“Müasir dövrdə Azərbaycanın düşüncə tarixində müharibə və postmüharibə məsələləri” kitabı nəşr edilmişdir
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Aytək Zakirqızı Məmmədovanın “Müasir dövrdə Azərbaycanın düşüncə tarixində müharibə və postmüharibə məsələləri” (Bakı, Füyuzat, 2025. 120 səh.) kitabı nəşr edilmişdir. Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, rəyçi fəlsəfə elmləri doktoru Dilarə Müslümzadədir.
“Müasir dövrdə Azərbaycanın düşüncə tarixində müharibə və postmüharibə məsələləri” kitabı müəllifin atası Zakir Məmmədovun və anası Sevda xanımın əziz xatirəsinə ithaf edilmişdir.
Azərbaycanın düşüncə tarixi ilə əlaqədar məsələlərin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Dünya elminə və mədəniyyətinə böyük töhfələr bəxş etmiş qədim və zəngin düşüncə tarixinə malik Azərbaycan xalqının hərb və döyüş tarixinin tədqiqi hər zaman aktualdır. Bu baxımdan müasir dövrdə Azərbaycanın düşüncə tarixində müharibə və postmüharibə məsələlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir.
Kitabda 08 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ağ Evdə mətbuata bəyanatla çıxışı, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin imzalanması, 1992-ci ildə ABŞ Konqresi tərəfindən erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəlişin dayandırılması ilə əlaqədar məsələlər öz əksini tapmışdır.
Aytək Zakirqızı Məmmədovanın “Müasir dövrdə Azərbaycanın düşüncə tarixində müharibə və postmüharibə məsələləri” kitabında “Azərbaycanın ictimai-siyasi həyatına baxış: tarixilik və müasirlik kontekstində”, “Azərbaycanın ayrılmaz hissəsi Qarabağ”, “XX əsrdə müharibə və postmüharibə məsələlərinin qaynaqlarda ifadəsi”, “Azərbaycanlılara qarşı soyqırım hadisələrinə tarixi və mənəvi baxış” adlı bölmələr vardır.

