16.10.2026, 15:36 - Baxış sayı: 26

Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə konfrans keçirilib


Oktyabrın 16-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası günü münasibəti ilə “Suverenlik və ideoloji təhlükəsizliyin təminatında fəlsəfənin və sosiologiyanın vəzifələri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə mövzunun müasir dövr üçün elmi və ictimai əhəmiyyətini vurğulayıb. O, suverenliyin qorunması, dövlətçilik ideyasının möhkəmləndirilməsi və ideoloji təhlükəsizliyin təmin olunması məsələlərinin fəlsəfi və sosioloji tədqiqatlar kontekstində araşdırılmasının aktuallığına diqqət çəkib.

Professor İlham Məmmədzadə “Suverenliyin ideoloji təhlükəsizlik ilə əlaqələrinin fəlsəfəsi” mövzusunda məruzəsində suverenlik və ideoloji təhlükəsizlik arasındakı qarşılıqlı əlaqələri fəlsəfi-metodoloji aspektdən təhlil edib. O qeyd edib ki, qloballaşma prosesləri, beynəlxalq münasibətlər sistemində baş verən transformasiyalar, informasiya məkanında rəqabətin intensivləşməsi və ictimai şüura təsir mexanizmlərinin mürəkkəbləşməsi milli dövlətlərin ideoloji dayanıqlılığının nəzəri əsaslarının dərindən araşdırılmasını zəruri olduğunu qeyd edib.

Məruzədə fəlsəfə və sosiologiyanın cəmiyyətin inkişaf qanunauyğunluqlarının dərk edilməsində, milli-mənəvi dəyərlərin qorunmasında və dövlət suverenliyinin intellektual əsaslarının möhkəmləndirilməsində rolu xüsusi vurğulanıb. Bildirilib ki, suverenliyin davamlılığı yalnız siyasi-hüquqi institutların fəaliyyəti ilə deyil, həm də milli özünüdərkin, ictimai məsuliyyətin və dövlətçilik şüurunun inkişafı ilə şərtlənir.

Professor Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışında irəli sürülən strateji müddəalara toxunaraq fiziki və ideoloji təhlükəsizliyin qarşılıqlı tamamlayıcılığı məsələsini önə çəkib. Güclü dövlət, qüdrətli ordu, sosial dayanıqlılıq və açıq kommunikasiyaların inkişafı ölkənin təhlükəsizlik sisteminin mühüm istiqamətləri kimi səciyyələndirilib. Qeyd olunub ki, fiziki təhlükəsizlik dövlətin müdafiə potensialını möhkəmləndirdiyi halda, ideoloji təhlükəsizlik milli maraqların, dövlətçilik dəyərlərinin və müstəqil inkişaf strategiyasının ictimai şüurda möhkəmlənməsinə xidmət edir.

İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “Ölkənin təhlükəsizlik sistemində ideoloji risklər və onların aradan qaldırılması yolları” mövzusunda məruzə ilə çıxış edib. O, ideoloji təhlükəsizliyin milli təhlükəsizlik sisteminin mühüm komponentlərindən biri olduğunu qeyd edərək Prezident İlham Əliyevin ideoloji məsələlərlə bağlı çıxışlarının əhəmiyyətinə və milli həmrəyliyin qorunmasının vacibliyinə toxunub. O, 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən sonrakı dövrü geniş xarakterizə edib, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından söz açıb.

İnstitutun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “İdeoloji təhlükəsizlik strategiyası milli təhlükəsizlik doktrinasının yeni siyasi-hüquqi fəlsəfəsidir” mövzusunda çıxış edib. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında səsləndirdiyi müddəalar kontekstində ideoloji təhlükəsizliyin milli təhlükəsizlik sistemindəki yerini təhlil edən alim müasir ideoloji risklərin siyasi-hüquqi aspektlərini və onların qarşısının alınması yollarını nəzərdən keçirib. O, milli-mənəvi dəyərlərin qorunmasının, dövlətçilik şüurunun möhkəmləndirilməsinin və ideoloji təhlükəsizlik strategiyasının elmi əsaslarla formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Konfrans çərçivəsində İnstitutun şöbə müdiri, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova “Azərbaycan suverenliyinin rolu: müasir çağırışlar və perspektivlər”, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov “İdeologiyanın formalaşmasında liderlik amilinin rolu”, şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında söylədiyi nitqində suverenlik və ideoloji təhlükəsizlik məqamları”, şöbə müdiri, hüquq elmləri doktoru, professor Habil Qurbanov “Azərbaycanın bərpa olunmuş dövlət suverenliyinə fəlsəfi-hüquqi baxış”, şöbə müdiri, sosiologiya elmləri doktoru, dosent Səadət Məmmədova isə “Sosial suverenlik rifah dövlətinin əsası kimi” mövzularında məruzələrlə çıxış ediblər.

Müzakirələrdə, həmçinin fəlsəfə üzrə fəlsəfə doktorları, dosentlər Faiq Ələkbərli, Məhəmməd Cəbrayılov, Hüseyn İbrahimov və İradə Zərqanayeva iştirak edərək suverenlik, ideoloji təhlükəsizlik və milli dövlətçilik məsələlərinə dair elmi mülahizələrini bölüşüblər.

Konfransda aparılan müzakirələr göstərib ki, suverenlik və ideoloji təhlükəsizlik problemlərinin kompleks tədqiqi fəlsəfi, sosioloji və siyasi-hüquqi yanaşmaların qarşılıqlı əlaqəsini tələb edir. Bu baxımdan fəlsəfənin konseptual və metodoloji imkanları ilə sosiologiyanın empirik tədqiqat potensialının uzlaşdırılması milli maraqların, dövlətçilik dəyərlərinin və ictimai həmrəyliyin elmi əsaslarının araşdırılması üçün mühüm əhəmiyyət daşıyır.

Elmi-nəzəri konfrans suverenliyin fəlsəfi əsaslarının, ideoloji təhlükəsizliyin nəzəri-metodoloji aspektlərinin və müasir dövlətçilik qarşısında duran çağırışların müzakirəsi baxımından əhəmiyyətli elmi platforma kimi çıxış edib.