“Keçmişdən günümüzə Naxçıvan Bektaşiləri” kitabının təqdimatı olub
Tədbirdə AMEA-nın Fəlsəfə, Tarix, Şərqşünaslıq, Arxeologiya və Etnoqrafiya institutlarının əməkdaşları, respublikanın qabaqcıl alimləri və Bektaşilər nəslinin nümayəndələri iştirak ediblər.
Mərasimi Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli açaraq 700 il bundan öncə yaranmış Bektaşilik təriqətinin türkçülüyə və İslam mədəniyyətinə mühüm töhfələr verdiyini söyləyib. Qeyd edib ki, bəşəri keyfiyyətlərə malik olan bektaşilik tarixən elmə, təhsilə, mədəniyyətə, qadın və kişi bərabərliyinə, əxlaqi dəyərlərə önəm verib, ayrı-seçkiliyə qarşı kəskin mübarizə aparıb.
Son illərdə AMEA-nın Fəlsəfə, Tarix və Şərqşünaslıq institutlarında bu təriqətlə bağlı önəmli tədqiqat işlərinin aparıldığını, kitabların ərsəyə gətirildiyini deyən alim bildirib ki, təqdimatı keçirilən nəşrdə Bektaşi sülaləsinin tarixi haqqında qiymətli sənədlər yer alıb.
Sonra kitabın müəlliflərindən Etimad Bektaşi çıxış edərək bildirib ki, vəsaitdə tarixi araşdırmalar, arxiv materialları ilə yanaşı, bəzi faktlar ilk dəfə dərc olunub. Nəşrin yeni tədqiqatlar üçün əhəmiyyətli material olduğunu deyən E.Bektaşi vurğulayıb ki, Bektaşilik soy xarakteri daşımaqla yanaşı, həm də Naxçıvanın sosial, siyasi, elm, təhsil və mədəniyyətində əhəmiyyətli rol oynayıb.
O, kitabın əsas qayəsinin kökü yüz illərə dayanan Bektaşilər nəslinin millətinə, vətəninə göstərdiyi xidmətləri, yaşam fəlsəfəsini, insani dəyərləri oxuculara çatdırmaq olduğunu deyib. E.Bektaşi nəşrdə, həmçinin Hacı Bektaş Vəlinin ruh saflığının, düşüncə tərzinin, haqq və hüquq mübarizəsinin, eləcə də nəslin digər nümayəndələrinin maarifçiliyinin, humanizminin əksini tapdığını diqqətə çatdırıb.
Qeyd edək ki, kitabın elmi redaktoru və "Ön söz"ün müəllifi İnci Qədirzadə, rəyçiləri - AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə və pedaqoji elmlər doktoru, professor Rüfət Hüseynzadədir.

