06.07.2026, 11:16 - Baxış sayı: 6

Terrorizmin Sosial-Psixoloji Tədqiqinin Konseptual Əsasları adlı kitab nəşr olunub


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Hüseynovanın “Terrorizmin sosial-psixoloji tədqiqinin konseptual əsasları” adlı (Bakı: “Füyuzat” nəşriyyatı, 2026, 210 s.) monoqrafiyası çapdan çxıb.

Kitabın elmi redaktoru psixologiya elmləri doktoru, professor Elnarə Şəfiyeva, rəyçiləri hüquq elmləri doktoru, professor Habil Qurbanov, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, sosiologiya elmləri doktoru, dosent Səadət Məmmədovadır.

Əsərdə terrorizmin və bilavasitə erməni terrorizminin sosial-psixoloji aspektinin konseptual əsasları tədqiq edilir. Burada terrorizmin sosial-psixoloji tədqiqinin nəzəri-metodoloji əsasları sosial sinergetik konstruktivizm konsepsiyası çərçivəsində araşdırılır. Terrorizm və terrorçu haqqında ümumi sosial-psixoloji araşdırmadan çıxış edərək monoqrafiyada erməni terrorçusunun psixoloji portreti təsvir olunur, həmçinin erməni kilsəsi erməni terrorizminin mənəvi-psixoloji və ideoloji təşviqçisi olaraq diqqətə yetirilir.

Monoqrafiyada erməni terrorçu qruplaşmalarının KİV-dən sosial-psixoloji manipulyasiya vasitəsi kimi istifadəsi, fərd və kollektiv formada kiberterrorçuluq və kiberhücumları barədə araşdırma təqdim edilir. Burada Ermənistanın 30 illik işğal dövründə Azərbaycana qarşı sosial-psixoloji təzyiq fəaliyyətində KİV-nin yeri və rolu, eyni zamanda erməni terrorizminin kiberməkanda xalqların psixoloji dayanıqlılığına təsir xüsusiyyətləri də təhlil edilir.

Monoqrafiya psixologiya, sosiologiya, fəlsəfə, tarix, hüquq və siyasi elmlər sahələrində çalışan alimlər, tədqiqatçılar, müəllimlər, ali təhsil müəssisələrinin tələbələri, eləcə də mövzu ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.