16.06.2026, 11:43 - Baxış sayı: 40

Türkiyənin Ərzurum şəhərində “Modern İpək yolu üzərində türk dövlətlərinin siyasi və iqtisadi inteqrasiya prosesləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib


11-12 iyun 2026-cı il tarixlərində Türkiyənin Ərzurum şəhərində “Modern İpək yolu üzərində türk dövlətlərinin siyasi və iqtisadi inteqrasiya prosesləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir. AMEA Fəlsəfə və Sosiologiya İnstitututunun təşəbbüsü və Azərbaycam Memarlıq və İnşaat Universitetinin iştirakı və dəstəyi ilə keçən ilin noyabrında Bakıda Türkiyənin Atatürk Universitetinin və Özbəkistanın Kokand Universitetinin elmi əməkdaşlarının iştirakı ilə ilk konfrans keçirildi və bu mövzuda elmi konfransların davam etdirilməsi qərara alındı. Bu elmi əlaqələrin davamı olaraq təşkil edilən Ərzurum konfransı yenə Azərbaycan, Türkiyə və Özbəkistan tədqiqatçılarını bir araya gətirdi.

Konfransın açılışında Atatürk Universitetinin İqtisad və İdari Elmlər fakultəsinin dekanı Hüseyn Əli Kutlu, Univesitetin prorektoru xanım Reyhan Keleş, Ərzincan Binəli İldırım Universitetinin İqtisad və idari elmlər fakultəsinin dekanı Kərəm Karabulud, Ərzurumun Aziziyə Bələdiyə başqanı Əmrullah Akpunar, Palantökən Bələdiyə başqanı Muhammed Sunar çıxış etdilər.

Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli, İnstitutun ümumi işlər üzrə direktor müavini Qabil Camalov, İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri Füzuli Qurbanov, Türk xalqlarının ictimai fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri Faiq Ələkbərli, Azərbaycan Tibb Universitetinin İctimai elmlər kafedrasının müdiri Qoşqar Əliyev həm plenar iclasda, həm də bölmə iclaslarında məruzələr etdilər. Konfransda Türkiyənin və Özbəkistanın Universitetlərinin və elmi mərkəzlərinin tədqiqatçılarının elmi məruzələri dinlənildi. 

Konfransın gedişində Atatürk Universitetinin rektoru Əhməd Hacımüftüoğlu ilə görüş və Atatürk Universiteti ilə tanışlıq təşkil edildi, müəllimlər və tələbələrlə fikir mübadiləsi aparıldı. Gələn konfransın Özbəkistanın Kokand şəhərində keçirilməsi və digər türk dövlətlərinin də tədqiqatçılarının dəvət edilməsi razılaşdırıldı.