərə inananların sülh, mehriban şəraitdə yaşadıqları Azərbaycan multikulturalizm, tolerant dəyərləri ilə seçilib. Hazırda multikulturalizm Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı, cəmiyyətin həyat tərzidir.
Dünyanı narahat edən mövzuların müzakirəyə çıxarıldığı Tayhu Forumunun əhəmiyyətini qeyd edən Baş nazirin müavini deyib ki, birgə xoşbəxt gələcəyin qurulması hər kəsi düşündürən məsələ olmalıdır.
Ümumi, 6 tematik və yekun iclaslardan ibarət forumda beynəlxalq münasibətlər, iqtisadiyyat, mədəniyyət, ekologiya, fəlsəfə, sosiologiya və təbabət mövzularında, habelə “Bir kəmər, bir yol” təşəbbüsünə dair müzakirələr aparılır.
Azərbaycan ümayəndə heyətinin üzve AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə formda “Bizim müasirliyin fəlsəfəsi və maarifçilik” adlı məruzə ilə çıxışb edib.
Nümayəndə heyətinin digər üzvləri də iclasın müxtəlif mövzularda bölmə iclaslarında məruzəçi qismində çıxış ediblər.
Qeyd edək ki, illik iclas Çinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Tayhu Dünya Mədəniyyəti Forumu və nüfuzlu “China Daily” qəzeti tərəfindən təşkil edilib.

