14.10.2026, 15:13 - Baxış sayı: 34

Fəlsəfə və Sosiologiya İnstitutu ilə Bakı Slavyan Universiteti arasında elmi görüş keçirilib


AMEA Fəlsəfə və Sosiologiya İnstitutu ilə Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Elmin fəlsəfəsi, ideologiyası və sosiologiyası” mövzusunda elmi görüş keçirilib.

Tədbiri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə açaraq Bakı Slavyan Universitetinin rektorunu və nümayəndələrini salamlayıb və görüşün təşkilindən məmnunluğunu ifadə edib. Professor çıxışında elmin fəlsəfəsi, ideologiyası və sosiologiyasının nəzəri-metodoloji əsaslarına, bu sahələrin müasir elmi düşüncədə yerinə və əhəmiyyətinə toxunub. Daha sonra hər iki qurumun nümayəndələri rəhbərlik etdikləri elmi kollektivləri tədbir iştirakçılarına təqdim ediblər.

Bakı Slavyan Universitetinin rektoru, professor Anar Nağıyev çıxışında elmin fəlsəfi əsasları, elmi biliklərin cəmiyyətin inkişafında rolu, ideologiya ilə elmi düşüncə arasındakı qarşılıqlı əlaqə və sosial elmlərin müasir çağırışlar kontekstində inkişaf perspektivləri haqqında fikirlərini bölüşüb. O, IV Sənaye İnqilabı, rəqəmsallaşma və süni intellekt texnologiyalarının inkişafı şəraitində elmi tədqiqatların yeni metodoloji yanaşmalar əsasında təşkili, elmi nəticələrin ictimai proseslərlə əlaqələndirilməsi və humanitar-sosial biliklərin innovativ potensialının genişləndirilməsinin aktuallığını vurğulayıb.

Rektor, həmçinin milli düşüncə ilə qlobal elmi proseslərin qarşılıqlı əlaqəsi, milli identikliyin nəzəri-fəlsəfi dərki və müasir cəmiyyətin intellektual inkişafında fəlsəfi yanaşmaların rolu məsələlərinə diqqət çəkib. O, ali təhsil müəssisələri ilə elmi tədqiqat institutları arasında əlaqələrin gücləndirilməsinin, akademik əməkdaşlığın genişləndirilməsinin və birgə elmi tədqiqatların təşviqinin əhəmiyyətini qeyd edib. Anar Nağıyev professor İlham Məmmədzadənin “Bir daha fəlsəfə haqqında” kitabının elmi-fəlsəfi əhəmiyyətindən də bəhs edib.

Görüşdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli institutun elmi fəaliyyəti, tədqiqat istiqamətləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Bakı Slavyan Universitetinin nümayəndəsi, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, dosent Ənvər Abbasov universitetdə aparılan elmi araşdırmalar, tədqiqat fəaliyyətinin əsas istiqamətləri və əldə olunan nəticələr haqqında danışıb.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə elm və təhsilin qarşılıqlı əlaqəsi, elmi biliklərin cəmiyyətin inkişafındakı rolu və gənclərin elmi fəaliyyətə marağının artırılması məsələləri ilə bağlı fikirlərini bölüşüb.

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev ölkəmizdə və postsovet məkanında fəlsəfəyə münasibətin dəyişmə dinamikası, fəlsəfə elminin müasir problemləri və onun inkişaf perspektivləri barədə mülahizələrini diqqətə çatdırıb.

Müzakirələrdə fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov, Bakı Slavyan Universitetinin professor fəlsəfə elmləri doktoru Əsgər Əhməd, fəlsəfə elmləri doktoru, professor Qorxmaz Vəliyev, Bakı Slavyan Universitetinin prorektoru Fikrət Cahangirov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, dosent Faiq Ələkbərli, Bakı Slavyan Universitetinin professorları Rafiq Novruzov, Piralı Əliyev, filologiya elmləri doktoru, professor Naidə Məmmədxanova və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əli İbrahimov da çıxış edərək müzakirə olunan məsələlərə dair fikirlərini bölüşüblər.

Görüş çərçivəsində elmin fəlsəfəsi, ideologiyası və sosiologiyasının aktual problemləri, elmi idrakın müasir inkişaf tendensiyaları, sosial elmlərin innovativ metodlarla zənginləşdirilməsi və milli düşüncənin fəlsəfi əsaslarının tədqiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, elmi tədqiqat institutları ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, elmi müzakirələrin davamlı xarakter alması və birgə layihələrin həyata keçirilməsi perspektivləri nəzərdən keçirilib.

Görüşün sonunda Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev professor İlham Məmmədzadəyə öz müəllifi olduğu kitabları hədiyyə edib. Tədbir iştirakçılarının birgə xatirə fotosu çəkilib.