20.10.2026, 10:44 - Baxış sayı: 16

Güclü Azərbaycan: yeni dövrün strateji hədəfləri


Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn strateji istiqamətlər üzrə “Xalq qəzeti”nin “Güclü Azərbaycan: yeni dövrün strateji xətti” adlı uzunmüddətli media planı çərçivəsində redaksiyamızda “Güclü dövlətin konseptual doktrina kontekstində formulu” mövzusunda dəyirmi masa müzakirəsi keçirildi.

Diskussiyaya Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, Milli Məclisin deputatları, siyasi elmlər doktorları Hikmət Babaoğlu və Vüqar Rəhimzadə, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli dəvət olunmuşdular.

Müzakirəni “Xalq qəzeti”nin siyasi analitiki, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov aparırdı.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov dəyirmi masaya dəvət edilən alimlərimizi salamlayaraq, hazırladıqları media planının məzmun və məqsədi barədə məlumat verib. O, layihənin əsas ideyasının “Güclü, müstəqil, təhlükəsiz və özünəgüvənli Azərbaycan” olduğunu vurğulayıb.

Baş redaktor qeyd edib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonrakı mərhələdə ölkə qarşısında duran strateji vəzifələri sistemli işıqlandırmağı hədəfə alan layihədə “güc” anlayışı yalnız hərbi qüdrəti deyil, dövlətin siyasi iradəsi, iqtisadi dayanıqlılığı, təhlükəsizlik imkanları, sosial inkişafı, insan kapitalı, milli-mənəvi dayaqları, informasiya müqaviməti və beynəlxalq fəaliyyət imkanları kimi məsələləri əhatə edir.

Sonra dəyirmi masanın aparıcısı Füzuli Qurbanov “Güclü dövlətin konseptual doktrina kontekstində formulu”nun müzakirəsinin aktuallığını vurğulayaraq iştirakçıları “güclü dövlət” anlayışının elmi izahı ilə bağlı müzakirəyə dəvət edib .

İlham Məmmədzadə, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor:

– Mənim fikrimcə, “güclü dövlət” anlayışı ona görə mühüm əhəmiyyət daşıyır ki, suverenlik bilavasitə dövlətin gücü ilə bağlıdır. Zəif dövlətin suverenliyini tam təmin etməsi və qoruması çətindir. Buna görə də, ilk növbədə “güclü dövlət” anlayışının mahiyyətini dəqiqləşdirmək və onun siyasi aspektlərini açmaq lazımdır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı bu ideyaları daha dərindən təhlil etməyə imkan verir.

Əsas məsələlərdən biri budur ki, güclü dövlət suverenliyin təmin olunmasına zəmin yaradır. Suverenlik də güclü dövlətin mövcudluğu və inkişafı üçün mühüm amildir. Deməli, suverenlik və güclü dövlət anlayışları bir-biri ilə qarşılıqlı əlaqədədir.

İkinci mühüm məsələ dövlətin hərbi qüdrəti ilə bağlıdır. Güclü dövlət, ilk növbədə, güclü orduya malik olmalıdır. İqtisadi güc və ideoloji təhlükəsizliyin təmin edilməsi də dövlətin qüdrətini müəyyənləşdirən əsas amillərdəndir. Bunlar “güclü dövlət” anlayışının mahiyyətini açan başlıca istiqamətlərdir. Bununla yanaşı, texnoloji suverenlik və texnoloji inkişaf da dövlətin gücü ilə birbaşa bağlıdır.

Maraqlı məqamlardan biri də Prezidentin çıxışında ABŞ və Çin kimi 2 böyük, qüdrətli dövlətin xüsusi qeyd olunmasıdır. Bu, beynəlxalq münasibətlər sistemində formalaşan yeni reallıqlara diqqət çəkir. Belə şəraitdə orta gücə malik dövlətlərin öz regionlarında mövqelərini möhkəmləndirməsi və regional güc mərkəzlərinə çevrilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan da bu istiqaməti strateji hədəflərindən biri kimi müəyyənləşdirib. Prezidentimizin siyasi kursunun əsas istiqamətlərindən biri də Azərbaycanın regionda güclü dövlət kimi mövqeyinin möhkəmləndirilməsidir.

Bizim regiona gəldikdə isə onu yalnız 3 dövlətin münasibətləri çərçivəsində nəzərdən keçirmək düzgün olmaz. Çünki burada nəqliyyat və kommunikasiya xətlərinin açılması, regional əməkdaşlığın genişləndirilməsi kimi məsələlər də mühüm rol oynayır. Bu amillər Azərbaycanın regional təsir imkanlarını artırır və daha geniş coğrafiyada rolunu gücləndirir.

Azərbaycanın həm Avropaya, həm də Mərkəzi Asiyaya çıxış imkanları mövcuddur. Bu baxımdan, regional güc olmaq yalnız öz coğrafi məkanında təsir imkanlarına malik olmaq demək deyil. Eyni zamanda, regiondan kənarda iqtisadi, siyasi və geostrateji təsir göstərə bilmək də dövlətin gücünü müəyyənləşdirən amillərdəndir. Azərbaycanın regional güc kimi mövqeyinin möhkəmlənməsi də məhz bu imkanların səmərəli istifadəsindən asılıdır.

Hikmət Babaoğlu, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor:

– Yeni Azərbaycan Partiyasının VIII Qurultayında dövlət başçısı müstəqil Azərbaycanın gələcək siyasi konsepsiyasının fəlsəfəsini “güc” anlayışı üzərində qurdu və şərh etdi. Öncə “güc”lə bağlı bir neçə məqamı vurğulamaq istərdim. Güc müxtəlif komponentlərdən ibarət vahid resurslar birliyidir. Şarl de Monteskyö gücü mənəvi və fiziki komponentlərə bölür. Fiziki komponentlər ərazi, xalq, ölkənin sənayeləşmə dərəcəsi, iqtisadiyyatın gücüdür və s.

Mənəvi komponentlər isə milli xarakter, milli psixologiya və milli mənəviyyatdır. Prezident çıxışında hər iki komponentə toxunmaqla yanaşı, hərbi və ideoloji gücdən də danışdı. “Güc” anlayışını “müstəqil, təhlükəsiz və özünəgüvənli Azərbaycan” obrazının yaradılması bağlılığında dərindən izah etdi.

Bundan əlavə, gücün müqayisəsini də apararaq qeyd etdi ki, bizim təhlükəsizliyimizi təhdid edən dövlətlərlə güc fərqimiz nə qədər olmalıdır və bəlli oldu ki, Azərbaycan Prezidenti bunu konkret olaraq 10 dəfə kimi müəyyənləşdirir. Bunun da səbəbləri var. Prezident bildirdi ki, gücsüz olan kimi ermənilər bizi arxadan vurur, xəyanət edirlər. Onlar bunu 100 il əvvəl də ediblər, bu gün də edə bilərlər. Əgər belədirsə, demək gələcəkdə də edəcəklər. Bu tarixi təcrübəni isə Prezident İlham Əliyev hər bir azərbaycanlının siyasi şüurunun sosial düsturu kimi diqqətə çatdırdı.

Siyasi şüur da, ideoloji düşüncə tərzi də özü-özlüyündə gücdür. Deməli, siyasi şüur və ideoloji düşüncə tərzi müstəqil, təhlükəsiz və özünəgüvənli Azərbaycanın inkişafında xüsusi yer tutur. Bu məqam dövlət başçımızın nitqində dəqiq ifadə olundu. Ölkə başçısının bu çağırışlarının əsasında iki səbəb dayanır: birincisi, hansı regionda yaşadığımız və yaşadığımız minilliklər boyu hansı təcrübəni əldə etdiyimiz və nəticədə yaranan reallıqlar. İkincisi, dünyada güc əsasında yeni təhlükəsizlik modelinin qurulması.

Tarixi təcrübədə gücsüz olduğumuz vaxt bizə qarşı nə qədər böyük ədalətsizliklərin şahidi olmuşuq. Prezident İlham Əliyev siyasətçi və böyük tarixi zəfər əldə edən qüdrətli sərkərdə kimi gücün nə olduğunu diqqətə çatdıraraq milli dövlətimiz qarşısında gələcəyin yeni konsepsiyasını müəyyənləşdirdi.

Bu kontekstdə aktual olan məsələlərdən biri də ideoloji təxribatlara qarşı müxtəlif alətlərin müəyyənləşdirilməsi ilə əlaqəlidir. Bununla yanaşı, bizim beyin mərkəzlərinin, düşüncə platformalarının əsas missiyası ondan ibarətdir ki, bu fikirləri ictimai şüurun məhsuluna çevirək. Biz sülhü necə görürük? Azərbaycanın Ermənistanla sülh modeli necə olmalıdır? Məhz Azərbaycan Prezidentinin ideoloji məsələləri önə çəkməsinin mühüm səbəblərindən biri bu idi.

Müzakirə etdiyimiz mövzu ətrafında fikirlərimizi bir qədər də ümumiləşdirsək, deyə bilərik ki, tarixi təcrübəni, tarixi yaddaşı, düşmənimizin kimliyini unutmadan biz sülh fəlsəfəsi yaratmalıyıq. Aydındır ki, sülh fəlsəfəsinin mühüm aspektlərindən biri müstəqil, təhlükəsizliyi tam təmin edilmiş və özünəgüvənən dövlətin daha da güclənməsi ilə sıx bağlıdır. Azərbaycan ictimai və siyasi şüurunda sülh fəlsəfəsi rasional-məntiqi xarakterli təsəvvürlər sistemi kimi yer almalıdır. Yəni sülh məsələsinə emosional deyil, elmi mahiyyətli məntiqi yanaşma olmalıdır. Əgər “emosional sülh” olacaqsa, biz onda tariximizi unutmalıyıq. Əslində, bu xətt dövlət başçısının müxtəlif zamanlarda, fərqli çıxışlarında öz əksini tapır.

Azərbaycan Prezidenti Kəlbəcərdə çıxışı zamanı dedi ki, biz Ermənistanla sülh müqaviləsi də bağlaya, ticarət edə, iqtisadi əlaqələr də qura bilərik, ancaq Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Azərbaycanın sosial kimliyinin dərinliyindəki mümkün sülh bundan ibarət olmalıdır.

Vüqar Rəhimzadə, Milli Məclisin deputatı, siyasi elmlər doktoru:

– Dövlətin müstəqilliyinin, varlığının qorunması, əlbəttə ki, siyasi proseslərlə, iqtisadi amillərlə sıx bağlıdır. Azərbaycan Prezidentinin nitqində daha güclü, müstəqil, təhlükəsiz və özünəgüvənli Azərbaycanın inkişafı ilə əlaqədar ifadə olunan müddəalara bu prizmada yanaşmaq daha doğrudur.

Düşünürəm ki, burada, ilk növbədə, unikal xarici siyasətimizin daha da zənginləşdirilməsi, daha vacib əməkdaşlıq formatlarının uğurla reallaşması siyasi müstəqilliyin əsas faktlarından biri olması fikri vurğulanmalıdır. Əlbəttə, iqtisadi amil də dövlətin varlığında müstəsna əhəmiyyət kəsb edir. Ulu öndərimiz demişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

İqtisadiyyat güclüdürsə, təbii ki, sosial həyatımız, vətəndaşlarımız, bütövlükdə, ölkəmiz güclüdür. Ona görə də siyasi müstəqilliyin əbədi olması üçün iqtisadi aspektə xüsusi yanaşmaq lazımdır. Bu imkanların daha da genişlənməsi, eyni zamanda, xarici siyasətin daha da zənginləşdirilməsinə büyük ehtiyac duyulur. Deməli, güclü dövlət obrazı kontekstində yuxarıda vurğulanan faktorlara güclü iqtisadiyyat məsələsini də əlavə etməliyik.

Sosial həyatın yaxşılaşması, sosial siyasətin uğurla reallaşması da ölkənin və iqtidar-xalq arasındakı münasibətlərin yaxşı mənada dərinləşməsində, zənginləşməsində mühüm əhəmiyyət kəsb edir.

Bu gün suverenliyimizin tam bərpa olunduğu, bayrağımızın bütöv ölkə ərazisində dalğalandığı bir dövrdə, əlbəttə ki, dövlət başçısının qətiyyəti, cəsarəti, unikal xarici siyasəti, çox mühüm iqtisadi layihələrin reallaşması ilə bağlı qarşıya qoyduğu hədəflər və eyni zamanda siyasi münasibətlər sferasında ikitərəfli və çoxtərəfli əməkdaşlığa xüsusi önəm verməsi vacib şərtlərdəndir.

Bu baxımdan, ölkə başçımızın Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı təkcə partiya üzvləri deyil, hər bir vətəndaş, Azərbaycanı sevən hər kəs üçün yol xəritəsidir. İndi isə düşünməliyik ki, dövlətin daha qüdrətli, güclü olmasında, ideoloji təxribatların qarşısının alınmasında hədəflər nədən ibarətdir. “Azərbaycan Prezidentinin tarixi nitqi kontekstində güclü, müstəqil, təhlükəsiz və özgüvənli Azərbaycanın davamlı inkişafı naminə tədqiqatlarımızı hansı istiqamətlərdə aparmalıyıq” kimi suallara cavabımız necə olmalıdır?

Çünki bu gün müharibələr, sadəcə, silahdan atılan güllə ilə başlamır, həm də ideoloji sahədə kifayət qədər sərhəd tanımayan çox ciddi münaqişələr, müharibələr gedir. Ona görə də ideoloji təxribatların qarşısının alınması, qarşıda duran ən vacib hədəflərdən biridir. Prezident bununla bağlı çox ciddi və dəqiq hədəflənmiş fikirlər ifadə etdi.

Ümumiyyətlə, müstəqil dövlətin vətəndaşı olmaq elə vətəndaşın müstəqil olması deməkdir. Müstəqil vətəndaşın isə müstəqil dövlət üçün mühüm töhfələr verməsi, onun vətəndaşlıq missiyalarından ən birincisidir. Ona görə də Azərbaycan cəmiyyəti, xalqımız müstəqil dövlətimizin daha da qüdrətlənməsində və güclənməsində, sosial, siyasi, iqtisadi sahələrdə, bütün ideoloji mübarizədə və müharibədə, fəal şəkildə missiyasını yerinə yetirməlidir.

Eynulla Mədətli, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru:

– Prezident İlham Əliyevin nitqindəki güclü dövlət məsələsi heç də təsadüfi qoyulmayıb. Ölkə başçımız vurğuladı ki, zamanla taktiki yollar, hətta strategiya dəyişə bilər. Lakin dəyişməz bir ana xətt var, bu müstəqillik, dövlətçilik, güclü iqtisadiyyat və hərbi qüdrətdir. Prezidentimiz qeyd etdi ki, müstəqilliyin ilk illərində biz çox çətinliklərlə üzləşdik. Birinci Qarabağ müharibəsində bizə heç kim kömək etmədi. O zaman bizim gücümüz yetərli deyildi, büdcəmiz boş idi. Bu mənada, dövlətin güclü olması müstəqilliyin əbədiliyi üçün mühüm şərtdir. Ulu öndər deyirdi ki, müstəqilliyi əldə etmək asandır, lakin onu qoruyub saxlamaq, əbədi etmək daha çətindir.

Fikrimcə, dövlətin gücü, ilk növbədə xalqın dövlətə olan etibarından, inamından, güvənindən irəli gəlir. Bu mənada, düşünürəm ki, xalqın dövlətlə birliyini təmin etmək üçün bir sıra tədbirlər həyata keçirilməli, birinci növbədə iqtisadi və sosial məsələlər həllini tapmalıdır. İstənilən sahədə, ədalət prinsipinin təmin olunması şərtdir ki, xalqda dövlətə, hakimiyyətə qarşı inamsızlıq yaranmasın. Bunlar təmin olunanda, təbii ki, dövlət güclü olur. Cənab Prezidentin də vurğuladığı kimi, bu istiqamətdə işlər aparılıb, gələn ildən əməkhaqları və pensiyalar da artırılacaq. Şübhəsiz ki, digər sosial tədbirlər də həyata keçiriləcək.

Güclü, təhlükəsiz və özünə güvənən Azərbaycan üçün əhəmiyyətli olan faktorlar sırasında müstəqillik və bütövlükdə, dövlətçilik ənənəsi xüsusi yer tutur. Əlbəttə, bizim dövlətçilikdə, idarəçilikdə heç bir problem yoxdur. Mərkəzi idarəçilik saat kimi işləyir və hər şey yerindədir. Amma etiraf etməliyik, bölgələrdə yerli idarəçilikdə nöqsanlar var və bu nöqsanların aradan qaldırılması üçün mütəmadi olaraq islahatlar aparılır.

Onu da vurğulayım ki, güclü dövlət üçün güclü ordu xüsusilə aktual məsələdir. Müzəffər Ordumuz şanlı zəfərə imza atıb, bu da çox mühüm amildir. Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmizdə daxildən heç bir risk yoxdur, nə varsa xaricdən qaynaqlanır. Onların da dəf edilməsi üçün bizim aidiyyəti təşkilatlarımız, qurumlarımız səmərəli şəkildə iş aparırlar. Əgər bu işlər aparılmasaydı, biz yenidən 90-cı illərdə üzləşdiyimiz bir sıra təxribatlarla üz-üzə qalardıq.

Hikmət Babaoğlu:

– Prezident İlham Əliyev sərt güclə bərabər, “yumşaq güc”ün də yeni konsepsiyamızda öz əksini tapmasını ifadə etdi və bu kontekstdə görülən işlərin nə qədər strateji olduğundan danışdı. Ordunun yaradılması, təchizatı və peşəkar kadrlarla komplektləşdirilməsi dövlətin işidir. Amma “yumşaq güc”ün elə komponentləri var ki, orada dövlət müdaxiləsi ilə bərabər, ictimai, elmi, informasiya mühitinin də prosesə daxil olması zəruridir.

Azərbaycan Prezidenti çıxışlarının birində informasiya təhlükəsizliyini milli təhlükəsizliyimizin əsas komponentlərindən biri adlandırmışdı. Əgər biz üçlü paradiqma yaratsaq, görərik ki, fiziki güc onun, sadəcə, bir komponentidir, digər iki komponenti “yumşaq güc”dür, yəni informasiya və ideologiyadır. Belə olan halda, düşüncə insanlarının axtarışı və cəmiyyətin ictimai diqqətinin nəyə fokuslanması vacibdir. İnformasiya və ideoloji təxribatlara qarşı milli müqavimət mənbələrinə söykənərək ideoloji təxribatların, informasiya təhlükəsizliyinin qarşısını ala bilərik.

İndi informasiya və ideoloji təxribatlar əsasən 2 vasitə ilə aparılır. Birincisi, manipulyasiya, yəni insanların beyninin gizli şəkildə idarə olunması, ikincisi isə görüntülərlə, subliminal vasitələrlə. Mənə belə gəlir ki, bizim milli müqavimətimizin 3 mənbəyi var və hər 3-ü milli yaddaşla bağlıdır. Milli yaddaşın isə güclü və müstəqil dövlət quruculuğunda yeri və rolu çox mühümdür. Bu bağlılıqda tarixi yaddaşı ayrıca qeyd etmək gərəkdir. Azərbaycan Prezidenti çıxışlarının birində bildirdi ki: "Bizi Qarabağa qaytaran tarixi yaddaşımız oldu".

Başqa bir faktor kimi mədəni yaddaşı göstərə bilərik. Bu gün biz ərazimizdə olan xristian mədəni yaddaşımıza, mədəni abidələrimizə sahib çıxa bilmirik. Bu da 2-ci məsələdir. 3-cü məsələ isə dil yaddaşıdır. Dil yaddaşın, yəni ideoloji təxribatlara qarşı müqavimətin əsaslarından biridir.

Bu nəzəri müddəaları bilərəkdən nümunə kimi gətiririk. Çünki ölkəmizi güclü görmək istəməyən çoxlu qüvvələrin mövcud olduğu ilə bağlı Prezident İlham Əliyevin hakim partiyanın qurultayındakı nitqində fikirlər vardır. Azərbaycan Prezidenti çıxışlarında bunu belə adlandırıb ki, bizim düşmənlərimiz islamofob mərkəzlərdir, dünya erməniliyidir və ölkəmizə müstəmləkə gözü ilə baxanlardır.

Azərbaycana müstəmləkə gözü ilə baxanlar bizim böyük bir hissəmizin dil yaddaşını əlindən alıblar, onu məişət səviyyəsinə endiriblər. Dil yaddaşı isə tarixi və mədəni yaddaş üçün zəruridir. Gəlin görək, Azərbaycanda vurğulanan aspektdə hansı proses gedir və daha güclü Azərbaycan naminə hardan başlamalıyıq. O cümlədən dil yaddaşımızı necə bərpa etməliyik.

Bu kontekstdə güclü Azərbaycanın inkişaf etməsi üçün bir sıra məqamlara diqqət etməliyik. Məsələn, təcili olaraq sosial şəbəkələrdə, internet resurslarında dil korpusu yaratmalıyıq. Çünkü süni intellektlə işləyəndə dil korpusunun olmaması dil yaddaşımızı məhdudlaşdırır. Başqa bir faktor ölkəmizdə dövlət dilində olmayan çoxlu sayda məktəblərin fəaliyyəti ilə bağlıdır. Fikrimcə, bu hal dil yaddaşımızın potensialını məhdudlaşdırır.

Mədəni yaddaşa gəldikdə isə bu yaxınlarda yenə də Albaniya məsələsinin gündəmə gəlməsi təsadüfi deyildir. Bu istiqamətdə hələ çox tədqiqatlar aparmalıyıq. Burada qeyd edildi ki, elm kabinetlərdən çıxmalı, ictimai şüur tərəfindən mənimsənilməlidir. Bu baxımdan, dövlət başçısının, xüsusən sonuncu çıxış elmi, mədəni, informasiya, qeyri-hökumət təşkilatlarında mövcud resurslarımız üçün bir çağırışdır.

Azərbaycan cəmiyyəti əldə etdiyimiz tarixi zəfərin verdiyi ruh yüksəkliyi ilə bu problemi birdəfəlik həll edəcək. Biz sovet tarixşünaslığında Albaniya konsepsiyasından imtina etməliyik. Alban dövrü tariximizə, yəni miladdan öncə V-VI əsrlərdən miladi VI əsrə qədər olan dövrə daha geniş aspektdən baxmalıyıq. Bəzən elə bilirik ki, Alban irsi, sadəcə, xristianlıq irsidir, xeyir! Alban irsimizin ya da Arran irsimizin xristianlıq dövrü 313-cü ildən Mömin Vaçaqandan başlayır və İslama qədər, 630-cu ilə qədər gəlib çatır. 650-ci ildən sonra isə artıq Azərbaycanda məscid tikilirdi.

Ona görə də daha dərinə gedərək, fundamental şəkildə tarixi yaddaşımız naminə və ideoloji təxribatlara qarşı dayanmaq üçün yeni tarix konsepsiyası yaratmalıyıq. Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik, çünki bu, Prezidentin çağırışıdır, xalqımızın gələcəyi üçün vacibdir.

Eynulla Mədətli:

– Ölkə başçımız çıxışında güclü dövlət üçün vətənpərvər gənclərin yetişdirilməsinin zəruriliyindən də danışdı və bunu daha çox təhsillə əlaqələndirdi. Bu da təhsilin nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Təəssüflə qeyd etmək lazımdır ki, son illər Azərbaycanda repetitorluq institutunun genişlənməsi, demək olar ki, institusionallaşması təhsilimizə zərər verib. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində, onların ümumi dünyagörüşünün formalaşdırılmasında məktəb hər zaman mühüm rol oynayıb. İndi məktəbdən yayınma hallarına rast gəlinir. Bu gün etiraf etməliyik ki, məktəblərimiz, hətta ən yaxşı məktəblər belə, əvvəlki illərdə olduğu kimi, geniş dünyagörüşünə malik, vətənpərvərlik hissləri ilə yaşayan gənclər yetişdirməkdə çətinlik çəkirlər.

Digər bir məsələ də var ki, ilkin mərhələdə bütün rusdilli məktəblər də digər xarici dilli məktəblərlə eyni statusa keçirilməli və dövlət büdcəsindən maliyyələşdirilməsi dayandırılmalıdır. Təsəvvür edin ki, bu qədər məktəb dövlət büdcəsindən çıxarılsa, həm əhalinin sosial yardıma ehtiyacı olan digər təbəqələrinə verilən sosial yardımların və müavinətlərin məbləğini artırmaq olar, həm də valideynlər öz imkanlarına uyğun məktəb seçə bilərlər.

Mən bunu ilkin mərhələdə belə nəzərdə tuturam. Gələcəkdə isə, ümumilikdə, milli dildə təhsilə daha çox üstünlük verilməlidir. Çünki Bakıda rusdilli məktəbləri bir kənara qoysaq, xarici dildə təhsil verən elə məktəblər var ki, onların heç birində Azərbaycan dili, tarixi və ədəbiyyatı lazımi səviyyədə yox, formal olaraq tədris edilir. Bu, kifayət qədər ciddi məsələdir.

Konkret olaraq, vətənpərvərliyə mane olan məsələlərdən biri də informasiya məkanımızda bir sıra elementlərin özünü göstərməsidir. Prezident dedi ki, yad ünsürlər olmamalıdır, amma təəssüf ki, onların sayı kifayət qədər çoxdur. Bizim teleməkanımızda Azərbaycana aid olmayan telekanallar üstünlük təşkil edir. Hətta həmin kanallar kabel vasitəsilə evlərə də çəkilib. Bütün bu məsələlərə prinsipial şəkildə yanaşılmalı, Azərbaycan dilinin real statusu artırılmalıdır. Bu gün nəinki rəsmi yerlərdə, hətta küçədə xalqımızın gündəlik söhbətlərini bir qədər dinlədikdən sonra düşünürsən ki, nə üçün bu qədər yad sözlər işlədilir? Niyə buna qarşı hər hansı tədbirlər həyata keçirilmir? Təbii ki, bunu inzibati yollarla etmək mümkün deyil. Amma məktəblərdən başlasaq, yavaş-yavaş, bəlkə də bir neçə ildən sonra dilimizi təmizləməyə nail ola bilərik.

İlham Məmmədzadə:

– Məktəb və dil məsələsi ictimai şüurda kifayət qədər müzakirə olunan məsələlərdir. Xarici dilləri bilmək çox mühüm məsələdir və biz çalışmalıyıq ki, bu sahədə müəyyən irəliləyişə nail olaq. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, biz xarici bloqlara və digər təsir vasitələrinə də təsir etməliyik. Biz öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Fikrimcə, bu, digər məsələlərdən daha vacibdir. Elmlə məşğul olanlar yaxşı bilirlər ki, elmdə xarici dil bilməmək nə qədər çətinlik yaradır. Düşünürəm ki, bu məsələ ön planda olmalıdır.

İkinci məqamı da qeyd etmək istərdim. Aydındır ki, bilik müstəqil olmalıdır. Bunu necə yaratmaq, buna necə nail olmaq mümkündür? Bu gün nə etmək lazımdır ki, sovet dövrünün bəzi ideoloji, elmi, ictimai-elmi və humanitar elmlərlə bağlı yanaşmalarından imtina edək? Düşünməliyik ki, dövlət müstəqilliyinin elmi və tarixi müstəqilliklə vəhdət təşkil etməsi üçün nə etmək lazımdır.

Biz tariximizə söykənməliyik. Tariximizdə həm xristianlıq, həm də böyük güc və digər amillər mövcud olub. Bu o deməkdir ki, Azərbaycan tarixində baş verənləri biz həm özümüzə dayaq kimi görür, həm də onun qoruyucusu oluruq.

Vüqar Rəhimzadə:

– Milli kimliyimizi dünyaya tanıdan, tariximizi, mədəniyyətimizi, mənəvi dəyərlərimizi gələcək nəsillərə ötürən əsas vasitələrdən biri məhz dildir. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı dilin milli kimliyin qorunmasındakı roluna xüsusi diqqət çəkərək qeyd etdi ki, dil milli kimliyimizi təsdiq edən ən mühüm xüsusiyyətlərdəndir.

– Buna görə də, ilk növbədə, öz ana dilimizi dərindən bilmək, onun zənginliyini dərk etmək və düzgün istifadə etmək vacibdir. Çünki dil xalqın tarixi yaddaşını, dünyagörüşünü və özünəməxsus düşüncə tərzini yaşadan, gələcək nəsillərə ötürən mənəvi sərvətdir. XIII əsrdən başlayaraq Azərbaycan türkcəsində yazılı ədəbiyyat nümunələri meydana gəlib, XIV–XVI əsrlərdə İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər sənətkarların yaradıcılığı ilə ədəbi dilimiz daha da inkişaf edib.

Onu deyim ki, Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində müxtəlif dövrlərdə mühüm addımlar atılıb. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunub. 2002-ci il sentyabrın 30-da isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib. Bu hüquqi sənədlər dilimizin dövlət və ictimai həyatın bütün sahələrində işlədilməsi, qorunması və inkişafı üçün mühüm əsas yaradır.

Müxtəlif dilləri öyrənmək, əlbəttə ki, lazımdır. Müasir dünyada yeni texnologiyaların tətbiq olunduğu, beynəlxalq əlaqələrin genişləndiyi, yeni münasibətlər sisteminin formalaşdığı bir dövrdə xarici dilləri bilmək həm elmi biliklərə çıxış, həm də fərqli mədəniyyətləri anlamaq baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, informasiya məkanında ideoloji mübarizənin gücləndiyi şəraitdə dil bilikləri informasiyanı ilkin mənbədən almağa, müxtəlif mövqeləri müqayisə etməyə və hadisələri daha düzgün qiymətləndirməyə imkan verir.

Bu gün Azərbaycan dilinin qorunması məsələsi rəqəmsal mühitdə də xüsusi aktuallıq kəsb edir. Sosial şəbəkələr, internet platformaları və süni intellekt texnologiyaları dilin istifadəsinə yeni imkanlar yaratmaqla yanaşı, müəyyən məsuliyyətlər də meydana çıxarır. Yazılı və şifahi nitqdə sözlərin düzgün işlədilməsi, orfoqrafiya və qrammatika qaydalarına əməl olunması, Azərbaycan dilində keyfiyyətli elmi və publisistik məzmunun artırılması dilimizin müasir dövrdə inkişafına töhfə verir. Xarici sözlərdən zərurət olduqda istifadə etmək təbiidir, lakin dilimizdə qarşılığı olan sözləri səbəbsiz şəkildə əcnəbi ifadələrlə əvəz etmək onun ifadə imkanlarının zənginliyini gündəlik istifadədə kölgədə qoyur.

Xüsusilə gənc nəslin ana dilinə münasibəti bu baxımdan mühüm əhəmiyyət daşıyır. Gənclər xarici dilləri öyrənməklə yanaşı, Azərbaycan dilində də sərbəst, savadlı və məntiqli danışmalı, fikirlərini aydın ifadə etməlidirlər. Çünki ana dilini yaxşı bilmək həm də məlumatı düzgün anlamaq, müstəqil düşünmək, arqument ortaya qoymaq və öz mövqeyini əsaslandırmaq üçün əsas vasitədir.

Dəyirmi masa müzakirəsi göstərdi ki, bu gün dil məsələsi müstəqil dövlət və vətəndaş cəmiyyəti quruculuğunda xüsusi əhəmiyyətə malikdir və bu məqam Prezident İlham Əliyevin çıxışlarında ciddi surətdə ifadə olunur. 

"Xalqqazeti.az"