Zakir Məmmədovun “Azərbaycan fəlsəfəsi tarixi: tədqiqi və təbliği” monoqrafiyası çapdan çıxmışdır
AMEA-nm müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Cabbar bəy oğlu Məmmədovun “Azərbaycan fəlsəfəsi tarixi: tədqiqi və təbliği” (Bakı, Füyuzat, 2026. 256 səh.) monoqrafiyası alimin anadan olmasının 90 illiyinə həsr edilmişdir. Əsər Aytək Zakirqızı və Ülkər Zakirqızı tərəfindən tərtib olunmuşdur.
Zakir Məmmədov 66 illik ömür yaşamışdır. O, bu ömrün 40 ilini Azərbaycan milli fəlsəfəsinin üzə çıxarılmasına həsr etmişdir. İlkin qaynaqlara əsaslanaraq dayanmadan gərgin elmi axtarışların nəticəsidir ki, onun əsərlərinin dəyəri hər zaman qüvvədədir. Sağlığında iki yüzdən çox orijinal əsəri - kitabları və məqalələri nəşr olunmuşdur. Alimin şəxsi arxivində çap olunmamış ondan artıq monoqrafiyası qorunur. Onlardan yalnız dördü vəfatından sonra işıq üzü görmüşdür: “Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü)” (2009), “Bəhmənyar məktəbinin fəlsəfəsi” (2022), “Siracəddin Urməvinin dünyagörüşü” (2024), “Orta əsr türk qaynaqlarında fəlsəfi fikir” (2025). Bu Zakir Məmmədovun alim fədakarlığının və elmi zirvəsinin şərhsiz göstəricisidir.
Tədqiqatçının elmi yaradıcılığa başladığı dövrdən etibarən çapdan çıxmış bəzi seçilmiş məqalələri əsasında tərtib edilmiş “Azərbaycan fəlsəfəsi tarixi: tədqiqi və təbliği” kitabı da elmi baxımdan xüsusi diqqətə layiqdir.

